İri supermarket şəbəkələrinin sahibləri vergilər nazirinə cavab verir
11-05-2016, 22:24
Manatın devalvasiyasından sonra bir sıra biznes subyektləri kimi iri supermarket şəbəkələri də ciddi problemlərlə-satış dövriyyəsinin aşağı düşməsi, mənfəətin kəskin azalması ilə üzləşdi. Bunun ardınca vergi qanunvericiliyində aparılan islahatlar supermarketlər üçün vergi yükünün faktiki artmasına səbəb oldu.
Xəbər verildiyi kimi iri supermarket şəbəkələrinin problemləri ilk dəfə “Rahat market” şəbəkəsi tərəfindən virtualaz.org saytı vasitəsilə ictimailəşdirilmişdi və bu məsələ geniş ictimai rezonansa səbəb olmuşdu. Məlum olmuşdu ki, sadalanan problemlər üzündən “Rahat market” şəbəkəsi 10-a qədər supermarketini bağlamalı olub, yüzlərlə işçisini ixtisar edib.
Bunun ardınca ölkənin digər iri supermarket şəbəkələrinin sahibləri də üzləşdikləri problemlər qarşısında müflis olmaq təhlükəsi qarşısında qaldıqlarını açıqladılar. Sahibkarlar iqtisadi inkişaf naziri Şahin Mustafayevə müraciət edərək supermarketlərin vergi yükünün azaldılması üçün addımlar atılmasını xahiş etdilər. Nazir bu müraciətə operativ reaksiya verdi və supermarket şəbəkələri sahiblərinin nümayəndələrini elə ertəsi gün qəbul etdi. Onların müraciətinin araşdırılacağına dair vəd verildi.
Sahibkarlar xahiş edirdilər ki, yerli istehsal olan sosial əhəmiyyətli gündəlik tələbat mallarının parakəndə satışının ƏDV-dən azad olunması üçün qanunvericilikdə dəyişikliklər edilsin.
Lakin bir gün əvvəl vergilər naziri Fazil Məmmədov jurnalistlər qarşısında bəyan etdi ki, supermarketlərə vergi güzəştlərindən söhbət gedə bilməz. Nazirin sözlərinə görə, supermarketlər şəbəkələrinin sahibləri ölkədə istehsal edilən kənd təsərrüfatı mallarının parakəndə satışının ƏDV-dən azad edilməsini istəyirlər. Hazırda belə məhsullarının 90-95 faizi bazarlarda, yarmarkalarda satılır. “Kim daha yaxşı çeşidlənmiş, qablaşdırılmış məhsul almaq istəyirsə, vergisini ödəyib supermarketlərdən ala bilər. Ona görə də, bu məsələdə vergi güzəşti mümkün deyil”, - nazir bildirib.
Vergilər nazirinin supermarket şəbəkələrinin sahiblərinin qaldırdığı məsələyə bu cür nöqtə qoyması sahibkarları məyus edib. Onlardan bir qrupu virtualaz.org saytının redaksiyasına gələrək bir daha üzləşdikləri vəziyyətin necə çıxılmaz olması haqda danışıblar.
Onların sözlərinə görə, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, dövriyyə həcmi 200 min manatı ötən sahibkarlara 6%-lik sadələşdirilmiş vergi ilə ƏDV ödənişi arasında seçim etmək təklif olunub. Devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin iki dəfə aşağı düşdüyünü deyən sahibkarlar hesab edirlər ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət parakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıydı.
Əgər birinci devalvasiyaya qədər market şəbəkələrinin ticarət obyektləri 2% həcmində sadələşdirilmiş vergiyə cəlb olunurdularsa, sonradan bu rəqəm 5%-ə qalxıb. Bu zaman ikinci devalvasiya baş verib və vergitutma dərəcəsi daha 1 faiz — 6%-ə qədər yüksəlib.
Ötən il ərzində vergi orqanları ölkə ərazisində 28 mağazası olan “RAHAT” marketlər şəbəkəsinə 3 dəfə xronometraj keçiriblər. Bütün bu yoxlamalar onunla nəticələnib ki, vergi işçiləri bundan sonra “Rahat market”ə 18%-lik əlavə dəyər vergisi verməli olduğunu bildiriblər. Hazırda 10 mağazası bağlanan marketdə 500-dən çox insan işsiz qalıb. Eyni aqibət digər supermarketləri də gözləyə bilər.
“FRESCO” və “SƏBƏT” supermarketlərinin direktoru Kamran Eyyubovun sözlərinə görə, əsas problem yerli kənd təsərrüfatı mallarının satışında tətbiq olunan ƏDV ilə bağlıdır. Sahibkarın sözlərinə görə, bu aradan qaldırılsa, supermarketləri qiymət artımı və ya bağlanmaq təhlükəsindən xilas etmək olar:
“Biz istəyirik ki, kənd təsərrüfatı məhsullarının istehsalı ƏDV-dən azad olunduğu kimi onların parakəndə satışı da vergidən azad olunsun. Biz hansısa kənd təsərrüfatı məhsulunu 1 manata alıb 1 manat 20 qəpiyə satırıqsa, verginin də həmin o qazancdan, yəni 20 qəpikdən tutlmasını istəyirik. Əks halda, supermarketlərə yerli kənd təsərrüfatı mallarını satmaq sərf etməyəcək. Yerli zəruri tələbat malları, kənd təsərrüfatı məhsulları marketlərdəki məhsulların 25%-ə qədərini təşkil edir. Artıq xarici məhsullar marketlərimizdə yerli məhsulları üstələyəcək”.
