Qarabağdakı kütləvi məzarlıqlar - Deputatlar ermənilərin gizlətdiyi yerləri AÇIQLADILAR

12-02-2022, 12:57           
Qarabağdakı kütləvi məzarlıqlar -
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqlar aşkarlanıb. Xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı açıqlamasında bildirib ki, ərazilərimizin azad edilməsindən qısa müddət sonra orada kütləvi məzarlıqların olması müəyyən edilib.

“Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra qısa müddət ərzində orada kütləvi məzarlıqlar tapılmışdı. Təbii ki, biz burada minlərlə insandan danışımırıq, amma ən azı bəlli sayda insan qalıqları tapılıb. Qısa müddət ərzində Azərbaycan tərəfi bunu işğaldan azad olunmuş ərazilərdə müəyyən edib tapa bilirdisə, demək, həmin o işləri törətmiş erməni tərəfi buna çox yaxşı bələd idi”, - deyə XİN başçısı vurğulayıb.

Kültəvi məzarlıqlar hansı rayonların ərazisində aşkarlanıb?

İşğaldan azad olunmuş bölgələrin deputatları bu barədə Modern.az saytına danışıblar.

Kəlbəcərin deputatı Aqil Məmmədov bildirib ki, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində qətlə yetirdiyi azərbaycanlıların məzarlarının yerlərini deməlidir:

“Cənab Prezident sonuncu dəfə keçirilən dördtərəfli videokonfransda vurğulamışdı ki, Ermənistan tərəfi Birinici Qarabağ müharibəsi dövründə 4000 girov düşmüş vətəndaşımız haqqında məlumat verməlidir. Onlar əgər kütləvi şəkildə öldürülübsə, ermənilər məzarlıqların yerini deməlidir. Bu məsələlər gündəmdədir, ancaq qarşı tərəf konkret yer demir ki, həmin məzarlıqlar haradadır. Müəyyən yerlər artıq məlumdur ki, orada kütləvi məzarlıqlar var. Məsələn, Xocalı, Kəlbəcər istiqamətdə məzarlıqlar aşkarlanıb. Yeni aşkar edilmiş məzarlıqlar da ola bilər, ancaq bu barədə cəmiyyətə və bizə hər hansı məlumat verilməyib".

Xocalıdan olan deputat Elman Məmmədov Ermənistanın kütləvi məzarlıqlar barədə bütün məlumatları bildiyini vurğulayıb:
“Kütləvi məzarlıqlar Xocalı rayonunun özündə və ətrafında, Qaradağlı və Tuğ istiqamətində, Laçında, Kəlbəcərdə isə artıq bir neçə yerdə aşkar edilib. Zori Balayan kimi vəhşilər, türklərin qanına susamış canilər öz kitablarında da qeyd ediblər. O vaxtı günahsız insanların diri-diri xəndəklərə gömülməsini görən bir neçə rus xatirələri haqqında danışarkən o vəhşiliklərə şahid olduqalarını deyib.

Hazırda Tuğ və ətraf kəndlər bizim nəzarətimizdədir. Kütləvi məzarlıqlar üçün tədqiqatlar aparılır və aşkar olunduqca məlumat verilir. Erməni vəhşiliyini ifşa etmək üçün kütləvi məzarlıqların aşkar olunması vacib məsələdir”.

Deputat xatırladıb ki, son 8 erməni diversantın ölkəsinə təhvil verilməsi Avropa dövlətləri, Amerika və Rusiya tərəfindən alqışlandı:

“Əlbəttə, alqışlanılmağımız bizim üçün vacib deyil. Ermənistan tərəfi buna qarşılıq olaraq götürdükləri öhdəliyi niyə yerinə yetirmir? Avropa ölkələri bizi alqışlamaq yerinə niyə onları qınamır? Yenə məsələlər birtərəfli qaydada cərəyan edir. Mina xəritələrinin verilməsində eyni hadisə baş vermişdi. Sanki Ermənistanın başına qalxan tutub, onu müdafiə edirlər. Haqq-ədalətdən danışan boğazdan yuxarı dövlətlər, ancaq Azərbaycandan erməni girovları təhvil etməyi tələb edirlər, başqa heç bir iş görmürlər".

Cəbrayılın deputatı Ceyhun Məmmədov bildirib ki, ermənilər Qarabağın bütün bölgələrində kütləvi qətllər törədiblər:

“Demək olar ki, bütün rayonlarımızdan xeyli sayda itkin var. Müxtəlif bölgələrdə ermənilər zaman-zaman qırğınlar törədiblər. O vaxtı Cəbrayılın Daşbaşı kəndində də əməliyyat olub, ermənilər 20-ə yaxın sakini qətlə yetirib, dinc insanların başlarını kəsib. Bu proseslər bütün bölgələrdə baş verib. Elə rayon var ki, bir neçə kəndində belə vəhşiliklər törədilib”.

Deputat xüsusilə Kəlbəcər və Şuşa ətrafında daha çox kütləvi məzarlığın olduğunu söyləyib:

“Söhbət 3890 nəfərin taleyindən gedir və Ermənistan bununla bağlı Azərbaycana hesabat verməlidir. Erməni hiyləgərliyinin bir daha şahidi oluruq. Həmin 3890 nəfərin arasında qadın, 71 uşaq, xeyli sayda ahıl insan olub. Ermənistan hərbçiləri, Sarkisyan, Koçaryanın qatı cinayət əməllərinin iştirakçısı olan insanlar o kütləvi məzarlıqlar haqqında hər şeyi bilirlər. Uzun illərdir biz araşdırmalar aparırıq, dövlət qurumları koordinasiyalı şəkildə işləyir. Beynəlxalq qurumlar da bu cinayət əməlinin hesabatını Ermənistandan soruşmalıdır, əgər hesabat soruşulmasa, mənfur düşmənin cinayət əməlləri bitməyəcək. Beynəlxalq dəstəyin olması çox vacibdir, Azərbaycanda qəti iradə var, bu məsələlərin sonuna qədər gedərək, yekun izahat alacağıq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.