Qadınlar sevgisiz də evlənə bilər? – İki tanınmış simadan FƏRQLİ CAVAB

16-02-2022, 12:17           
Qadınlar sevgisiz də evlənə bilər? –
Sevgi bütün canlı varlıqların ehtiyac duyduğu tək ortaq duyğudur. Dünya ədəbiyyatının məşhur siması olan Vüktor Hüqonun da dediyi kimi: “Həyat çiçəkdir, sevgi isə onun şirəsi”. Həyatımızı gözəlləşdirən bu hiss bəzən səhv qərarlar verməyimizə də səbəb ola bilir. Bu məqamda ortaya əsas sual çıxır. Sevgi yoxsa məntiq?

Günümüzdəki boşanma hallarının sayındakı artımı diqqətə alsaq, hansı hissə daha çox üstünlük verilməlidir?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələ hər kəs üçün individualdır:

“Bu mövzu demək olar ki, dilemmadır. Hər kəsin bu mövzuda özünəməxsus cavabı var. Bəzi xanımlar uşaq dünyaya gətirmək istəyinə görə, sevgi olmadan da evlənə bilirlər. Lakin bu addım yanlışdır. Çünki bir müddətdən sonra qarşı tərəf qarşılıqlı olaraq sevgini hiss etmək istəyəcək, amma ana olmaq və ya ata olmaq adı ilə evlənən şəxslər buna qarşılıq verməkdə çətinlik çəkə bilərlər. Nəticədə bu tip ailənin sonu ayrılıqla bitir”.

Mehriban Zeynalova həmçinin bildirib ki, evlilik zamanı hisslər də olmalıdır amma təkcə hissə arxalanıb addım atmaq təhlükəlidir:

“Sevirəm deyib ailə həyatı qurmaq da düzgün deyil. Sevgi və məntiqin paralel şəkildə aparılması yaxşı olar. Gözüyumulu sevgiyə aldanıb ailə həyatı quran xanımların əksəri zorakılıq hallarında susurlar və nəticədə bu onların qətl edilməsi ilə nəticələnir. Ona görə də evlilik mərhələsində olan cavanlara qohumlar dəstək olmalıdırlar. Müdaxilə edib münaqişəni böyütmək yox, təcrübələrə əsaslanıb düzgün şəkildə ağır-fikir verməlidirlər”.

Psixoloq Samirə Bağırova isə evlilikdə bu seçimin edilməsini lotoreya oyununa bənzədib:

“Evlilik məsələsi nə məntiqlə, nə də sevgi ilə öncədən sığortalanan məsələdir. Bu bir lotoreya biletinə bənzəyir, həvəslə alarsan, ya boş çıxar xəyal qırıqlığına uğrayar insan, ya da qazanar.

Belə bir deyim var həyat yoldaşı Allahın insana ya ikramıdır, ya imtahanı. Sevgisiz həyat çox çətindir. Uşaqlar sevginin məhsulu olmalıdır, sevgi ilə doğulan uşaqların təməli də möhkəm olur. Sevgi və məntiq üst- üstə düşəndə düşünürəm “cek-pot” alınır. Çünki o qədər xanım da var ki, hisslərindən dolayı şiddətə, təhqirə məruz qalır. İnsan anlamalıdır ki, keçmişdən gələn “Sevən döyər də, söyər də” sözü çox yanlışdır. Sevən insan anlayış göstərər. Qarşısındakı anlamırsa düşünər, çaba göstərər. İnsanlar hələ sevgini dərk etsinlər, bunu dərk edə bilirsə, demək ki, məntiq də vardır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.