Allah onlayn nəziri qəbul edirmi? - “İslamda belə anlayış yoxdur”

2-02-2022, 18:17           
Allah onlayn nəziri qəbul edirmi? -
Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq. Belə ki, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Artıq Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcəklər.
Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcəklər.
Bəs onlayn nəzir qutuları hansı zərurətdən yarandı? Onlayn verilən nəzirlər Allah dərgahında qəbul olunacaqmı? Ümumiyyətlə, nəzirlər nəyə və necə xərclənməlidir?
Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Azər Badamov bildirib ki, ianələrin onlayn şəkildə edilməsi müasir dövrün çağırışlarına uyğundur və nağd şəkildə ianələrin edilməsi də qadağan olunmur:

“Texnoloji imkanların yaranması xidmətlərin onlayn şəkildə, yəni nağdsız qaydada həyata keçirilməsinə imkanlar genişləndirilib. Məsələn, bir insan öz evində oturduğu yerdən və ya da uzaqdan hər hansı ibadət yerinə könüllü ianə etməyini arzulayır. Təklif olunan qanun belə şəxslərin arzusunun reallaşdırılmasına imkan yaradır. Həm də bu vaxta qədər insanları həmişə verdikləri nəzirlərin taleyi maraqlandırırdı. İbadət yerlərinə ödənilən nəzirlərin hansı istiqamətdə xərcləndiyi hamını düşündürürdü”.
Millət vəkili vurğulayıb ki, qanunun qüvvəyə minməsindən sonra ibadət yerlərində yığılacaq ianələrin hesabatı veriləcək:
“Bura həm nağd, həm də nağdsız ianələr daxil olacaq. İanələrin xərclənməsi üçün də müəyyən istiqamətlər müəyyənləşəcək və o istiqamətlərdə sərf olunacaq. Məsələn, çoxlu ölkələrdə yığılan ianələrin bir hissəsini imkansız, kimsəsiz insanların təhsil almasına, xəstələrin müalicəsinə dəstəyə yönəldilir. Hətta imkansız insanların dəfn xərclərinin qarşılanmasında da dəstək göstərilir. Yəni, yığılan ianələrin həcminin müəyyən olunması və xərclənməsinin istiaqmətləri bilinirsə, insanlar daha çox ianə edə bilərlər. Yəni, ölkəmizdə Allahın yolunda imkansız insanlara əl tutmaq adəti mövcuddur”.
A. Badamov əlavə edib ki, bu gün yığılan ianələrin taleyi məlum olmadığından insanlar o qədər də könüllü ianələrə maraqlı deyillər:
“Qanunda bu məsələ ilə təklif olunan dəyişiklik bu günə qədər mövcud qaranlıq məqamların aradan qalxmasına və hesabatlılq mühiti yaranmaqla şəffaflığın təmin olunmasına töhfə verəcək”.
Millət vəkili Ceyhun Məmmədov sözügedən məsələ ilə bağlı bunları deyib:

"İanələrin onlayn formada olmasında əsas məqsəd şəffaflığın, hesabatlılığın təmin olunmasıdır: Vətəndaşların müasir qaydada nəzir ianə etməsi önəmlidir və buna şərait yaradılır. Burada məqsəd şəffaflığın, hesabatlılığın təmin olunmasıdır. Məscidlərdə nəzir qutularının olması bütün müsəlman ölkələrində var. Lakin bunların hamısında xüsusi qəbzlər və çeklər verilir. Ümumiyyətlə, nəzir qutuları həm məscidlərin maliyələşdirilməsinə, onların maddi imkanlarının yaxşılaşdırılmasına töhfə verəcək. Həm də onlayn qaydada ianələr vətəndaşların inam və etibarını bərpa edəcək. Adətən suallar olurdu ki, bu ianələr harqa gedir? Bunlar hansı məqsədlə istifadə olunur? Artıq bu, məsələyə də aydınlıq gətiriləcək. Həmçinin bu, vəsaitlərdən imkansızlara, xəstə insanlara, tələbələrə vəsaitlər ayıra bilərik. Bu da dünyanın əksər ölkələrində çox geniş yayılmış metoddur. Yəni, bu gün dövlətlə bərabər məscidlərin, ibadət yerlərinin də bu prosesdə iştirakı çox önəmlidir. İnanırıq ki, Azərbaycanda bu istiqamətdə işlər müsbət məcrada inkişaf edəcək”.
İlahiyyatçı Tural İrfanın fikrincə, dinimizə görə ənənəvi islamda nəzir anlayışı yoxdur və Məhəmməd Peyğəmbər (s.ə.s) dövründən, son əsrlərə qədər islam tarixinə nəzər salanda nəzir qutuları, nəzir vermək, məscidlərə nəzir qoymağa rast gəlmirik:

