Psixiatr: “Deyirsən qızın narkomandır, inanmır”

3-03-2022, 10:10           
Psixiatr: “Deyirsən qızın narkomandır, inanmır”
Ölkəmizdə və dünyada qorxulu yuxuya çevrilən məsələlərdən biri də narkomaniyadır.

Lent.az-ın narkomaniya haqqında həkim-psixiatr Abdulla Şıxlinski ilə müsahibəsini təqdim edirik:

- Abdulla bəy, necə olur insanlar ilk dəfə narkotikin dadına baxır?

- İnsan psixologiyası elə qurulub ki, özünə faydalı olmayan şeyi qəbul etmir. İnsanlar tərəfindən qəbul olunan bütün maddələr hansısa məqsəd daşıyır.

Qədim zamanlarda narkotik maddələrdən müalicə, stress məqsədi ilə istifadə olunurdu. Amma sonralar məlum olub ki, bu maddələrdən əksəriyyəti asılılıq yaradır. Uzun müddət qəbul etdikdən sonra insan orqanizminin funksiyasını pozur, ağılı zəiflədir.

Artıq narkotik maddələrin tam təsnifatı məlumdur. Biz bilməliyik ki, narkotik sözü tibbi deyil, hüquqi termindir. O maddələrə narkotik maddələrə deyilir ki, onların açıq satışı qadağandır.

Bəzi maddələr də var ki, satışları qadağan olunmayıb. Həmin maddələri də davamlı qəbul etdikdə asılılıq yaradır. Amma onlar narkotik vasitələri sırasına daxil deyil. O maddələrin qəbuluna görə, cinayət məsuliyyəti yoxdur. Həmin dərmanlar xüsusi reseptlə satılır.

Belə düşüncə yaranıb ki, insan narkotikə ətrafı pis olduğu üçün qurşanır. Narkotikə qurşanmaq üçün ətrafın təsiri çox azdır. Çünki narkomaniya müəyyən psixi pozğunluqların nəticəsidir, səbəbi deyil. Narkomaniya xəstəlik deyil, sadəcə psixi pozğunluqların nəticəsində əmələ gələn ağırlaşmadır.

Yeri gəlmişkən, ən güclü narkotik spirtli içkidir. Çünki spirt bütün narkotiklərin təsirini özündə cəmləşdirir. Hesab edin ki, təkcə spirt 4-5 narkotiki özündə cəmləşdirir.

Buna baxmayaraq, alkoqol hüquqi baxımda narkotiklər sırasına daxil deyil. Amma tibbi baxımda narkotik sayılmır. Hətta reklam da olunur. Bu onu göstərir ki, hüquqi və tibbi xüsusiyyəti bir-birinə uyğun gəlmir. Adi pivə çox ağır içkidir.

- Sizin fikrinizcə, bir dəfə “dadına baxmaqla”, narkoman olunurmu?

- Xeyr. Asılılıqların əsasında duran əsas məsələ həmin insanın elə narkotikə meylli doğulmasıdır. Bəzi alimlər deyir ki, narkomaniya içəridə olan psixi xəstəliyin xaricdən görüntüsüdür.

Bəzən elə olur ki, uşaq doğum zamanı kəllə-beyin travması alır, psixi pozğunluğu olur. Bütün bu hallarda insan narkomaniyaya hazır vəziyyətdə inkişaf edir. Hansısa, bir şərait yarandıqda isə həmin adam narkoman ola bilər. Çünki belə uşaqlarda utancaqlıq, yuxunun səthi olması, çıxış yolu tapa bilməmək, insanlarla ünsiyyət qurmaq çətinliyi olur. Bir sözlə, onlarda olan qorxaqlıq narkotikdən istifadəyə gətirib çıxarır.

Ümumiyyətlə, hər bir “eybəcər xarakter”ə malik olan adam potensial narkomandır. O, asanlıqla öz vəziyyətini yüngülləşdirmək üçün narkotiklərdən istifadə edə bilər. Belə hallarda valideyn psixiatra müraciət etməlidir.

Belə vəziyyətdə özünü rahatlaşdırmaq istəyən uşaq məhlə yoldaşlarına, narkotik satan dillerlərə müraciət edir. Həmin şəxslər də psixi vəziyyəti yüngülləşdirmək və öz mallarını satmaq üçün narkotik tövsiyə edir. Hətta 1-ci dozanı pulsuz verir. Daha sonra isə insan öyrəşir və sonda narkoman olur.

Əgər bu faktorlar, meyllilik yoxdursa, bir dəfə dadına baxmaqla narkoman olunmaz.

- Narkomanlar özü könüllü müalicəyə müraciət edirmi? Və bundan tam sağalmaq mümkündürmü?

