“Narkoman həyat yoldaşını narkotikə ona görə cəlb edir ki...” - BELƏSİ DƏ VAR...

8-02-2022, 16:37           
 “Narkoman həyat yoldaşını narkotikə ona görə cəlb edir ki...” - BELƏSİ DƏ VAR...
“2021 Dünya Narkotik Hesabatı”na görə, dünyada 275 milyon insan narkotik qəbul edib və 2010-cu ildən bu yana narkotik istifadəçilərinin sayı 22 faiz artıb.

Hesabatda narkomaniyaya bağlı xəstəliklərdən əziyyət çəkən və müalicə gözləyənlərin sayında nəzərəçarpacaq artım olduğu göstərilir və 2019-cu ildə 36 milyon insanın bu maddələrin istifadəsi səbəbindən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilib.Narkotiklərin Asiyada, başda Cənub-Qərbi Asiyada olduğu göstərilir. Qlobal qeyri-qanuni narkotik istehsalının 90 faizindən çoxunun həyata keçirildiyi yer məhz Asiyadır. 2019-cu ildə dünya üzrə bütün narkotiklərin (narkotik, morfin və heroin) 76 faizi Asiyada müsadirə edilib. Ən çox narkotika ələ keçirilən ölkə isə 52 faizlə İran olub. Asiyadan kənarda ələ keçirilən ən böyük miqdarda heroin və morfinin 2019-cu ildə dünya üzrə ümumi həcminin 27 faizini Avropa təşkil edir.

Bu miqdar 2016-cı ildən 2019-cu ilə qədər üç dəfə artaraq rekord həddə çataraq 32 tona çatıb. Dünya miqyasında narkotik istehlakının 2030-cu ildə yüzdə 11 artacağı, ən yüksək artımın isə 40 faiz ilə Afrikada yaşanacağını göstərilir. Narkotik maddə asılılığında xüsusilə işsizlik və yoxsulluğun həlledici rol oynadığı və 2030-cu ildə aşağı gəlirli ölkələrdə 43 faiz, orta gəlirli ölkələrdə 10 faiz artım, 1 faiz azalma olacağı qeyd edilir. Qeyd edək ki, ölkəmizdə narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də narkotikadan istifadə ilə bağlı mübarizə tədbirləri aparılsa da hələ də bu sahədə problemlər qalmaqdadır. “Cümhuriyət” qəzetinin müsahibi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloq Zamin Əliyevdir.

DİA.AZ müsahibəni təqdim edir.

- “Ağ ölüm” adlandırılan narkomaniyanın digər xəstəliklərdən əsas fərqlərindən biri odur ki, bilərəkdən başqasını cəlb edir, bu yola təhrik edirlər. Bu narkomaniyanın bir xüsusiyyətidir?

-Ümumiyyətlə, narkotik maddədən asılı olan şəxs bir müddətdən sonra maddi vəsaitləri tükənir. Yəni narkotik maddə almaq üçün vəsait əldə edə bilmir. Ondan sonra məcburiyyət şəklində yeni bir şəxsi narkotikdən asılı hala salır ki, onun maddi vəsaitindən istifadə edə bilsin. Bir qrup ailələrdə belə hallar olur ki, narkotik maddə qəbul edən şəxs öz ailəsini, hətta həyat yoldaşını narkotikaya cəlb edir ki, onun narkotik qəbul etməsinə problem yaratmasın. Yaxud narkotik qəbul etmiş şəxs artıq ətrafı düşünə bilmir, sadəcə özü, maddi vəsait əldə etmək haqqında fikirləşir. Bu baxımdan belə şəxs yeni narkotik maddə qəbul edənlərin sayına təsir edir, onları aludəçisinə çevirə bilir.

-Narkomanlarla bağlı iki fikir formalaşıb ki, əsasən imkanlı ailələrin övladları, yaxud yoxsulluq, problemlər onları bu yola sövq edir. Bu xəstələr arasında hansılar üstünlük təşkil edir?

