“Azərbaycan səfirinin Kərkükə gəlməsini istədik, amma gəlmədi...” – İraq türkmənlərinin lideri

10-02-2022, 11:59           
 “Azərbaycan səfirinin Kərkükə gəlməsini istədik, amma gəlmədi...” –
Əvvəllər İraq dünyanın ən bəxtəvər ölkələrindən biriydi. Varlı-karlı, siyasi aləmdə sayılıb-seçilən, ərazisində bəşər tarixinin ən güclü, əfsanəvi dövlətlərini yaradan, “Min bir gecə” nağıllarını özündə yaşadan bu ecazkar dövlət, təəssüf ki, 1990-cı ildən üzübəri müharibələrə səhnə oldu, Amerika tərəfindən işğal edildi və xoşbəxtlik məkanı olan bu iki çay arası yurdda terror hücumları insanları vahiməyə saldı, ölən öldü, sağ qalan ev-eşiyini atıb hara gəldi qaçdı, getdi. Ən çox ziyan yaşayanlar isə dili dilimizdən, qanı qanımızdan olan, indinin özündə də özlərini biz azərbaycanlılarla eyni xalq sayan türkmənlər oldular.

Bu günlərdə eşitdim ki, İraq türkmənlərinin milli lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya Azərbaycandadır. Onunla Bakıda görüşüb söhbətləşdik. Ölkəsində olub bitənlərdən, türkmənlərin ağrı-acısından söz açdı, Azərbaycandan gözləntilərini dilə gətirdi. Beləcə, uzanan söhbətimizi qələmə alıb siz oxucularla bölümək qərarına gəldim.

Teref.az hafta.az-a istinadla müsahibəni təqdim edir:

- Azərbaycan bizim ikinci vətənimizdir, yeri hər zaman İraq türkmənlərinin ürəyindədir. Millətimiz bir, dinimiz bir, adət-ənənələrimiz, dilimiz, hətta ləhcələrimiz də birdir. İraq türkmənləri türk dünyasını vətən olaraq görür. Bir türk millətçisi olaraq, arzumuz türk dünyasının birləşməsini görməkdir. Elə bu səbəbdəndir ki, Türk Dövlətləri Təşkilatının yaradılmasına çox sevindik. İnanırıq ki, millət olaraq birlikdə daha güclü olacağıq. Türk dünyası tarix boyunca təhlükələrlə qarşı-qarşıya olub. Ona görə də birləşməli və təbii ki, ayıq-sayıqlığımızı da əldən verməməliyik.

- Türkmənlərin İraqın tarixində bu gün də, dünən də, min il əvvəl də öz yeri olub. Amma deyəsən bu qəhrəman xalqa münasibət zaman-zaman fərqlənib. Bu gün münasibət necədir sizə?

- Türkmənlər min ildir İraqda yaşasalar da, son 100 ildir başlarına gəlməyən qalmayıb. Amma biz hər zaman digər xalqları özümüzə qardaş gördük, sevincləri sevincimiz, kədərləri kədərimiz oldu. Təəssüf ki, qarşılığında eyni münasibəti görmədik. BƏƏS partiyasının – Səddam Hüseynin rejimi zamanı türkmənlərə qarşı ayrıseçkilik edildi, hüquqlarımız tapdalandı və sair. Nəticədə türkmənlərin yarısı köçüb getdilər, bir hissəsi öz milli kimliklərini gizlətdilər – özlərini kürd və ya ərəb adlandırdılar. Çox şükr olsun ki, Səddam dönəmi bitəndən sonra türkmənlər daha azad yaşamağa başlayıblar. Millətimizə qarşı təzyiqlər aradan qalxsa da, təəssüf ki, problemlər hələ də qalır.

- Bunlar azmış kimi, İŞİD də ən böyük ziyanı türkmənlərə vurdu...

