Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir

Bu gün, 10:38           
Bülletendə olanların pulu aylardır ödənilmir -
Artıq 4 aydır ki, ölkədə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə (bülleten) bağlı məsələlərin həlli də elektronlaşdırılıb. Mayın 1-dən “e-bülleten” sisteminə keçilib.
Bizimyol.info xəbər verir ki, bu keçidin özü də onsuz da sağlamlığındakı problemlərdən əziyyət çəkən insanlara əlavə problemlər yaradıb. “Sistemdə problem var” bəhanəsi ilə insanlar aylardır ki, onlara çatası pulu ala bilmir.

Hələ aprel ayında Əmək və Əhalinin Sosial Nazirliyi bununla bağlı məlumat yayaraq bəyan etmişdi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq. Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.

Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) elektron qaydada göndəriləcək.

Həmin elektron sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq:

“Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.

Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

“E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərat yaradır”.

Günel Hacıyeva Bizimyol.info xəbər portalına bildirib ki, qayınatası onkoloji xəstəlikdən əziyyət çəkir, bununla əlaqədar əməliyyat olunub. Onun sözlərinə görə, 4 aydır ki, “sistemdə problem var” bəhanəsi ilə pulunu ala bilmir: “Xəstəxana deyir ki, səhiyyəlik deyil, biz hər şeyi doldurub, sistemə vurmuşuq, “Sosial Müdafiə”likdir. Onlar da deyir ki, yox, xəstəxanada səhv eləyib. Qalmışıq bunların əlində. Hamı bilir ki, onkoloji xəstə nə deməkdir, onun dərmanlarının alınmasına, əlavə xərclərinə nə qədər pul lazımdır. Kənd yeridir, hardan tapaq? Bu adamın öz maaşını ala bilmirik bunların səhlənkarlığı ucbatından?”

Araşdırma zamanı məlum olub ki, eyni problemdən əziyyət çəkən vətəndaşların sayı həddindən artıq çoxdur. Dövlət qurumları isə xəstə insanların problemlərini həll etmək əvəzinə, onlara əlavə problem yaratmaqda davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru