Namik Ələskərov: "Bursaspor"la Türkiyə Super Liqasına vəsiqə qazanmaq istəyirəm"

4-02-2022, 12:37           
Namik Ələskərov:

"Təlim-məşq toplanışı yaxşı keçib və müsbət əhval-ruhiyyədə hazırlaşmışıq".

"Report"un məlumatına görə, bunu Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Lifebursa" nəşrinə müsahibəsində deyib.

27 yaşlı yarımmüdafiəçi fiziki və taktiki hazırlıqlara önəm verdikləri bildirib: "Məncə, toplanış çox yaxşı keçib. Bunun bəhrəsini növbəti oyunlarda görəcəyik".

Ələskərov "timsahlar"a keçərkən çempionluğu hədəflədiklərini söyləyib: "Amma hazırda pis vəziyyətdəyik. Hədəflədiyimiz yerdə deyilik. Bu, mənim üçün bir az çətin oldu. "Bursaspor"un necə böyük klub olduğunu bilirik. İnanırıq ki, bu vəziyyətdən çıxacağıq və daha yaxşı yerlərə gələcəyik".

Yarımmüdafiəçi qarşılaşmalarda standart vəziyyətlərdən fərqlənmək istədiyini də sözlərinə əlavə edib: "Bu mövsüm oynadığım oyunlarda bir penalti olub, onu da qolla nəticələndirdim. Bundan əlavə, başqa cərimə zərbəsi və penalti vurmaq şansım olmayıb. Amma olsa, mən də bu fürsəti dəyərləndirmək istəyərəm".

Ələskərov karyerası ərzində əsasən sağ cinahda oynadığını diqqətə çatdırıb: "Ötən mövsüm keçmiş komandamda bütün görüşlərdə hücumçu mövqeyində çıxış edirdim. Seçim etmək çətindir, amma özümü hücumda daha rahat hiss edirəm".

Oyunçu Bursa təmsilçisində rəhbər dəyişikliyinin olacağına da münasibət bildirib: "Bu mövzunu komandada məşqçilərlə danışdıq. Bütün diqqətimizi oyunlara verməliyik. Bizim işimiz meydandadır. Meydanda əlimizdən gələni etməliyik. Konsentrasiyamızı meydandan kənar məsələlərlə pozmaq istəmirik. Meydandan kənar məsələlərlə çox maraqlanmırıq".

Təcrübəli futbolçu "Bursaspor"un baş məşqçisi Tamer Tuna haqqında fikirlərini bölüşüb: "Onun bizimlə olduğunu hiss edirik. Oyunçulara motivasiya və dəstək verir. Məncə, çox yaxşı baş məşqçidir. Azərbaycanda hər kəs "Bursaspor"un nə qədər böyük komanda olduğunu bilir. Bu mövsüm istədiyimiz kimi olmadı. Amma inanıram ki, düzələcək".

Ələskərov uzun müddət bu komandanın formasını geyinmək istədiyini deyib: "Uzun müddət "Bursaspor"da oynamaq istəyirəm. Burada həqiqətən xoşbəxtəm. Ümid edirəm ki, bu il bütün problemlər həll ediləcək və qarşıdakı mövsümdə daha iddialı olacağıq, mən də burada oynamağa davam edəcəyəm".

Yarımmüdafiəçi cari mövsüm komandada çoxlu baş məşqçi dəyişikliyi olduğunu xatırladıb: "Hər məşqçinin fərqli istəyi var. Ötən mövsüm iki hücumçudan biri kimi meydana çıxırdım. Bu səbəbdən qol vurmağa daha yaxın idim. Bu mövsüm isə cinahda oynayıram. Mənim məqsədim komandaya daha çox fayda verməkdir. Daha çox qol vurub və məhsuldar ötürmə etmək istəyirəm. Hazırda ən önəmli hədəfimiz bu vəziyyətdən çıxmaq və aşağı pillələrdən xilas olmaqdır. Ondan sonra isə xallar toplayaraq üst pillələrə qalxmaq niyyətindəyik. "Bursaspor"a gələndə Superliqaya çıxmağı xəyal edirdim. Bu mövsüm olmadı. Hazırkı durum bunu göstərir. Amma ardıcıl qələbələr qazansaq, hər şey ola bilər. Bu dəfə alınmasa, növbəti növsüm "Bursaspor"la Superliqaya vəsiqə qazanmaq istəyirəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.