“Bu dində olsaydı Peyğəmbərimiz Mədinə məscidinə, yaxud Kəbədə bir nəzir qutusu qoyardı. Bilirik ki, islamın ilkin mənbəyi oradır. Bu sonradan, başqa dinlərdən keçmiş istismarçı ruhanilərin özlərini dolandırmaq, xalqdan pul soymaq üçün yaratdıqları bir ənənədir. Daha doğrusu, xristianlıqdan keçmədir. Nəzir yığmaqla yanaşı, yas yerlərində mollalıq edərək pul almaq da islamda yoxdur. Əksində “Qurani-Kərim”də deyilir ki, Allahın kəlamını dünya malına, puluna satmayın.
Lakin indi nəzir məsələsini, müasir, elmi dildə desək ianə adlanır. Dində isə sədəqə anlayışı var. Eyni zamanda nəzir məsələsi artıq bizim xalqın ənənə və mentalitetinə çevrilib. Hərçənd dində olmasa da, bunu qadağan etmək də mümkün deyil. İndi bütün pirlərdə, nəzir qutularını görmək olar. Amma nəzirlərin onlayn verilməsinə gəldikdə isə, bilirsiniz ki, dünya müasirləşir, artıq getdikcə bütün alış-verişlər, digər əksər məsələlər onlayn kartlar vasitəsilə həyata keçirilir”.
İlahiyyatçı qeyd edib ki, nəzir məsələsinin onlayn formada ödənilməsinin heç bir problemi yoxdur:
“Əksinə, bu, insanlara rahatlıq bəxş edir. Tutaq ki, hansısa bir xəstəyə başqa rayonlardan, xaricdən yardım etmək istədikdə, adını nəzir, ianə, yardım nə qoyarsaq-qoyaq, bunu kart vasitəsilə müəyyən aparatlarlardan köçürdülər. Yəni, onlayn nəzirlər də bu formada olacaq. Məsələn, nəzir qutularının yerinə milli ödəmə aparatları qoyulacaq və yaxud başqa bir şeylər ola bilər ki, insanlar məscidin yanından keçəndə aparat vasitəsilə ödəmə edəcək. Yaxud da uzaq məsafədən onlayn fomada həmin ünvana ödəyəcək. Madam ki, nəzirlərin onlayn fomada ödəməsi formalaşıb, bunun bir qəbahəti yoxdur. Ümumiyyətlə, Allah dərgahında edilən yaxşılıqların hamısı məqbul edilir. Bunu onlayn formada edəsən, ya da əlbəəl verəsən fərqi yoxdur. Əsas mahiyyət o nəzirlərin hara getməsidir. Onun hara, hansı mənbəyə daxil olacağını bilmək lazımdır”.
T. İrfan vurğulayıb ki, kimlərsə pirlərdə biznes şəbəkəsi qurub, milyonları yığırlar:
“Bizim ölkəmizdə də müxtəlif böyük pirlər var ki, insanlar ora axışır. Xüsusilə məhərrəmlik və başqa vaxtlarda ora milyonlarla pullar toplanır. Amma o pulların hara getdiyi bilinmir. Həmçinin onların hesabatı verilmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.