"Mən restoranda o qədər naz-nemətin stolun üstünə düzülməsinin tərəfdarı deyiləm"

3-03-2022, 11:14           
"Mən restoranda o qədər naz-nemətin stolun üstünə düzülməsinin tərəfdarı deyiləm"
"Mən restoranda o qədər naz-nemətin stolun üstünə düzülməsinin tərəfdarı deyiləm"
Xalq artisti Bilal Əliyev Moderator.az-ın suallarını cavablandırıb. Teref.az həmin müsahibəni təqdim edir:

- Bilal müəllim, pandemiya yumşalandan sonra az sayda toylar keçirilməyə başlanılıb. Bu baxımdan sizdə vəziyyət necədir?

- Düzünü desək, hələ də hər şey tam qaydasına düşməyib. İnsanlar bir az da ehtiyatlı olub, özlərini qorumalıdırlar. Bu xəstəlikdir, hər an qayıda bilər. Yaxşı olar ki, vaksin vurdurmayanlar gedib vaksinlərini vurdursunlar. Toylar əvvəlki qaydada keçirilmir. İnsanlar restoranlarda da məsafə saxlaya-saxlaya otururlar. Əvvəl bir masada 12 nəfər əyləşirdisə, indi bu say yarıya düşüb. Toy edənlər də nisbətən azdır. Kimlərsə ola bilsin gözləyir ki, hər şey düzəlsin və övladlarına təmtəraqlı toy etsinlər. Çünki hər bir kəsin ürəyində arzuları var. İstəmirlər ki, az adamla toy etsinlər.

- Şadlıq evlərinin sahibləri də yaranmış vəziyyətdən sui-istifadə edərək, qiymətləri qaldırırlar.

- Mən restoranda o qədər naz-nemətin stolun üstünə düzülməsinin tərəfdarı deyiləm. Masaya az sayda, ən əsası isə keyfiyyətli yeməklər qoymaq lazımdır. Toya gələn qonaqlar da ordakı yeməklərin, təamların keyfiyyətinə güvənməlidir. Bəzi hallarda süfrədə elə yeməklər olur ki, bilmirsən nə vaxtdan qalıb?! Üstəlik də baha qiymətə. Toy edən insanın toydan sonraya da pulu qalmalıdır. Tək toyla bitmir axı! Mən məsləhət görərdim ki, bütün restoranlarda menyunu azaltsınlar, 3 cür yemək gəlsə kifayətdir. Hesabı da adambaşı 100 manat qoyublar. Bir insan 100 manatlıq nə yeyə bilər?! Uzaq başı qoy 20 manatlıq yesin.

- Bilal müəllim, deyilənə görə hara gedirsinizsə, özünüzlə termos aparırsınız.

- Əvvəl termos aparırdım, indi isə su qızdırıcı aparat aparıram. Bu aparatı maşında da qoşmaq olur. Bir də maşında butulkalarda su gəzdirirəm. Suyu həmin aparata töküb, qızdırıram.

- Hər yer termos aparmaq insanlara güvənsizliyinizin göstəricisidir yoxsa giyiyena qaydalarına əməl edirsiniz?

- Mən illər öncə Yaponiyada səfərdə idim. Orada görürdüm ki, bir çox insanlar maskadan istifadə edirlər. O zaman heç pandemiya da deyildi, xəstəlik də yox idi. Elə bilirdim ki, bu maskanı çox ciddi xəstəliyi olan insanlar taxır. Daha sonra öyrəndim ki, adicə qrip xəstəliyinə yoluxanlar maskadan istifadə edirlər. Mədəniyyətin yüksəkliyinə baxın ki, onlar maskadan istifadə edirdilər ki, başqalarına xəstəlik keçirməsinlər. Amma bizdə bəzən görürsən ki, öskürür, asqırır, əlini cibinə salıb, dəsmal kimi istifadə edir. Onlar başa düşmürlər ki, virusu özləri yayırlar. Mən də hər yerdən su, çay içə bilmərəm! Bəlkə həmin stəkanda bir xəstə çay içib, həmin stəkanı düzgün stirlizə etməyiblər?! Daim xalqın xidmətində olduğum üçün özümü qorumalıyam.