K. Eyyubovun sözlərinə görə, əgər yerli məhsula 18% ƏDV tətbiq olunsa yerli məhsulun qiyməti avtomatik olaraq 18% artmış olar. Bu isə rəqabəti pozur və yerli məhsulun satışında çətinlik yaradır.
Sahibkarların sözlərinə görə, yaranmış vəziyyət əsas gündəlik tələbat mallarının bahalaşmasına gətirib çıxaracaq. Supermarketlər isə indi çətin seçim qarşısında qalıb: ya qiymətləri artırmaq, ya bağlanmaq.
Devalvasiyadan sonra alıcılıq qabiliyyətinin də kəskin azaldığını, verginin isə artdığını deyən “MEGA STORE” və “SARI” marketlərinin təsisçisi Eşqin İsmailli isə deyir ki, mağazaların bağlanmasından ən çox ziyan burada çalışan aztəminatlı insanlara dəyəcək:
“Biz minlərlə insanı işlə təmin edirik. Mağazalarımızda işləyənlərin əksəriyyəti aztəminatlı insanlardır. Hətta elə əməkdaşlarımız olub ki, sentyabrda uşağını çanta ala bilmədiyinə görə məktəbə göndərmək istəməyib. Elə insanlar var ki, ailələrində 5-6 nəfər onun bizdən aldığı 300 manatla dolanır. Mağazalarımızın vəziyyətini bilən bir çox əməkdaşlarımız yaxınalaşaraq bizdən maaş istəmədiklərini, sadəcə ərzaq qarşılığında işləmək istədiklərini bildirirlər. Yəni, demək istəyirəm ki, bizim mağazaların bağlanmasından birinci növbədə bu insanlar əziyyət çəkəcəklər”.
Bu vəziyyətin yerli məhsulların satışına zərbə vuracağını deyən “RAHAT market”in təsisçisi Cəlal Babakişiyevin bildirdiyinə görə, sosial gərginliyin aradan qaldırılması naminə qanunvericiliyə dəyişiklik edilməlidir.
“Əlbəttə, ən asan yolla gedib satılan malların qiymətlərini qaldırmaq olardı, lakin biz buna getmək istəmirik. Marketlərdə satılan malların 30%-i sosial təyinatlı mallar qrupuna, yəni gündəlik tələbat mallarına aiddir. Həm də qiymət artımı “Rahat”ın qiymət siyasətinə də uyğun gəlmirdi. Vəziyyətdən çıxmaq üçün yeganə çətin və ən ağrılı yol qalırdı — şəbəkənin daha az gəlir gətirən üçdə bir hissəsinin bağlanması. Ümumiyətlə, 2015-ci ildən bizdə qazanc yox, yalnız zərər var. Bütün şəbəkələrimizdə stressli vəziyyət hökm sürür”-sahibkar deyir.
Sahibkar bildirir ki, vergi qanunvericiliyinin sərtləşdirilməsi təkcə iri supermarketləri müflis etməyəcək. Hazırda kiçik sahibkarların da təhlükə altında olduğunu deyən C. Babakişiyevin sözlərinə görə, yavaş-yavaş onlar da batacaqlar. Çıxış yolu kimi isə sahibkar təklif edir ki, onlara 6 ay vergi orqanları müdaxilə etməsələr, özlərini toparlaya bilərlər.
“Favorit” supermarketlər şəbəkəsinin təsisçisi Aydın Əzizov isə deyir ki, bir sıra xarici ölkələrdə, məsələn, qonşu Türkiyədə zəruri tələbat mallarına, kənd təsərrüfatı məhsullarına güzəştlər tətbiq edilir. Uşaq bezləri və digər ikinci növ əhəmiyyətli məhsullara 8%, lüks mallara (şokolad və s.) 23% və daha artıq faizlə vergi tətbiq olunur. Təsisçinin sözlərinə görə, biz də bu təcrübədən istifadə edə bilərik.
Sahibkarlar bildirirlər ki, ticarət sistemi üçün dövriyyənin 18%-i böyük məbləğdir. Həm də o, kiçik dövriyyələr üçün tətbiq edilmir. Əgər əvvəllər güzəştli vergitutma məbləği 120 min manata qədər idisə (ƏDV yalnız bu məbləğ keçiləndən sonra ödənilirdi), indi həmin rəqəm 200 min manatdır.
İndi belə vəziyyətdə hökumətdə hansı mövqenin üstünlük qazanacağını gözləmək lazımdır. Göründüyü kimi Vergilər Nazirliyi supermarket şəbəkələrinə vergi güzəştlərinə qəti şəkildə qarşıdır. Bunu başa düşmək olar- son vaxtlar vergi güzəştləri xahiş edən biznes subyektlərinin sayı artıb, nazirlik isə vergiləri toplayıb büdcəni doldurmalıdır. İqtisadi İnkişaf Nazirliyində isə belə görünür ki, iş yerlərinin itirilməməsinin vacibliyini başa düşürlər, xüsusən də aztəminatlı əhali qrupunun cəlb olunduğu iş yerlərinin. Bu vəziyyətdə ən optimal qərarın verilməsi üçün problem daha dərindən təhlil etmək lazım gələcək.