Ukraynanın başına açdıqlarını bizə də etməyəcəklərinə kim zəmanət verə bilər?

4-02-2022, 09:08           
Ukraynanın başına açdıqlarını bizə də etməyəcəklərinə kim zəmanət verə bilər?
"Şuşa Bəyannaməsi Azərbaycanın müstəqilliyinin qarantıdır".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, bundan sonra Türkiyə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantıdır:

"Şuşa Bəyannaməsi Azərbaycanın yerləşdiyi geostrateji ərazidə müstəqilliyimizin, suverenliyimizin və hər hansı xarici təhlükəyə qarşı müdafiə olunacağımızın qarantıdır. Məhz bu cür razılaşmanın daha öncə imzalanması Azərbaycanı Vətən müharibəsində beynəlxalq təhdidlərə, açıq hərbi müdaxilələrə qarşı rahat şəkildə mübarizə aparmağa, ərazilərini işğaldan azad etməyə şərait yaratdı. Nəzərə alın ki, əgər Türkiyə ilə razılıq olmasaydı, Azərbaycanda yerləşdirilmiş F-16 qırıcıları olmasaydı, Azərbaycana Türkiyənin dövlət rəhbərliyi, Prezident, baş nazir və TBMM tərəfindən dəstək ifadə olunmasaydı, biz ümumiyyətlə İkinci Qarabağ müharibəsinə başlaya bilməyəcəkdik və ya uğurlu şəkildə davam etdirmək mümkün deyildi.

Əlbəttə ki, bu Bəyannamədə bütün məqamlar əks olunmaya bilər. Amma burada əsas məsələ odur ki, bundan sonra Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün, eyni şəkildə xarici müdaxilələrə qarşı müdafiəsinin qarantı məhz Türkiyədir, bu məsələnin bir tərəfi. Digər tərəfi isə, Azərbaycanın suverenliyinin zəmanəti olan bu müqavilə xüsusilə son günlərdə dövlət çevrilişi vasitəsilə Qazaxıstanda hakimiyyətin dəyişdirildiyi bir dönəmdə, Moldovada rusiyameylli prezidentin məhz avropameylli baş nazir hökümətini dövlət çevrilişi ilə ləğv etmək istədiyi bir dönəmdə, Tacikistanın silahlandırılaraq Qırğızıstanın üzərinə yeridilməsi və Qırğızıstanda dövlət çevrilişnə hazırlıq görüldüyü bir dönəmdə, Belarusda daxili iğtişaşlarla Belarus lideri Lukaşenkonun Rusiyanın şərtlərini qəbul etməyə vadar edildiyi bir dövrdə, bütün bölgədə belə proseslərin getdiyi bir dövrdə, MDB-nin yenidən yeni bir Sovet İttifaqı modelinə keçirilməsinin aktiv gündəmdə olduğu bir dövrdə əlbəttə ki, Azərbaycanın bu qarantının əhəmiyyəti daha da artır. Və əlbəttə ki, Azərbaycanın belə bir qarantı olmasa biz Ukraynada, Belarusda, Moldovada, Qazaxıstanda, Qırğızıstanda həyata keçirilən bu ssenarilərin Azərbaycanda da oxşarının reallaşdırılmasına çalışılmadığını və bundan sonra çalışılmayacağına kim təminat verə bilər?! Bütün bunlar açıq-aşkar ortadadır, biz bunları görürük.

Azərbaycanın təxminən imzalandıqdan 1 ilə yaxın bir müddət sonra Şuşa Bəyannaməsini təsdiq etməsi, Milli Məclisdə ratifikasiya etməsi, amma 10 noyabr bəyanatının hələ də ratifikasiya edilməməsi də açıq şəkildə bir mesajdır. Burada açıq fərq ondan ibarətdir ki, biri bizim dostumuz, qardaşımız, müttəfiqimiz, hər dar məqamda yanımızda olan bir ölkə ilə müttəfiqlik Bəyannaməsidir, digəri isə bizim qələbəmizin son anda başa çatdırılmasına imkan verilmədən, qələbə tam kapitulyasiya ilə - 35 min erməni əsgərini əsir götürməklə yekunlaşdırmağa yaxın olan bir dövrdə Rusiyanın dəxlisiz kənar müdaxiləsi ilə bizi hansısa şəkildə planımızı həyata keçirməkdən çəkindirən, səmamızda ballistik raketlərin partladığı, Gəncənin qadağan olunmuş raketlərlə dağıdıldığı dönəmdən sonra imzalanmış bir müqavilədir.

Sülh bəyanatı adlandırılan 10 noyabr üçtərəli bəyanatı yəqin ki, Azərbaycan parlamentində hələ yaxın müddətdə də ratifikasiya edilməyəcək. Bu müqayisə Şuşa Bəyannaməsinin bizim üçün əhəmiyyətini bir daha vurğulamaq üçün kifayət edir".

Təhməz Əsədov
Milli.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.