Yuxu kimi ailənin sakinləri - FOTOLAR

29-08-2022, 00:02           
Yuxu kimi ailənin sakinləri - FOTOLAR
Könül Şahbazova: “Uşaqlara bir az azadlıq verməyi sevirəm, çalışıram ki, istədiklərini yerinə yetirim.

Amma Niyaz əksinə, bir az tələbkardır. Düşünürəm ki, ailədə biri elə, biri belə olmalıdır ki, sağlam düşüncəli uşaqlar böyüsün”.

Niyaz Qasımov: “Mən emosionalam. Məsələn, kompüterdə oyun oynamaq istəyirəm, otururam ki, başlayım, Könül nə üçünsə çağırır. Durub gedirəm, qayıdıb otururam, yenə də çağırır. Bax onda dəli oluram”.

Ailə və sənət elə bir əks qütblərdir ki, onların ortaq nöqtəsini tapıb yaşamaq, bəzən günəşə toxunmaq qədər əlçatmaz görünür. Bəzən isə iki sənət adamının ailə qurması, bir-birini başa düşüb yaşaması evlərində günəş doğurur. Müsahiblərim Bakı Uşaq və Gənclər Teatrının aktyorları Niyaz Qasımov və Könül Şahbazovadır. Onları bir-birinə sənət bağladı, bir-birlərinə həyat yoldaşı deyib uzun bir yola çıxdılar. Və mən də 7 il əl-ələ yürüdükləri ailə, sənət yolu haqda onlarla həmsöhbət oldum.

“Kaspi” qəzetinin Könül Şahbazova və Niyaz Qasımovla olan müsahibəsini təqdim edirik:

Anlamaq, danışaraq bir yerə çıxmaq

Könül xanımın fikrincə, ailədə anlayış olmalıdır: “Məncə, məni dünyada Niyazdan yaxşı heç kim anlamaz, elə Niyazı da məndən yaxşı heç kim baş düşməz”. Niyaz bəy də dərhal başını tərpətməklə təsdiqləyir və əlavə edir: “Olmamalıdır da!”

Könül xanım gülümsəyib davam edir: “Biz öncə bir-birimizi başa düşməyə çalışırıq. 7 ildir ki, ailəliyik, arada söz-söhbətlərimiz də olub. Amma hamısını danışaraq həll etmişik. Ən çox uşaqların üstündə savaşırıq. Əsas bir-birini anlamaqdır. Hərdən olur ki, Niyaz əsəbiləşir, mən susuram, danışmıram. Keçirəm o biri tərəfə. O dəqiqə gəlir ki, danış, de. Biz danışa-danışa bir yerə çıxırıq. Ya küsürük, ya barışırıq, amma danışa-danışa”. Niyaz bəy də əlavə edir: “Ailənin içində danışmadınsa, fikrini demədinsə, istər-istəməz soyuqluq yaranır. Fikirlərimiz üst-üstə düşməyə bilər. Amma danışaraq bir yerə çıxmalısan! Biz ən böyük davaların ortasında belə zarafat edə bilirik. Bu, mənim çox xoşuma gəlir. Davanın şirin yerində mən qışqırıram, Könül də ağzımı əyir. Özümü saxlaya bilmirəm, gülmək tutur məni. Adam bilmir gülsün, yoxsa əsəbiləşsin”.

Qəfil verilən sual

Niyaz bəy deyir ki, əvvəlki nəsil ailələr daha konservativ, daha qapalı idi: “İndi bütün dünyada qloballaşma gedir, qapana bilməzsən. İstər-istəməz sən də dövrlə ayaqlaşmalısan. Bu sənətin içindəsənsə, cəmiyyətə də inteqrasiya etməlisən”. Könül xanım da fikrini bildirir: “Bizim vaxtımızda atam televizora baxırdısa, həddimiz nə idi ki, kanalı çevirək?! Amma indi elə deyil. Biz oturub televizora baxırıq, qızımız gəlib kanalı dəyişir”.