- Burada bir sıra səbəblər, fərdi xüsusiyyətlər, bioloji göstəricilər, sosial səbəblər var. Bəzi şəxslər var ki, bunlarda anadangəlmə ağıl zəifliyi var. Psixi xəstəliyə meyillik, nevrotik pozuntular var. Belə insanlar daha çox narkotik maddə qəbul etdikdən sonra onun samotik vəziyyəti rahatlaşır ki, bu bioloji səbəb ola bilər. Yaxud sosial səbəblərdən, ailə üzvlərindən hər hansı birinin narkotik maddə qəbul etməsi, natamam ailə- valideynlərindən birinin olmaması, bundan başqa valideynlərin uşaqlarının maddi vəziyyətinə nəzarət etməməsi, pulu verib nəzarət etmir ki, onu hara xərclədi, asudə vaxtında harada olur. Bir sıra fərdi xüsusiyyətlər var və qeyd edilən göstəricilərdən də aydın olur ki, bu, yalnız imkanla bağlı deyil. Elə fərd var ki, yeni bir maraq axtarmaq xüsusiyyətidir. Qrupun təsirinə düşə bilir, “yox”demək qabiliyyəti yoxdur və s. Bunlar narkotikaya meyilliyin müəyyən səbəbləridir. Burada maddi vəsaitin olması təkcə şərt deyil. Belə bir fikir də ola bilər ki, həddindən artıq maddi vəsaiti var, artıq yer tapa bilmir, həyat maraqsızdır. İstədiyi hər şeyə nail olub, artıq yeni maraq axtarır. Bu, dolayı səbəbdir. Bu gün bizə müraciət edən xəstələrin əksəriyyəti maddi imkanı zəif olan insanlardır. Müəyyən müddət dolanışıq baxımından, hansısa gəlir gətirən bir işdə çalışırsa, ola bilər ki, kənardan onu narkotik aludəçiləri özlərinə cəlb etsinlər.

-Spirtli içki aludəçiliyinə müxtəlif yaşlarda başlanılsa da narkotikaya adətən gənclərdə daha çox rast gəlinir. Bunun səbəbi nədir?

-Statistik göstəricilərə baxsaq, 50-55 yaşlarında da yeni narkotik istfadəçisinə çevrilənlər var. Sadəcə narkotik haqqında məlumatın az olması, insan orqanizminə təsiri, ziyanları, fəsadları haqqında məlumatı olmayan hər bir yaşlı insanın asılılıq vəziyyətinə gəlib çatmasını biz görə bilirik. Lakin gənc yaşlarda bəzi yaş hədləri var ki, insan o yaşda tam püxtələşmir, dünyagörüşü tam formalaşmır. O yaşda insanların ziyanlı vərdişlərə meyil göstərməsinə daha çox rast gəlirik. Məsələn, 30 yaşda insan artıq çox məlumatı var, ailə qurur, qazanc gətirmək haqqında fikirləşir. Ancaq gənc yaşda olan insanlar asudə vaxtları daha çox olur, dostların əhatəsində olur və az məlumatı varsa onun pozulma ehtimalı daha çoxdur. Hər spirtli içki qəbul edən şəxs asılı demək deyil. Onun özü bir xəstəlikdir. Yəni çox insan spirtli içki qəbul edir, ancaq biz onu alkoqolizm xəstəliyindən asılı olan insan kimi qiymətləndirmirik. Lakin narkotik maddəni qısa müddətdə qəbul etmək kifayət edir ki, ondan asılılıq yaransın.

-Onlar etiraf edirlərmi ki, narkotikdən gəlir əldə etmək, yoxsa tələbat kimi istifadə edirlər?

-Narkotikdən gəlir əldə etmək istəyənlər narkodilerlərdir. Onlar sadəcə satan insanlardır və fikrimcə, özləri istifadə etmirlər. Lakin bir müddət keçdikdən sonra narkotik istifadə edən şəxs öz narkotikini əldə edə bilmirsə, maddi vəsaiti çatmırsa, bu işlərlə məşğul ola bilir. Yəni yeni narkotik istifadəçisini tapır, onun əli narkotikə çatmırsa, ondan maddi vəsait alır, sonra həm özü, həm də narkotik alır. Bu, narkotik ticarəti deyil. Sadəcə öz nakotik maddəsini əldə etmək üçün məcburi düşdüyü bir vəziyyətdir.

-Bu gün narkotik istifadəçiləri ilə bağlı ən qorxulu göstərici hansıdır?

