Bakı ətrafındakı 41 min ha torpaq hara yox olub? - Deputatdan AÇIQLAMA

18-02-2022, 17:44           
Bakı ətrafındakı 41 min ha torpaq hara yox olub? - Deputatdan AÇIQLAMA
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə keçirilən dinləmədə bildirilib ki, dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir. Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqe ilə bağlı iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığı, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığı vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunulub, 2022-ci ilin dövlət büdcəsindən bu istiqamətdə, o cümlədən aqrar sığortaya vəsaitlərin ayrıldığı qeyd edib. Qeyd edək hazırda aqrar sahədə müəyyən irəliləyişlər müşahidə edilsə də, problemlər də mövcuddur. Teref.az xəbər verir ki, “Cümhuriyət”in müsahibi Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayevdir:

-Aqrar sahədə mövcud problemlərlə bağlı yeni yanaşmaların tətbiqinin vacibliyi bildirilib. Burada əsasən hansı amillər nəzərdə tutulur?

-Ərzaq təhlükəsizliyinin təmin olunmasında ağırlıq yerli istehsalın üzərinə düşür. Ölkə başçısı son çıxışlarında xatırlatdı ki, yerli istehsal mütləq inkişaf etdirilməlidir. Bu isə ilk növbədə məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi, müasir üsullardan istifadə edilməsi, kadrların təşəbbüskarlığının artırılması hesabına olmalıdır. Ancaq indi aqrar sektorun inkişafı heç də dövlətin qayğısı və sahibkarların işgüzarlığından tam asılı olmur.

Bu, həm də iqlim dəyişiklikləri ilə bağlı olan bir məsələdir. Hazırda dünyada iqlim dəyişiklikləri baş verdiyindən aqrar sektora çox ciddi ziyan dəyir. Ötən ilin təcrübəsi də göstərdi ki, ölkədə iyul-avqust aylarında bir çox taxıl, pambıq və digər sahələr quraqlıqla üzləşdi. Ona görə də bu kimi məsələlər yeni yanaşmalar tələb edir. Bu yanaşmalar da ondan asılıdır ki, mövcud problemləri düzgün qiymətləndirək və qabaqlayıcı tədbirlər görək.

Əgər su çatışmazlığı varsa, yeni su anbarlarının yaradılmalı, su hövzələri istifadəyə verilməli, torpaq kanalları təmizlənməli, su itkisinin qarşısını almaq üçün beton kanallara keçilməli, sudan qənaətlə istifadə edilməli, suvarma texnologiyası düzgün tətbiq edilməlidir. Bundan başqa, subsidiyaların, kreditlərin verilməsində də müəyyən yeni yanaşmalar lazımdır. Bəzi insanlar elə bilirlər ki, əgər torpaqları varsa, onlara mütləq subsidiya verilməlidir. Mütləq torpağın analizi aparılmalı, mülkiyyət hüququna aid olan sənədlər elektron informasiya sistemində yerləşdirilməli, nə məhsul əkəcəyi təyin olunmalıdır. Yeni yanaşmalar dedikdə, müasirliyin təsərrüfata tətbiq olunması nəzərdə tutulur.

-Bu gün kənd təsərrüfatı istehsalçılarının əsas problemlərindən biri də quraqlıqla bağlıdır. Əkin üçün ən vacib amil olan su problemi nə vaxt öz həllini tapacaq?

-Su problemi indi yalnız Azərbaycanda deyil, bütün dünyada var. İstər içməli, istərsə də əkinçiliklə bağlı su problemi yaşanır. Azərbaycanda indi artıq dağlara o qədər də qar yağmır, yerin tərkibində də su yoxdur. Həmin su probleminin həll olunması təbiətdən də asılıdır. Ölkə başçısı tərəfindən su artezian quyularının qazılması ilə bağlı sərəncam verilib. İndi rayonlara səfər zamanı su artezian quyularına baxanda görürük ki, həmin quyular artıq su vermir. Quyunun təkində su tükənib. Quraqlıq olduğu üçün suyu çəkə bilmir. Eləcə də bu il Araz çayına su gəlmədi. Ona görə də Beyləqan, Ağcabədinin yuxarı torpaqları susuz qaldı, hektarlarla pambıq sahəsi yandı. Biz dəfələrlə müraciət etdik, ancaq su gəlmirsə, nə etmək olar? 10-15 il bundan əvvəl Arazdan gələn su daşqınlar törədirdi, qarşısını almaq olmurdu. Hazırda isə həmin böyük bir kanal quruyub. Son illərdə ölkədə bir çox su anbarları tikilib. İşğaldan azad edilmiş ərazilərdə yeni su anbarlarının yaradılması nəzərdə tutulub.

-Bu günlərdə Nazirlər Kabinetinin iclasında vurğulandı ki, bahalaşmanın əsas səbəblərindən biri də yerli istehsalın azlığıdır. Ölkədə bir çox aqroparklar da yaradılıb. Bəs niyə ölkənin tələbatı hələ də daxili istehsal hesabına təmin edilə bilmir?