Niyaz: “Belə məqamlarda mən əvvəlki nəslin tərəfdarıyam. O, icazə almalıdır”. Könül: “Mən uşaqlara bir az azadlıq verməyi sevirəm, çalışıram ki, istədiklərini yerinə yetirim. Amma Niyaz əksinə, bir az tələbkardır. Düşünürəm ki, ailədə biri elə, biri belə olmalıdır ki, sağlam düşüncəli uşaqlar böyüsün. Niyaz həm də tənbəldir. Bəzən nəyisə etmək lazımdır, harasa getməlidir, amma həvəsi olmur. Mən deyirəm ki, yox, sən mütləq ora getməlisən. Ona dəstək göstərirəm, stimul verirəm. İstəyirəm ki, daha çox üzdə olsun, daha çox görünsün”. Və müsahibənin bu yerində müsahiblərim mənə qəfil sual verirlər: “Sizcə, hansımız od, hansımız suyuq?” İkisinin də üzünə diqqətlə baxıram. Nə yalan deyim? Təəccübləndim. Amma bir qərar verməliydim və cavabım: “Mənə elə gəlir ki, məqama görə dəyişirsiniz. Bəzən Niyaz od olur, Könül su, bəzən də əksinə. Amma görünüşcə Könül daha aktiv olsa da, hiss edirəm ki, daha çox sudur. İkisi də gülür və sözümü təsdiqləyirlər.

Ət yeməsə, ac qalır

“Niyaz daha çox hansı yeməyi sevir” sualıma ikisi də bir ağızdan “qızardılmış toyuq” cavabını verir və gülürlər. Könül: “Niyaz ət yeməsə, ac qalır. Mən tərəvəzlə də dolanaram. Amma Niyaz ət olmasa, elə bil heç nə yeməyib”. Niyaz bəyə “Könül xanım üçün məxsusi yemək hazırlayıbsınız” sualını verirəm, yenə də ikisi bir ağızdan cavab verir: “Bir dəfə səhər yeməyi!” Və yenə də gülürlər. Könül: “Evlənəndən sonra bircə dəfə mənim üçün məxsusi səhər yeməyi hazırlayıb. Və deyib ki, bu, elə bir dəfə olacaq. Doğrudan da, bu, elə bir dəfə oldu”. Niyaz söhbətə qarışır: “Necə yəni bir dəfə? O qədər olub ki, sən çəkilişdə olubsan, mən hazırlamışam”. Könülün cavabı: “Onu hamı üçün, ümumi edibsən. Mənim üçün məxsusi isə bircə dəfə!” Könül xanım deyir ki, Niyaz zarafatcıldır, deyib-güləndir, amma tərs üzü dönəndə görməyəsən! Niyaz isə özünün belə xarakterizə edir: “Mən emosionalam. Məsələn, kompüterdə oyun oynamaq istəyirəm, otururam ki başlayım, Könül nə üçünsə çağırır. Durub gedirəm, qayıdıb otururam, yenə də çağırır. Bax onda dəli oluram”. İkisi də gülür. Qısqanclıqla bağlı sualıma Könül xanım belə cavab verdi: “Niyaza sosial şəbəkələrdə çox yazırlar. Düzdür, qısqanıram, amma əhəmiyyət vermirəm. Niyaza etibar edir, inanıram. Niyaz heç vaxt o həddə çatdırmır ki, o söhbət böyüsün, şişsin, aramızda problemə çevrilsin”.