- Tamamilə doğrudur. Təsəvvür edin ki, türkmənlərin ən yığcam yaşadığı 300 minlik Təlafər şəhərində bu gün cəmi 150 min sakin qalıb, yarısı köçüb getdi başqa şəhərlərə və hətta Türkiyəyə, başqa ölkələrə. Silahlı hücumlar, terror partlayışları zamanı nə qədər insanımız öldürülüb. Bu qənaətdəyik ki, 10 mindən çox itkimiz var. Bir məqam diqqət çəkir ki, İŞİD silahlıları şiələrin yaşadığı bölgələrə və kürdlərin məskunlaşdığı şimal ərazilərinə hücum etmədi – onlar sadəcə sünnilərin və türkmənlərin yaşadıqları əraziləri ələ keçirib, viran qoydular. Yəni İŞİD-i məhz bizim ərazilərə yönləndirdilər. Əslində sünni ərəblər İŞİD-in hücumuna məruz qalsalar da, türkmənlər qədər ziyan yaşamadılar.

- Gəzib görmüşəm o yerləri, müharibənin dağıntıları olduğu kimi qalır, insanlar hərə bir yürdə köçkün həyatı yaşayır...

- İraq hökumətinin türkmənlərə münasibətində təəssüfləndiirci məqamlar çox olub. Körfəz ölkələrindən verilən maddi dəstək nətcəsində sünni ərəblərin yaşadığı bölgələr, məsələn, Bağdadın qərbində yerləşən Ənbar yenidən tikilib-quruldu. Amma biz türkmənlərin öz evlərini bərpa etməsi üçün kimsə yardım etmədi. Təbii ki, türkmənlərin öz evlərini tikib təmir eləməsi üçün maddi imkanları yoxdur, mütləq yardıma ehtiyac var. Türkmənlər bayaq dediyim kimi, keçmişdə də zülm-əzab yaşadıqları üçün, bu gün ayaqda durmağa çətinlik çəkirlər – taqətləri tükənib. Odur ki, İraqa sülh və sabitliyin gəlişini gözləməkdən başqa çarəmiz qalmayıb.

- Taleyin işinə baxın: əsrlərdir istər Kərkükdə olsun, istər Ərbildə, istərsə də digər ətraf bölgələrdə, türkmənlərlə kürdlər birgə yaşamaqdadır. Bu gün isə kürdlərin Kürdüstan Muxtariyyəti kimi öz idarəetmə sistemləri var. Onların sizə münasibəti necədir? Nəzərə alaq ki, Türkiyənin də Ərbillə əla münasibətləri var...

- Türkmənlərlə kürdlər qardaş xalqlar olaraq hər zaman birlikdə yaşayıblar. Hər zaman onlardan qız alıb, qız vermişik. Bu gün Kürdüstan muxtariyyətində türkmənlərin beş millət vəkili, bir naziri var. Parlamentin katibi də türkməndir – Munə Kuzəçi. Məncə türklə kürdün dost olması ancaq fayda verə bilər. Bir şərtlə ki, səmimiyyət olsun. Məsələn, PKK türkə nifrət edir, türkü məh etməyə çalışır və təbii ki, onlar bizim düşmənlərimizdir. Yeri gəlmişkən, PKK Bərzanini də hədəf seçib. Ona görə də Türkiyənin bu terror təşkilatına qarşı əməliyyatlarına hər zaman Kürdüstan Muxtariyyətinin polisi və silahlı qüvvələri - Peşmərgə dəstək verir. Ümumiyyətlə, bir hissə kürdlər var ki, hər zaman türklərlə birlikdə yaşamaq, əməkdaşlıq içində olmaq istəyirlər və biz də onlara isti yanaşırıq.

- Səddan devriləndə bir çoxları düşünürdü ki, daha yaxşı olacaq sosial vəziyyətləri...

- Səddam 18 ildir devrilib, amma bu gün ölkədə elektrik enerjisi yoxdur. Gündə cəmi 4 saat elektrik verirlər. İmkanı olanlar generator alıb işlədir. Amma generator bu ailələri ayda 80-90 dollar ziyana salır və təbii ki, hamının bu qədər pul xərcləmək imkanı yoxdur. Səddamdan sonra heç bir yol təmir olunmayıb. Məktəblərdə vəziyyət pisdir və nəticədə təhsilin səviyyəsi də çox düşüb. Məqsədləri aydındır: bölgəni səfalətə sürükləmək istəyirlər. Yalnız türkmənlər deyil, ərəblərin də bir qismi öz torpaqlarını tərk edərək Bağdada və başqa yerlərə köçdülər. Kürdlər arasında da köçənlər var. Bilirsiniz, bölgənin sosial problemləri həll olunmadıqca, insanların rifahı düzəlməyəcək, hətta daha da pisləşəcək.