- Təəssüf ki, narkotik maddələrindən asılı insanlar yalan danışır. Narkomaniya deyilən o vəziyyət xroniki xəstəlikdir. Yəni insanın nə qədər ki, ömrü var bu xəstəliklə yaşayır. Amma insan düzgün müalicə olunanda, vaxtında həkimə müraciət edəndə uzunmüddətli yaxşılaşma olur.

Davamlı narkotik qəbul edib, daha sonra kəskin şəkildə kəsdikdə həmin insanda dəhşətli təlatüm başlayır. Bu dövrdə tibbi yardım göstəririk. Tibbi yardım göstərdikdən sonra həmin insanda narkotikdən fiziki asılılıq yoxa çıxır. Artıq orqanizm həmin maddələri tələb etmir. Amma psixi asılılıq ömür boyu qalır.

Bəzi adamlar öz yaxınını həkimə gətirəndə sual verir ki, siz zəmanət verirsiz ki, bu tam sağalacaq. Mən də “bu barədə heç kim söz verə bilməz” deyirəm. Çünki psixi asılılıq elə bir şeydi ki, ömrü boyu istəyir. Bu istəyin qarşısını almaq da iradə tələb edir. İradə güclü olmalıdır.

Hətta, bəzən “siz inanın ki, bu düzəlmək istəyir” deyirlər. Amma bizim narkomana inana bilmərik. Çünki narkomanlar patoloji yalançıdırlar.

- İndi necə deyərlər, hansı narkotik maddələri “dəbdədir”?

- Hazırda dəbdə olan narkotik vasitəsi kokos, patı, marixuana və dördüncü yerdə başqa narkotiklərdir. Bunlar arasında ən çox yayılan marixuana narkotik vasitəsidir.

- Bəzi məktəblərdə uşaqlara psixotrop dərmanlar satılır. Bundan qorunmaq üçün nə edilməlidir?

- Ən dəhşətlisi odur ki, məktəblərdə çox uşaq dərsə getmir. Evdə oturur və nə istəyirsə, onu edir. Belə bir şəraitdə biz narkomaniya ilə mübarizə apara bilmərik.

Məktəblər davamlı olaraq maarifləndirici tədbirlər keçirilməlidir. Şagirdləri məlumatlandırmaq lazımdır. Həmin maddələrdən istifadə nəyə gətirib çıxarır onu anlatmaq lazımdır.

- İndi hər gün adını eşitdiyimiz “məşhur” narkotiklərdən biri də patıdır. Bunun digərlərindən fərqi nədir?

- Patının birinci əlaməti kəskin yuxusuzluqdur. Beyni qurudur. 2-3 il qəbul etdikdən sonra 20 yaşlı gəncin beyni 80 yaşındakı insanın beyni kimi işləyir.

- Həm həkim, həm də narkoloq olaraq valideynlərə tövsiyəniz nədir? Ümumiyyətlə, valideynlər övladlarının narkotik istifadə etdiyindən niyə bu qədər gec xəbər tutur?

- Çox böyük bədbəxtlikdir ki, valideynlər reallığı qəbul etmir. Sübut edirsən ki, sənin oğlun, qızın narkotik istifadə edir, yenə də qəbul etmir. Hiss edirlər, bilirlər amma dillərinə gətirmirlər. Hətta məktəbi, müəllimi günahlandırırlar. Elə bir zamanda peşman olurlar ki, artıq xəstəlik nəzarətdən çıxır.

Bundan əlavə, ailələr övladlarını həmişə əzizləyir. Çətinliyə düşməsinə imkan yaratmırlar. İnsan sınaqdan çıxmasa, həyatda yaşaya bilməz. Elə insanlar da sonrada qəfil çətinliyə düşəndə çıxış yolunu narkotikdə görür.

Hətta bəzən oğlanın 30 yaşı olur, amma görürsən ki, hələ də ana himayəsindədir. Belə vəziyyət də narkotik vasitələrdən istifadə ilə nəticələnəcək.

Valideynlər övladlarının çantasını, cibini yoxlamalıdır. Həmişə nəzarətdə saxlamalıdır. Bəziləri düşünür ki, bunu uşağa hiss etdirməyim. Amma bu övladın mənafeyi üçündürsə, hər şey edilməlidir.

Övladın narkotikdən istifadəsinin bilməyin bir neçə yolu var. Əgər uşaq əsəbidirsə, evə gəlib tez yatırsa, sürətli arıqlayırsa, qan təzyiqi qalxırsa, cinsi oyanma həddən artıq çox olursa və s. kimi əlamətlər narkotik istifadəsinə işarə edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.