"İslam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur" - ilahiyyatçı

4-02-2022, 10:20           
 "İslam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur" - ilahiyyatçı
"İslam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur"
Cəmiyyətin zaman-zaman dini tələblərə nə dərəcədə düzgün riayət etməsi, inanclardan irəli gələrək insanların Allah yolunda verdiyi ianələr, qutulara atılan nəzirlərin hara xərclənməsi ilə bağlı müzakirələr bu gün də aktualdır. Xəbər verildiyi kimi, dini qurumlarla iş, eləcə də ianə edilmiş pul vəsaitlərinin hər hansı formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək. Teref.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı hafta.az-a danışan ilahiyyatçı Tural İrfan mühüm məqamlara diqqət çəkib.

- Tural müəllim, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Bu cür onlayn “nəzir toplama” sistemi ilə dini sahədə olan hansı problemləri həll olunacaq?

- İslam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur. Sadəcə, xalqın çoxillik ənənəsinə görə Allah yolunda müəyyən sədəqələr, ianələr, nəzirlər verilir. Dini qanunda bu, ianə olaraq göstərilir. Digər tərəfdən, məscidlərə verilən nəzir və pirlərə verilən nəzirlər mövcuddur. Pirlərə verilən nəzirlərin birmənalı şəkildə əleyhinəyəm, dinimizə ziddir. Pirlərə verilən nəzirlərin 90 faizi səmərəli yerlərə xərclənməyib. Pirlərdən biznes kimi istifadə edən şəxslər yığılan pulları həmin regiona baxan Qafqaz Müsəlmanları İdarəsinin hansısa kuratoru, ya da yerli bələdiyyə məmurları, icra hakimiyyətinin hansısa şöbələri ilə birgə özləri üçün xərcləyiblər. Bir dəfə də şahidi olmadıq ki, Mirmöhsün Ağanın ziyarətgahında yığılan pullarla hansısa şəhid ailəsi, qazi, yetim-yesir ziyarət edilsin. Məscidlərə verilən ianələr, nəzirlər kömək xarakteri daşıya bilir. Kimsə məscidin yanından keçəndə istəyir ki, aparıb ora 5 manat pul qoysun. Məscidə verilən həmin pulların çoxu əsasən onların kommunal xərclərinə gedir. Elə məscidlər də var, orada ianələr toplanmır. Rayonlarımızda minlərlə məscid var ki, kommunal xərcləri, təmiri, bərpası ilə bağlı bunlara yerli bələdiyyələr, icra hakimiyyətlər tərəfindən vəsait ayrılmır. Bu məscidlər o nəzirin, ianənin ümidinə qalırlar. Ağdaşda Hacı Osman məscidi var, borca görə işığını kəsmişdilər...

Bu baxımdan, bu qərarın qəbul olunmasını alqışlayıram. İstənilən halda başqa sahələrdə olduğu kimi, din sahəsində də islahatlar aparılmalı idi. “Dini etiqad azadlığı haqqında” qanunu din sahəsində aparılan islahatların birinci mərhələsi hesab etmək olar. Bu qanunun bir tərəfi də axund və imamların təyinatının Dini Qurumlar üzrə Komitəyə verilməsidir.

- Bu dəyişikliklə Qafqaz Müsəlmanları İdarəsi dini qurumlarla bağlı siyasətdən nə dərəcədə uzaq saxlanılır?

- Ölkəmizdə Dini Qurumlarla İş üzrə Komitə ilə Qafqaz Müsəlmanları İdarəsinin işi “TƏBİB”lə Səhiyyə Nazirliyinin fəaliyyətinə bənzəyir. Bu idarələri yaratmışdılar ki, bir-birlərinə dəstək olsunlar. Bunlar isə aralarında “soyuq müharibə” aparırlar. Qafqaz Müsəlmanları İdarəsi Rusiya və İranın təsirində olan bir qurumdur. Qurum 30 illik nüfuzu olan bir nəfərin ümidinə qalıb ki, o da Şeyxülislamdır. İdarənin sonrakı aqibəti necə olacaq, bilmirəm. Din xurafata çevrilib, qəbiristanlıq mollaları meydana gətirib. Qədim dini alimlərimiz olub - Bərdəlilər, İrəvanilər, Bərdicilər... Bu gün dini dükanlarda Azərbaycan filosoflarının, ilahiyyatçılarının kitabları yoxdur. Hamısı İranın, hətta orada inqilab edib dövlət quran siyasi rəhbərlərin kitablarıdır. Bunlar məhz bu idarənin maliyyəsi, təbliği ilə Azərbaycanda kitabxanalara paylanılır. Məsələlərin tənzimlənməsi üçün Dini Komitəyə daha çox səlahiyyət verilməli idi. Nəzir, məscidlərin düzgün idarə olunması məsələləri QMİ-də idi və onlar bu işlərə maddiyyat üzərindən baxırdılar. Ümid edirəm, QMİ-nin bütün səlahiyyətləri komitəyə verilsə, din bir mərkəzdən idarə olunar.