- Xaricdən yardımlar olunur ölkənizə, yəqin səmərəli istifadə olunmur...

- Xarici ölkələrin İraqa münasibəti tam deyil, onlar ayrı-ayrı milli və dini qrupları dəstəkləyirlər. Məsələn, İran ancaq şiələri, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri sünni ərəbləri, Qərb ölkələri kürdləri dəstəkləyir və maddi-texniki yardımlarını ancaq onlara göndərir. Hansı ki, bu yardımlar bütövlükdə İraq əhalisinə edilməliydi ki, problemlər azalsın. İraqın tarixi çox qədimdir, hər zaman da qonşu və ümumiyyətlə, region ölkələri ilə sıx əlaqələri olub. Bu gün də İraqın İranla, Türkiyə ilə, Səudiyyə Ərəbistanı, İordaniya, elə sizin Azərbaycanla sıx əlaqələri var. Biz türkmənlərin böyük hissəsi özünü Azərbaycan türkü hesab edir. Bu ölkələrlə əlaqələr bərpa edilməli və daha da genişləndirilməlidir.

- Yeri gəlmişkən, İraqla Azərbaycan arasında əlaqələr necədir, bir türkmən olaraq bu sizi qane edir?

- Baxın, İraqın Türkiyə və İranla əlaqələri yüksək olmasa da, orta səviyyədədir, Azərbaycanla isə olduqca aşağıdır. İraq yeraltı sərvətləri baxımından çox zəngin ölkədir. Düzdür, uzun illərdir korrupsiya və talanlar bu sərvətlərin xeyrinin sadə əhaliyə çatmasına imkan verməyib, amma hər halda varlı ölkədir. Azərbaycan da təbii sərvətlərlə zəngin dövlətdir. Məncə ölkələrimizin əməkdaşlığı genişləndirməsi üçün çox böyük potensial mövcuddur. Bunun üçün ikitərəfli səfərlərin artması, rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərlər edərək danışıqlar aparması vacibdir. Azərbaycanın Kərkükdə, Kərbalada, Təlafərdə Mədəniyyət Mərkəzləri açmasını arzulayırıq. Azərbaycanda incəsənət yüksək inkişaf edib, hansı ki, bu sahədə İraqda böyük sıxıntılar mövcuddur. Hesab edirik ki, bu sahədə, yəni teatr, kino və sair çəkilişlərində Azərbaycan İraqa çox böyük töhfələr verə bilər. Əgər mədəniyyət müstəvisində əlaqələrimiz genişlənsə, əminəm ki, bu iqtisadi-ticarət sektorunun inkişafına da təsir göstərəcək. Biz türkmənlər hər zaman Azərbaycanı yanımızda görmək istəyirik. Biz sizin bir parçanızıq, bizi unutmayın.

- Siz ötən dəfə Azərbaycana gələndə torpaqlarımızın bir hissəsi Ermənistanın işğalı altındaydı. Amma indi həmin torpaqlar azaddır – 44 günlük şanlı savaş nəticəsində öz ərazilərimizi geri qaytarmışıq. Maraqlıdır ki, 44 günlük müharibə və təbii ki, Azərbaycanın qələbəsi İraq ictimaiyyəti arasında necə qarşılanıb?

- İnanın ki, bu müharibənin gedişatını sanki öz ölkəmizdə baş verirmiş kimi izləyirdik. Nəinki türkmənlər, bütün İraq əhalisi Azərbaycanın haqq savaşını dəstəkləyirdi. Eşidəndə ki, müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb, iraqlılar öz qələbələri kimi sevinib, bayram edirdilər. Zatən qələbədən sonra İraqdan parlament nümayəndə heyəti də təbrik üçün Bakıya gəlmişdi. Bu qələbə demək olar ki, İraqı birləşdirmişdi, çünki həmin heyətdə sünnisi, şiəsi, türkməni, kürdü – hamı təmsil olunurdu.

