"Bakıda əyləşərək Ukraynada baş verənlər haqqında danışmaq “ən asan” işdir" - ETİRAZ

3-03-2022, 10:33           
"Bakıda əyləşərək Ukraynada baş verənlər haqqında danışmaq “ən asan” işdir" - ETİRAZ
Ukraynanın qaynar nöqtələrindən azərbaycanlıların təxliyəsi tədricən olsa da, hər halda davam edir. Çətin vəziyyətdə qalan əsasən tələbələrdir.
Çünki ailələri ilə birgə deyillər. Gəncdirlər və təcrübəsizdirlər. Kiyev, Xarkov, Jitomir, Xersonda raket hücumlarından qorunmaq üçün yeraltı sığınacaqlara pənah aparanların vəziyyəti isə xüsusilə ağırdır. Köməyə daha çox ehtiyacı olanlar da onlardır. Ukraynada təhsil alan azərbaycanlı tələbələrin valideynlərini narahat edən də budur.

Onlar övladlarından heç bir xəbər ala bilmir. Təhsil naziri Emin Əmrullayevin brifinq zamanı Ukraynadakı tələbələrin təxliyəsi ilə bağlı “hazırda Ukraynadan vətəndaşlarımızın gətirilməsi proseduru ilə bağlı bütün məsələlər Xarici İşlər Nazirliyi tərəfindən tənzimlənir", deməsi valideynlərin narahatlığını daha da artırıb, naziri isə qınaq obyektinə çevirib. Amma təhsil naziri bu məsələdə nə edə bilər? Və ümumiyyətlə, Ukraynadakı soydaşlarımızın təxliyəsi necə aparılır? Teref.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Bakıda əyləşərək Ukraynada baş verənlər haqqında danışmaq “ən asan” işdir:

- Vətəndaşlar bizə də zəng edir, övladlarına, qohumlarına görə narahatlıqlarını bildirirlər. Çətin vəziyyətdə olan insan hər yerdən, hamıdan dəstək gözləyir. Bizim də birbaşa səlahiyyətimizə aid deyil, təxliyə prosesinə qoşulmaq, yaxud maraqlanmaq. Amma çalışırıq, insanlara nədəsə yardımçı olaq.

Ən azından məlumat əldə etməyə, məlumatı ötürməyə çalışırıq. Mən təhsil nazirini qınamıram. Amma Təhsil Nazirliyi Ukraynada təhsil alan tələbələr barədə məlumatlı olmalıdır.

Ən azından informasiyanın əldə olunmasında yardım etməyə çalışmalıdır. Tələbələr haqqında nazirlyin malik olduğu məlumatları əlaqədar qurumlara ötürməlidir.

A.Allahverənov soydaşlarımızın Ukraynadan təxliyəsinin davam etdiyini dedi:

- Təxliyə prosesi gedir. Amma əlbəttə ki, çox çətindir. Kiyev, Xarkov, Xerson, artıq Jitomirdə də vəziyyət yaxşı deyil. Ukraynadan axın böyükdür və bu prosesi idarə etmək kiməsə asan görünməsin.

Bu axın artıq idarəolunmaz hala gəlir. Mütəşəkkillik üçün artıq əvvəlki imkanlar yoxdur. Əgər təxliyə prosesinin uğurlu olmasını istəyirdiksə, bu əlaqələr bir neçə gün əvvəldən qurulmalıydı, plan tərtib edilməliydi. İndi əldə olan imkanlarla hərəkət edilir. Və bu imkanlar da məhduddur.
Kiyevdən soydaşlarımızın olduğu qatarın yola düşəcəyi açıqlanmışdı. Bu qatarlar müəyyən saatlarda, əsasən gecə saatlarında hərəkət edir.

Onu da deyim ki, soydaşlarımızın qatar biletlərinin alınmasına fəxri konsul kömək edib. Bəlli siyahı üzrə biletlər alınıb. Amma dediyim kimi, qatarlar hər saatda yola çıxmır. Çalışırlar, nisbətən təhlükəsiz vaxt seçilsin və hərbçilərin məsləhəti ilə hərəkət edilsin. Hərbçilər təhlükəsiz dəhlizləri bilir, bilirlər ki, haradan hansı zamanda keçmək daha təhlükəsizdir. Hərbçilərin Ukraynanı tərk edənlərə məsləhətləri budur ki, kolonla hərəkət etməsinlər, çünki kolonlara atəş açılır.

Qatarla yola salınanlar, yəqin ki, Lvov istiqamətində hərəkət edəcək. Ordan da inşəllah, Rumıniya ərazisinə keçəcəklər, sonra çarter reysi ilə Azərbaycana gələcəklər.

Kiyevdə, Xarkovda təxliyə məsələləri ilə məşğul olan xüsusi operativ qərargah var, onlarla əlaqə saxlanmalıdır. Təxliyə prosesinə daha çox yerli diaspor təşkilatları kömək edir. Bizdə olan məlumata görə, Ukrayna Qarakalpak türklərinin Ali Radası yanında yaradılmış operativ qərargahın köməyi ilə 250 soydaşımız təxliyə edilib, onların arasında tələbələr də var.

Ən böyük problem informasiya qıtlığıdır. Sığınacaqlardakı vətəndaşlara məlumatların çatdırılması çətin olduğundan onların ölkə ərazisindən çıxarılması da çətinləşir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.