Qanunla QHT-nin hansısa rayona axund, dini lider təyin etməsi absurd məsələdir. Qafqaz Müsəlmanları İdarəsi indiyədək 1 qəpik də vergi ödəmiyib. Onların rayon məscidlərində yüzlərlə, minlərlə işçiləri var. Mən özüm də o idarədə işləmişəm. Onlar Azərbaycanın dövlət qanunlarının əksinə olaraq, İran qanunları ilə işləyiblər. İranda ruhanilərə böyük imtiyazlar verilir. Orada ruhanilər vergidən azaddır, mollalar nə istəyir edə bilərlər. Vaxt var idi, QMİ-nin nəzdində İslam Universiteti fəaliyyət göstərirdi. Mən orada müəllim işləmişəm. Bir müəllim belə dövlətə vergi ödəmirdi. Maraqlı burasıdır ki, dövlət qurumları buna göz yumub.

- Qanuna təklif olunan bu dəyişiklik sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına hansı töhfəni verəcək?

- Bəzən Qafqaz Müsəlmanları İdarəsi “Bizim səlahiyyətlər yoxdur”, - deyib onlara daha böyük səlahiyyətlər verilməsini istəyirdilər. Deyirdilər ki, qeyri-hökumət təşkilatı olduqlarına görə, bəzi məsələlərdə güc göstərə bilmirlər və sair.

Bu idarə hansısa məscidə imam, axund təyin edəndə daha çox nəyə diqqət çəkirdi? Kimisə Xırdalan şəhərinə imam təyin etmək lazım gəlirdi. İdarədə şeyx deyir ki, “Sən get həmin məsciddə insanların etimadını qazan, onlar əgər səni istəsələr və yerli icra hakimiyyəti rəy yazarsa, Qazılər Şurası qazılıq verərsə, səni ora göndərərəm. Həmin şəxs gəlib görür ki, Xırdalanda məsciddə namaz qılanların hamısı İranın müctəhidlərini təqlid edən mollalardır. Həmin şəxslər də deyirlər ki, “Sən Azərbaycan hökumətinə tabe olan adamsan, dövləti dəstəkləyirsən. Səni imam olaraq istəmirik, bizə İranda - Qumda oxumuş adam lazımdır.

Qafqaz Müsəlmanarı İdarəsi öz iş strukturunu belə qurub. Səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə versələr, inanıram ki, nöqsanlar aradan qalxacaq. Şükür Allaha, komitədə çalışanlar milli dövlətçilik ideyalarına sadiq olan insanlardır. QMİ-də elə insanlar görmüşəm ki, müqayisə aparanda komitədə olanları peyğəmbər hesab edirsən. Məscidlərə imamların təyin olunmasını komitə təyin edəcəyi təqdirdə, vəziyyət tənzimlənəcək.

- Cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedib. Son vaxtlar isə məscidlərə verilən ianələr, YAŞAT fonduna verilən ianələrlə müqayisə olunur. Sizcə, inanclı insanların öz ruh dünyalarına uyğun olaraq məscidlərə, pirlərə verdikləri nəzirin-ianənin ruhu ilə, YAŞAT fonduna verilən ianələrin ruhu nə dərəcədə yaxındır? Bu müqayisə düzdürmü?

- Adı nə olur-olsun - nəzir, sədəqə, ianə, əgər onun hara xərcləndiyi məlumdursa, verilməsində heç bir problem olmamalıdır. Əgər nəzir öz məqsədinə çatmırsa, həmin quruma pul ödəməyin özü belə haramdır. O fonda yığılan pulun bir məmur tərəfindən mənimsənildiyini bilirəmsə, amma bunu bilə-bilə ora ianə verirəmsə, bu, günahdır. Məscidlər üçün yığılan nəzir-niyazı da buna aid etmək olar. Nə qədər ki, dövlət dəstəyi yoxdur, məscidlərə ianələrin verilməsində bir qüsur görmürəm.