-Əvvəlki illərə nisbətən gənclər arasında narkotik istifadəçiləri sayında bəzi dəyişiklik, artım var. Əbəttə ki, qorxulu haldır. Çünki bu gün 30-45 yaş arasında narkotik istifadəçilərinin sayı çoxdursa, bunların öz ətrafında olan insanları narkotik aludəçisinə çevirmək şansından söhbət gedir. Ancaq 15-17 arasında narkotik maddə qəbul edən şəxs ya orta, ya da ali məktəb tələbəsidir və onun ətrafında olan gənc insanları da öz əhatəsinə salmaq ehtimalı çoxalır. Yəni gənc yaşda narkotik maddə qəbuledicilərin sayı artdıqca onun əhatəsinin də genişlənmə ehtimalı artır. Əlbəttə ki, bu, böyük bir təhlükədir, bəladır.

-Narkotikdən istifadə bir sıra xəstəliklərin, xüsusilə də son illər QİÇS-in artmasına səbəb olur.

-Bir sıra infeksion xəstəliklər var ki, onlar sırf qan təması ilə keçir. İnneksion yolla narkotika qəbul edən şəxslər arasında, qan kontaktı yolu ilə bu infeksiyaların yayılma ehtimalı çoxdur. Nə qədər çox insan bir “şpris” vasitəsilə narkotika qəbul etsə, onun vasitəsilə yoluxucu virus xəstəliklərin yayılma ehtimalı da çoxalır. Narkotik vasitə istifadəçilərinin sayında artım olması bu xəstəliklərin artmasına da səbəb olur.

-Müalicəyə cəlb edilən narkotik istifadəçiləri arasında bu problemdən xilas olmaq, sağalmaq istəyənlər çoxdur, yoxsa əksinə....

- Bizdə əsasən müalicə könüllüdür. Eləcə də məhkəmənin qərarı ilə məcburi müalicə var. Könüllü müraciət edənlər də var ki, bir müddətdən sonra müalicədən imtina edirlər. Adətən könüllü müraciət edənləri qəbul edib, tibbi yardım göstəririk. Bu, xroniki xəstəlikdir. Burada sağalma sözünü işlətmirik. Biz uzun fasilədən danışırıq. Uzun fasilə verən, illərlə narkotikdən tam imtina edən xəstələr var. Lakin bu, ümumi sayda böyük göstərici deyil. Dünya statistikasına görə 5-10 faiz uzun fasilə verən xəstələrin sayı göstərilir. Belə hallar var, lakin bu, uzun bir prosesdir, buna çox vaxt sərf olunmalıdır, daim nəzarət olmalı, xəstənin özündə də sağalma istəyi olmaldır ki, bu uzun fasilədə əldə oluna bilsin.

Narkotik istifadəçilərinin sayında ildən-ilə artım var. Say artdıqca, onun ətrafının genişlənməsi, yəni bir-birini yoluxdurma faktı da artır. Son zamanlar internet üzərindən narkotik maddələrin, bu barədə məlumatların əlçatan olması əsas səbəblərdən biridir. Statistikaya gəldikdə biz rəsmi qeydiyyatda olan şəxslər nəzərdə tutulur. Sayın artması müraciət edən şəxslərin sayında da artımın olması ilə bağlı ola bilər. Sağalmaq istəyənlərin sayında da artım ola bilər.

-Son vaxtlar ölkədə narkotikdən istifadə edən sürücülər saxlanılır. Belə vəziyyətdə avtomobili necə idarə edirlər?

- Narkotik maddə dedikdə insan beyninə təsər göstərərək asılılığı kənara qoysaq, hətta düşüncə səviyyəsində belə dəyişiklik yaratmaq qabiliyyətinə malik maddə nəzərdə tutulur. Bir maddəni ki, qəbul edərkən insanın təfəkküründə ləngimə baş verirsə, düşüncələrində dəyişiklik baş verirsə, yuxululuq halı, eyforiya vəziyyəti yaranır. Aydındır ki, sərxoş insanın avtomobil sürmək nə dərəcədə icazəsi yoxdursa, narkotik sərxoşluğu deyən bir hal var. Bu, sürücülər üçün həm qadağan, həm də təhlükəlidir. Təbii ki, belə vəziyyətdə avtomil idarə etmək olmaz. Sükan arxasında belə vəziyyətdə avtomobil idarə etmək, nəinki məsləhət deyil, o bir qanun pozuntusudur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.