- Son vaxtlar ölkədə daxili istehsal artıb. İqtisadiyyatda əgər 5 faiz, qeyri-neft sektorunda 7, 2 faiz artım varsa, nəticələr göstərir ki, aqrar sahədə yerli istehsal artıb. Eyni zamanda, ölkə əhalisinin sayı da artıb. Digər tərəfdən xarici ölkələrə ixrac da edirik. Ötən il 877 milyon manatdan çox xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac olunub. Bununla yanaşı, həm də idxal edirik. Ölkə başçısı da çıxışında bildirib ki, biz yerli istehsalı artırmalıyıq, məhsuldarlıq çoxalmalıdır. Biz özümüzü 49-50 faiz taxılla təmin edirik. Bu, çox azdır. Ancaq biz taxılçılığı inkişaf etdirmək üçün sahələri yox, məhsuldarlığı artırmalıyıq. Bizdə 1 milyon hektarda taxıl əkilirsə, biz o taxıl o sahəsini 2000 hektar artırsaq, heyvandarlıq məhsullarını, yaxud pambıqçılığı kəsirdə qoymalıyıq. Heç bir ölkə özünü məhsulla tam təmin edə bilmir, bir-biri ilə məhsul mübadiləsi edir. Ancaq biz yerli istehsal artımını məhsuldarlıqla, yeni texnologiyaların tətbiqi ilə təmin edə bilərik. Bu da yeni təfəkkür, yeni münasibət tələb edir. İnsanlar bilməlidir ki, əkdiyi torpağı yaxşı, keyfiyyətli becərməli, yüksək məhsul götürməlidir. Statistikaya görə, Bakıətrafı rayonlarda 41 min hektardan çox əkinə yararlı torpaq sahəsi var. Bu torpaqlardan istifadənin nə dərəcədə olduğu bilinmir.

Çünki əvvəllər bu regionlarda, Abşeron, Xəzər və digər rayonların ərazilərində böyük heyvandarlıq kompleksləri, zəfərançılıq, zeytunçuluq təsərrüfatları var idi, bəs indi o torpaqlar hardadır? İndi o torpaqların müəyyən hissəsi vətəndaşların sayının artması ilə bağlı onlara verilib. Ancaq olan torpaqları da əkib-becərən yoxdur. Həmin torpaqları əkib-becərmək, məhsul götürmək olar. Əvvəllər Bakıda gülçülük istixanaları var idi, Hövsan soğanı, meyvə-tərəvəz istehsalı geniş yayılmışdı. Daxili istehsal odur ki, hər bir insan o torpaqdan səmərəli istifadə etməlidir. Başqa ölkələrdə hər hektardan 70 sentner, bizdə isə 30 sentner taxıl götürürlər. İndi təsərrüfata münasibət dəyişilməlidir.

-Belə fikirlər də səslənir ki, hazırkı gənclər əkinçiliyə o qədər də maraq göstərmirlər. Sizcə, bu, nədən irəli gəlir?

- Əvvəllər kolxozlar, sovxozlar var idi. Orada çalışan insanlar peşələrə yiyələnib, orada qalırdılar. İndi dövr dəyişib, elmə, istehsalata, emala, biznesə münasibət artıb. Ona görə də bəzi gənclər həyata atılan kimi istəyirlər çoxlu pul qazansınlar və həmin sahələrə getmək istəmirlər. Ancaq mən vətəndaşlar arasında oluram və müşahidələr göstərir ki, bu gün Bakıda 30-35 yaşında gənclər istəyir ki, rayonda özünə torpaq alıb, təsərrüfat yaratsın. Pambıqçılıqla yanaşı, şəhərdən gedib rayonlarda fermalar yaradan insanlar var. Bu istiqamətdə iş getməlidir. Gəncləri gözəl həyat, şəhər cəlb edir, ancaq savadı, təhsili yoxdursa, gedib təsərrüfatla məşğul olmalıdır. Bu gün kəndlərdə çox insan tanıyıram ki, artıq təsərrüfatla, maldarlıq, pambıqıçılıq və digər sahələrlə məşğul olur. Bu gün ölkədə ət, süd məhsullarında o qədər geridə qalmırıq, tələbatın 85-90 faizə yaxını ödənilir. Bu, heyvandarlığın inkişaf etdirilməsinin hesabınadır. Qiymətlər süni şəkildə artırılır, Bu gün rayonda ət 7 manatdır, ancaq şəhərdə 14 manata satılır. Bunu kim yaradır? Əslində, üzərinə 1 manat qoyarsa, onun xərcini ödəyir. Ancaq müəyyən işbazlar var ki, onlar süni şəkildə qiymətləri artırırlar. Məsələn, bu gün Bakıətrafı kəndlərdə niyə tərəvəz və digər məhsulları yetişdirməyək? Şəhərdə yaşayanların təsərrüfata meyili azdır. Əvvəllər Bakının kəndlərində yaşayan insanlar yaxşı üzüm sortları yetişdirirdilər. Münasibət yaradılmalı, maarifləndirmə getməlidir. İnsanların təcrübəsi təbliğ olunmalı, yaxşı nəticələr əldə edən insanlar örnək kimi göstərilməlidir. Əvvəllər 8-ci sinfi bitirən gənclər vardı ki, gedib rayonlarda peşə məktəblərində mexanizator, çilingər, bənna təhsili alırdılar. Bu gün yaxşı bənna, usta yoxdur. Ona görə də peşə məktəblərinin rolu artırılmalıdır, peşə təhsili mütləq təkmilləşdirilməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.