Bilirsiniz, dünya müasirləşir. Bir azdan bütün alqı-satqı əməliyyatları onlayn sistemə keçəcək. Ona görə onlayn ödəmələri də bu mənada normal hesab edirəm. Dövlət məscidlərə dəstək verəndən sonra nəzir yığmağın da bir əhəmiyyəti qalmayacaq.

- Yüzillərlə formalaşan, az qala, ənənəyə çevrilən belə ianələrin verilməsinin qarşısını necə almaq olar?

- İnsanların inancları da gərək yaşadıqları ölkənin qanunlarına və milli adət-ənənələrinə uyğun olsun. Mənfi nəticələr verən amillər insanların adətindən silinməlidir. O zaman dini qurumlar nəyə lazımdır?! Dinimizin düzgün təbliği ilə bağlı təşviqatçılarımz, ilahiyyat adamlarımız nəyə lazımdır?! Bizim xalqın adət-ənənələrində də çox qüsurlu tərəflər var.

Tovuzda 18 metrlik ortadan ikiyə parçalanmış bir qaya var. Camaat ora nəzir-niyaz tökür, qurbanlar kəsir. Deyirlər ki, Həzrət Əli gəlib orada hirslənib, qılıncla vuranda qaya yarılıb. Bunun nə mahiyyəti var axı? İnsanlar isə gedib orada qurban kəsirlər. Bu da xalqın ənənəsidir. Beyləqanda pir var- Cərçis peyğəmbər. Həmin pirin ortasında zəncir var, guya həmin zəncir Peyğəmbərin kəməridir. Qadınlar ora kəlayağı atırlar. Əgər kəlağayı zəncirdə qalsa, demək, arzusu yerinə yetəcək. Bunlar ənənədirsə, İslama ziddir. Bu mövhumatçılıq dindarların illərlə insanları istismar etdiyi siyasətdir. Cəlil Məmmədquluzadənin əsərlərində mollaların hansı oyunlardan çıxdıqlarını görürük.

...Məscidlərdə Allah yolunda verilən pul da ianədir, “YAŞAT” fonduna verilən də ianədir. Mahiyyət baxımından “YAŞAT”a ötürülən ianələr daha savabdır. “YAŞAT” fonduna ötürülən pullarla hansısa qaziyə, şəhid ailəsinə yardım edilir. Məscidlərə, pirlərə ötürülən pulların sonrakı aqibəti bilinmir. Bilirik ki, əgər məscidə 50 manat ötürülürsə, onun 30 manatı mollaların cibinə gedir.

- Qanunda hansı dəyişikliyin olmasını təklif edərdiniz?

- Din adı ilə yaranan radikal qruplar zaman-zaman cəmiyyətdə vəziyyətin gərginləşməsinə təsir göstəriblər. Bütün neqativlərin kökü yol verilən nöqsanlardır. Dini siyasətdə proseslərin tənzimlənməsinə böyük ehtiyac var. Tək bir qanunla yox, böyük bir konsepsiyanın qəbul olunmasına ehtiyac var. Bu sırada başlıca məsələ Azərbaycanın milli-dini modelinin formalaşdırılmasıdır.

Türkiyədə Osmanlı ənənəsindən gəlmə İslam modeli var. İranda, Ərəbistanda da özlərinə uyğun dini modellər mövcuddur. Azərbaycanın isə özünün İslam modeli yoxdur. Azərbaycanda din qazanı daim qarışdırıb. Dinimizdə hər yerdən gələn fərqli nümunələr var. Məsələn, həmişə orucluq, məhərrəmlik aylarında insanlarımız çaşbaş qalırlar. Ruhani orucluğun, məhərrəmliyin nə vaxt başlandığı haqqında müstəqil fətfa verə bilmir. Başqa-başqa tərəflərə işləyirlər. Azərbaycanda İslam modeli yaranmamış, dinimiz vasitəsilə dövlətimizə müxtəlif yanlardan təsirlərin olduğunu görəcəyik. Bunlar bütün məscidlərdə kök salıb beyinləri zəhərləyiblər.

Din dövlətdən ayrı olsa da, təhlükəsizliyimiz, gələcək nəslin dinimizə ehtiram və sevgi ilə yanaşması üçün qurumlara nəzarət artırılmalı və İslam dini xurafat, mövhumatçılıqdan uzaqda saxlanılmalı, təbliğ, təşviq olunmalı, insanlar İslam dininin mahiyyətini anlamalıdır...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.