- Təəssüf ki, Azərbaycanın bu qələbəsini İran həzm edə bilmirdi. Bildiyim qədər, İraqda da bəzi dini qruplar İranın təsiri altındaydılar. Onlar necə, ikili yanaşmadımı Azərbaycanın zəfərinə?

- Yerində verilən sualdır. Müharibə zamanı İraq Məclisindəki bəzi şiə qruplar məhz İranın sərgilədiyi münasibətin təsiri altında bu prosesə necə yanaşağaqlarını bilmirdilər. O vaxt mən Mosuldan seçilmiş millət vəkili Seyid Muxtara dedim ki, Məclisdə hamıya başa salsın: Azərbaycan əhalisi şiələrdir və Ermənistan şiələrin torpaqlarını zəbt edib, indi də həmin şiələr öz ərazilıərini azad eləmək üçün əməliyyata başlayıblar. Seyid Muxtar da belə etdi. Çünki o vaxt İraqın siyasi elitasında Azərbaycan barədə çox şeyi bilmirdilər. Hər halda, nəhayətdə hamı əsl həqiqəti başa düşdü və Azərbaycan torpaqlarının azadlığını, bayaq dediyim kimi, öz bayramları kimi qeyd etdilər.

- Bu dəfə olmasa da, inşallah növbəti səfərinizdə azad olunmuş torpaqlara - Şuşaya baş çəkərsiniz...

- Çox istərdim. Əslində soruşdum, dedilər o tərəflərdə hərbi vəziyyət mövcuddur. Amma inşallah növbəti dəfə gələndə sizinlə birlikdə gedərik Şuşaya.

- Hazırda Azərbaycanda təxminən nə qədər türkmən yaşayır?

- Pandemiya ilə əlaqədar bir çox tələbə İraqa qayıdıb, hətta məktəbdən imtina edənlər də var. Amma buna baxmayaraq hardasa 200 türkmənin olduğunu zənn edirəm. Əlbəttə, ümumi iraqlıların sayı daha çoxdur...

- Demək istəyirəm ki, məsələn, hansısa ölkədə 40-50 azərbaycanlı varsa, onlar yığışıb hər hansı adda mədəniyyət dərnəyi filan yaradırlar. Deyirsiniz 200 türkmən var Azərbaycanda, bu əslində böyük rəqəmdir. Elə isə onlar niyə mədəniyyət dərnəyi və ya cəmiyyəti təsis etmirlər?

- Əslində mən də çox istərdim belə bir cəmiyyət yaransın. Türkmən-Azərbaycan Dostluq Cəmiyyəti ola bilərdi. Burada yaşayan bir neçə türkmən və bir o qədər də azərbaycanlının qatılımı ilə təsis etmək olardı. Məsələn, Qəzənfər Paşayev mənəvi və fəxri sədri olardı, axı onu İraqda hər kəs tanıyır, böyük əməyi olub ölkələrimiz arasında əlaqələrin inkişafında. İnşallah, xəstəlikləri dəf edək, tələbələrimiz qayıtsınlar Bakıya, bu barədə nəsə düşünüb-danışarıq.

- Azərbaycanın İraqda səfirliyi var, onlarla əlaqə saxlamısınız?

- Biz bir dəfə Azərbaycan səfirliyinə müraciət etdik ki, onları Kərkükdə görməkdən məmnun olardıq. Türkiyənin səfiri gəldi, Azərbaycan səfiri isə yox. Bağdadda Türkmən Qardaşlıq Ocağı var, Azərbaycan səfiri bircə dəfə oranı ziyarət edərsə, təbii ki, bu barədə sosial səhifələrdə filanda paylaşımlar olacaq və bu, türkmənlərə çox böyük mənəvi stimul verərdi. Təəssüf ki, bunlar sadəcə bizim gözləntilərimizdir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.