- Bir neçə dəfə siz olan toylarda olmuşam və həqiqətən də sadəliyiniz, səmimiliyinizlə toyu sözün əsl mənasında ələ almısınız.

- Mən kasıb bir ailənin 10 övladından biriyəm, kasıbçılıqla böyümüşük. Bu zirvələrə addım-addım gəlib çıxmışam. Bu sənətə gələndən, istedadım işıq üzü görəndən indiyə qədər mən görmüşəm ki, Azərbaycan xalqı məni qanadının altına alıb. Hər oxuduqca, zəngulə vurduqca mənə pul xərcləyiblər, maddi vəziyyətimi düzəldiblər. Vaxtında kostyum ala bilməmişəm, yaxşı geyinə bilməmişəm, sonradan bunlar da düzəlib. Şəhərdə evim olmayıb, şükür indi var. Ulu öndərimizin, cənab prezidentimizin qayğıları ilə əhatə olunub, bu yerlərə gəlib çıxmışam. Məni bu yerlərə gətirən xalqdır! Necə bu xalqın üzünə ağ ola bilərəm?! Mənim yerim onların ayağının altıdır! Ona görə də mən çalışıram ki, xalqımın qarşısında çıxış edəndə özümü dartmayım, göylə aparmayım. Onlar da bunu görüb, az qalırlar ki, axırıncı tikələrini mənə versinlər. Ölkə başçısı da, millət vəkilləri də, adi, sadə insan da mənə bu qayğını göstərir. Mən necə öz canımı onlara fəda etməyim?! Allah xalqımızı qorusun!

-Bəzi müğənnilər isə efirlərdən pul istəyir. Sizcə bu düzgün haldır?

-O vaxt televiziyaya dəvət olunan qonağa qonorar verilirdi. Bu dünyanın bütün televiziyalarında belədir. Həmçinin də yaxın qonşu ölkələrdə. Amma bu qonorarı öncədən müqavilə şəkilində, şərtlərlə bağlayırlar. Mən belə başa düşürəm ki, biz gec-tez ona doğru gedirik.

-Rusiya-Ukrayna müharibəsində kimin tərəfindəsiniz?

- Mən Ukraynada çox konsertlərdə olmuşam. Ukrayna xalqının insanları çox yaxşıdırlar. 70 il də Sovetlər birliyinin tərkibində Ruslarla birlikdə yaşamışıq. Bizim hər iki ölkəyə hörmətimiz var. Bu da siyasətdir. Rusiyanın fikirləri başqa cürdür, Ukraynanın ki, başqa cür. Ukrayna başqa cür yaşamaq, Avropa birliyinə daxil olmaq istəyir. İstəyir ki, özünün müstəqil ölkəsi olsun. Ruslar da onlardan başqa şeylər tələb edirlər. Bu onların öz işləridir. Biz Ukrayna ilə də, Rusiya ilə də, digər dövlətlərlə də öz qardaşlığımızı edəcəyik. Biz xoşbəxt ölkəyik ki, Azərbaycanın Heydər Əlirza oğlu Əliyev kimi ulu öndəri olub və Azərbaycanı bütün bəlalardan qurtarıb, qurub-yaradıb, özündən sonra da bu işi davam etdirən bir yetirmə yetirib. Bu işləri bu gün cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev yerinə yetirir.

-Bir müddət əvvəl inglis dilini öyrəndiniz. Başqa hansı dillər var ki, siz həmin dillərə də müraciət edəcəksiniz?

-İnglis dili dünyəvi bir dildir. Dünyanın hansı ölkəsinə gedirsənsə get, mütləq şəkildə inglis dilində danışmalısan. Mən də çox xarici səfərlərə gedirəm. Ən azından özüm-özümü vəziyyətdən çıxara bilirəm. Amma mənə Azərbaycanın dili bütün dillərdən əzizdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.