Sosial şəbəkələrdə Ukraynaya DƏSTƏK!- “Putinin sistemi çökəcək”

26-02-2022, 00:06           
Sosial şəbəkələrdə Ukraynaya DƏSTƏK!-
Hazırda Rusiya Ukraynaya qarşı müharibə aparır. Belə bir situasiyada əksər dövlət rəsmi Kiyevə dəstək nümayiş etdirir. Sosial şəbəkələrin Azərbaycan seqmentindəki mənzərə də vətəndaşlarımızın böyük qisminin bu savaşda Ukraynaya dəstək verdiyini göstərir. Xatırladaq ki, Ukrayna Qarabağ münaqişəsində, ərazi bütövlüyü məsələsində və digər məsələlərdə Azərbaycanı daim dəstəkləyib .


Hərbi-siyasi ekspert Həşim Səhrablı dünya ölkələrinin Rusiya işğalına qarşı hazırkı duruşunun səbəblərindən “sherg.az”a danışıb:

“Hazırda əksər ölkə Rusiyanın tutduğu təcavüzkar mövqeyə görə ona qarşı gəlir. Rəsmi Moskvanın başında duran iqtidar xalq iradəsindən ziyadə hansısa bir mafiya qrupu kimi davranır. Onun atdığı addımlar sadəcə bir qrupun mənafeyinə hesablanıb. Bu addım özlüyündə Rusiya dövlətinin maraqlarınada ziddir. Çünki Rusiya dövlət olaraq beynəlxalq təşkilatlara üzvdür.Ukraynaya hücumu isə göstərdi ki, Rusiya yalnız sözdə beynəlxalq hüququ, ölkələrin suverenliyini tanıyır”.

Ekspert belə məqamda etnik kimlik məsələsinin də ön plana çıxdığını vurğulayıb:

“Azərbaycan, Ukrayna, Rusiyanın sərhəddində yaşayan bütün xalqlar 200 ilə yaxındır ki, işğala məruz qalır. Bunu edən də rus şovinizmidir. Bizim ölkə vətəndaşlarımız da durumun fərqindədirlər.

Hər kəs çox yaxşı anlayır ki, bu gün Ukraynanın başına gətirilənlər Rusiyanın marağında olarsa, gələcəkdə onların da başına gətiriləcək. Bu səbəbdən də insanlar işğalçının dünyada hegemonik gücə tam çatmadan məhv olunmasını istəyirlər”.

H.Səhrablı diqqətə çatdırıb ki, Rus xalqı Ukraynaya qarşı aparılan hazırkı müharibəyə rusların deyil, Putinin müharibəsi kimi yanaşır:

“Xalq görür ki, bu, birmənalı olaraq Putinin öz şəxsi eqosunu təmin etmək duyğusudur. Ona görə də bütün xalqlar buna qarşı çıxır. Tarixdən də bildiyimiz kimi son sözü hər zaman xalqlar deyir. Şəxslər gəldi-gedərdir. Putinin qurduğu sistem də bir gün biabıçı şəkildə məğlubiyyətə düçar olacaq”.

Ekspertin qənaətincə, indi Ukrayna özünə qarşı olan işğalda gücsüz görünsə də, insanların qələbəyə böyük ümidləri var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.