“Yıxılmaqdan qalxmaq” dövrünün insanları

Heç özümüz də bilmədən ailə söhbətindən sənət söhbətinə keçdik. Niyaz Qasımov deyir ki, serial sektorunda əsasən maliyyə çatmır: “Əsas odur ki, inkişaf mərhələsindədir. Bu, elə bir sferadır ki, hər şey görüntüdən asılıdır. Baxanda bilirsən ki, serial “kasıbdır”, yoxsa “imkanlı”. Son zamanlarda Türkiyədə çəkilən seriallarla müqayisə olunur bizim seriallar. Mən bunu düzgün hesab etmirəm. Çünki çox şey maddiyyata bağlıdır. Çəkiliş kamerasından, drondan, lentdən tutmuş hər şey pula bağlıdır. Mən hələ aktyorların qonorarından danışmıram. Bu, başqa bir məsələdir, amma əsas odur ki, inkişaf gedir. Bizdən əvvəlki nəsil 90-cı illərdə potensiallarını göstərə bilmədilər. Çoxu sənətdən uzaqlaşdı getdi. Amma kifayət qədər istedadlı idilər. Onlara bəzən “məhv olmuş nəsil” deyirlər”. Könül xanım da söhbətə qoşulub bildirir ki, müqayisəni düzgün hesab etmir: “Türklərin çəkdiyi seriallardan danışırıqsa, onların da bundan 30 il əvvəl çəkdiyi seriallara baxsaq, elə də keyfiyyətli deyil. Sadəcə onlar inkişaf ediblər, bu sənayenin üstündə işləyiblər deyə bu gün bu səviyyədədir. Bizdə də bu sektor hələ təzəlikcə fəaliyyətə başlayıb. Aşağı-yuxarı 10 ildir ki, mütəmadi olaraq seriallar çəkilir bizdə. 1-ci Qarabağ savaşından sonra, SSRİ dağılandan sonra incəsənət aləmi sıfıra endi və hər şey yenidən yavaş-yavaş başladı. Hesab edirəm ki, biz hələ bir az xoşbəxt nəsilik ki, o inkişafda varıq. Bizdən sonrakı nəsil isə lap xoşbəxtdir, onlar o inkişafı tam görəcəklər. Biz “yıxılmaqdan qalxmaq” dövrünün insanlarıyıq. Mən karyeraya başlayanda özümü serialda, filmdə yox, ancaq teatrda görürdüm. Çünki yox idi. Amma bu gün teatrdan başqa filmlərə, seriallara, reklamlara da çəkilirəm. Ona görə də Türkiyə ilə müqayisəni bir o qədər də doğru hesab etmirəm. Çox adam mövcud şərtləri bilmədən danışır”. Niyaz bəy əlavə edir: “Türklər bir şeyi düzgün ediblər ki, serial işini sənaye kimi formalaşdıra biliblər. Yəni bu işdən maliyyə əldə etməyin yolunu tapıblar. İşə pul qoyur, satır və beləcə, pul qazanırlar”.

“Romeo və Cülyetta”nı ya daş dövründə qur, ya da kosmosda

Könül xanım həm aktrisa, həm də rejissordur. O deyir ki, hazırda teatrda yaxşı pyes yazan gənc nəsil çatmır: “Teatr yaxşı pyesdən başlayır. Dramaturgiyamız var, amma daha da güclü olmasını istərdim. Klassik dramaturgiyamız əladır, müasirimiz bir az zəif. Stimullaşdırmaq lazımdır ki, gənclər yazsın. “Filankəsdən bir də gəlməyəcək” deyirlər. Gəlməsin. Qoy o olduğu kimi qalsın, klassikamızdır. Amma yenilərini də inkişaf etdirmək lazımdır. Bundan başqa, klassik əsərlərin dekonstruksiyası da maraqlıdır. Hər bir rejissorun baxışı var. Əsərin ana xətti, ideyasını saxlamaqla, formasını dəyişmək gözəldir. Mən rejissor kimi müasirliyin tərəfdarıyam. Aktrisa kimi də bu cür rejissorlarla işləyəndə sevinirəm”. Niyaz bəyin fikrincə isə indi də yaxşı yazanlar var: “Bəzən deyirlər ki, daha əvvəlki kimi yaxşı əsərlər yazılmır. Elə şey yoxdur. Azərbaycanın suyu, torpağı həmişə istedadlar yetişdirib, yetişdirəcək də. Kimsə yeniliyi qəbul etmirsə, məsələn, elə Şekspiri kitabdan oxusun. İnsanın təxəyyülü bütün tamaşalardan gözəldir. Bilirsiniz, rejissorun öz yozumu olmalıdır. Köhnəni məhv etməmək, əlaqəni itirməmək şərtilə əsərlərə yeni baxış mütləq olmalıdır”. Və Könül xanım da əlavə edir: “İstəyirsən “Romeo və Cülyetta”nı daş dövründə qur, istəyirsən kosmosda. Əsərin məğzini saxlamaqla istənilən cür tamaşa qurmaq olar. Əsas odur ki, tamaşaçıya maraqlı olsun”.

“Rejissor kimi zəhlətökəndir”

Niyaz bəy deyir ki, xarakterik obrazları oynamağı sevir: “Bəyaz Şedevr” tamaşasında Könül narkomanın anasını, mən də bariqanı oynayırdım. O bariqa xarakterik obrazdır. “Yuxu kimi” serialında da Cövdət bu cür obrazdır. Hər ikisini çox sevirəm. Bu cür obrazlar yaratmaq, sevdirmək zövq verir mənə. Tamaşaçıların Cövdətə xüsusi marağını duyuram. Xoşuma gəlir.

Könül çox rahat aktrisa olduğunu, istənilən rejissorla işləyə biləcəyini deyir. Niyaz bəysə narazı sifətlə, həm də zarafatyana əlavə edir: “Amma rejissor kimi zəhlətökəndir (ikisi də gülür). Adamın suyunu çıxardır. Mən teatr məşqlərində çox zarafat edirəm, deyirəm, gülürəm, o da cırnayır. Hirsini çıxmaq üçün deyir ki, bir də əvvəldən! Biz də dəli oluruq. Amma işdə olan heç bir problemi, söz-söhbəti evə gətirmirik.” “Bəs “evdə rejissor kimdir” sualıma Könül xanım belə cavab verdi: “Bir-birimizlə bütün işlərimizi razılaşdırıb edirik. Mən hara gedirəmsə, ona mütləq deyirəm. Harasa “getmə” deyirsə, bunun da bir səbəbi olur. Amma aramızda xüsusi qadağalar yoxdur. Onun da bir işi olsa, amma eyni zamanda mənə də lazım olsa, oz işini mənə görə təxirə sala bilər. Mən də ona görə”.

Uşaqlar üçün oynamaq

Uşaqlar üçün oynamaq daha çətindir. Çünki uşaq gördüyünün dovşan, tülkü, qoğal və s. olmasına inanmasa, baxmayacaq. Hər ikisinin də uşaq teatrının aktyoru olduğunu nəzərə alıb bununla da maraqlandım. Niyaz deyir ki, uşağın xoşuna gəlmədisə, onun diqqətini cəlb edə bilmədinsə, o səhnəyə baxmayacaq, darıxacaq, ora-bura vurnuxub səs salacaq. Könül də fikri tamamlayır: “Fidan qoğal” tamaşasında Balış obrazındayam. Hamısı gözlərini bərəldib baxır. 3 dəqiqədən sonra uşaqlar artıq inandılar ki, mən balışam. Orada oyundan çox səmimiyyət göstərmək lazımdır. Olur ki, birdən uşaq yerindən nə isə deyir. Mən onun sözünə hörmət edirəm, ünsiyyətə girirəm. O anlayır ki, fikirləri mənə maraqlıdır”.

Bloggerlərlə bir meydançada

Niyaz bəy deyir ki, indi seriallarda aləm dəyib bir-birinə: “Son vaxtlar dəb halına düşüb, bloggerləri də seriallara çəkirlər. Onların əziyyətini yerə vurmuram. Onların öz işi var. Çəkib paylaşdıqları videolar maraqlıdır, sevilir də”. Könül xanım fikrin davamını gətirir: “Aktyorlarla bloggerlər bir çəkiləndə meydançada problem yaranır, əziyyət olur. Mən onun üçün oynayıram, o isə mənim üçün oynamır. Verdiyimi ondan ala bilmirəm. Onları reklam, reytinq xətrinə gətirirlər seriala. Bəlkə də “sitkom”da, komediyada gedər, alınar, amma dramatik janrda alınmır. Bloggerlər, məsələn, teatrda işləyə bilməz. Oradakı məşqlərə, əziyyətə tab gətirə bilməzlər. Aktyor plastilin kimi olmalıdır. O qədər potensiallı olmalıdır ki, lazım olanda Ezopu oynasın, lazım olanda Dərviş Məstəli şahı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.