Türkiyəyə qarşı təhlükəli fəallıq: “Hakimiyyət dəyişikliyinə cəhd...” – Müsahibə
26-11-2022, 09:35
Politoloq Ramiyə Məmmədova Teleqraf.com-a müsahibə verib.
TEREF.AZ onunla müsahibəni təqdim edirik.
- Türkiyə İraq və Suriyanın şimalında hava əməliyyatı keçirdi. Bir sıra ölkələrdən, xüsusən ABŞ-dan buna sərt reaksiya geldi. Türkiyə isə bölgədə quru əməliyyatı keçirəcəyini bəyan edib. Sizcə, Türkiyə belə etirazları nəzərə alacaq, yoxsa elan etdiyi əməliyyatı keçirəcək?
- Bilirsiniz ki, bir neçə gün əvvəl İstanbulda terror aktı törədildi. Olaydan sonra bu qanlı aktda iştirak etmiş xeyli sayda insan saxlanıldı, onların arasında Suriya, Moldova və bir sıra digər ölkələrin vətəndaşları vardı. Aparılan istintaq bu terror aktının PKK/YPG terror təşkilatı tərəfindən törədildiyi iddiasını təsdiqlədi.
Təşkilatdan verilən mesajlarda da bu öz əksini tapdı. Türkiyə rəhbərliyi bundan sonra qisas əməliyyatı keçirmək qərarı verdi. Nəticədə Suriya və İraqın şimalında belə bir əməliyyat keçirildi və keçirilir. “Pəncə” əməliyyatı davam edirdi, sadəcə bu əməliyyatın miqyası genişləndirildi.
Türkiyənin Suriya və İraqda keçirdiyi əməliyyatlar bir sıra ölkələrin sərt təpkisi ilə üzləşdi. Bu olaylar fonunda Türkiyənin Taksimdəki terror aktında görə ABŞ-dan gələn başsağlığı mesajını qəbul etməməsi də diqqət çəkdi. Daxili işlər naziri Süleyman Soylu buna çox sərt cavab verdi. Soylu bildirdi ki, Türkiyə ABŞ-ın başsağlığı mesajını qəbul etmir. Çünki Türkiyə ABŞ tərəfindən PKK/YPG terror təşkilatına maddi-texniki dəstək verildiyini bilir. Nəticədə terror təşkilatı Türkiyə əleyhinə öz fəaliyyətini davam etdirə bilir. Hətta terror təşkilatı bu yaxınlarda Ankaranın “Qızıl Ay” meydanına da bomba yerləşdirmişdi, amma bu olayın qarşısı vaxında alındı.
Türkiyənin terror təhlükəsindən qorunmaq üçün belə əməliyyatlar keçirməkdən başqa yolu yoxdur. Təbii ki, ABŞ-ın və bir sıra Avropa dövlətlərinin buna etirazları Ankarada qəbul edilmir. Təsəvvür edin ki, ABŞ və Türkiyə NATO-da müttəfiqdir, amma bu ölkələrdən biri digərinə qarşı terroru maliyyələşdirir. Bu da Türkiyə tərəfindən sərt təpki ilə qarşılanır. Bu, Türkiyənin ABŞ-a qarşı münasibətlərini sərtləşdirir, aradakı uçurumu dərinləşdirir. Sanki məqsədyönlü şəkildə Türkiyənin NATO-dan çıxmasına zəmin yaratmaq istəyirlər. Amma bu baş verən deyil.
ABŞ Türkiyəni bir barmağıyla idarə edə biləcəyi dövlətə çevirmək istəyir. Türkiyə buna qarşı sərt mübarizə aparır, müavimət göstərir. ABŞ da anlayır ki, Türkiyə əvvəlki Türkiyə deyil, onu ipə-sapa gətirə bilməyəcək. Buna görə də Türkiyənin müqavimətini qırmaq üçün ona qarşı terroru maliyyələşdirir. Amma Türkiyənin terrorla mübarizədə böyük təcrübəsi var, belə əngəllərlə onu dayandırmaq mümkün deyil. Bu baxımdan, nə ABŞ, nə də digərlərinin etirazını nəzərə alacaq, əgər elan edibsə, quru əməliyyatları olacaq.
Türkiyə son əməliyyatları da belə etirazlar fonunda keçirdi. Çünki söhbət Türkiyənin təhlükəsizliyindən gedir və ölkə rəhbərliyi bu məsələdə güzəştə getməyəcək.
- Ümumiyyətlə, PKK/YPG terror təşkilatının indiki məqamda Türkiyə əleyhinə fəallaşması nə ilə əlaqəli ola bilər?
- Gələn il Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Hər seçkilərdən əvvəl Türkiyədə bu kimi olaylar baş verir. Yəni əvvəllər də belə olub. Təbii ki, terrorçular özbaşına deyil, onları hərəkətə gətirən dövlətlər var. Dediyim kimi, ABŞ burada xüsusi rola malikdir.
Türkiyənin müstəqil siyasət yürütməsi və regional oyunçudan qlobal aktora çevrilməsi bir sıra Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın xoşuna gəlmir. Buna görə də ABŞ onun maraqlarına xidmət edəcək şəxsi və ya qüvvəni Türkiyədə hakimiyyətdə görmək istəyir. Bütün bunlar da hakimiyyət dəyişikliyinə nail olmaq üçün edilən cəhdlərdir.
Təbii ki, Prezident Ərdoğan hakimiyyətə gəldikdən sonra da Türkiyənin ABŞ-la yaxşı münsibətləri vardı. Amma Ərdoğan Türkiyəni müstəqil oyunçuya çevirdikcə, ABŞ onu sıxışdırmağa, təzyiqləri artırmağa başladı. Hətta bu dönəmdə Türkiyəyə qarşı sanksiyalar da tətbiq etdi.
ABŞ Türkiyənin müstəqil geosiyasi oyunçu və müstəqil dövlət kimi görmək istəmir. Amerika həmişə Türkiyəni özündən asılı duruma salmağa çalışıb. Türkiyənin güclənməsini istəməyən ABŞ ona “Patriot” sistemlərini satmaqdan imtina etdi. Bundan sonra Türkiyə Rusiyadan S-400 sistemləri almağa məcbur oldu. Bunu fürsət bilən ABŞ bəhanələrlə Türkiyəni F-35 proqramından çıxarmaqla dayanmayıb, ona bu və F-16 qırıcılarını satmaqdan imtina etdi.
Eləcə də, ABŞ-ın bölgədə “kürd dövləti”nin yaradılması yolunda terrorçulara verdiyi dəstək Türkiyəni tədricən ABŞ-dan uzaqlaşdırdı.
Bu gün PKK/YPG-nin fəallaşması ona Qərbdən verilən dəstəyin daha da artması ilə bağlıdır. İndi bu dövlətlər bu faktora əl ataraq, seçkilərdən əvvəl Türkiyə rəhbərliyini həm ölkə daxilində, həm də xaricində nüfuzdan salmağa çalışırlar.
Buna baxmayaraq, Türkiyə qətiyyətli şəkildə özünü müdafiə edir və öz yolunda irəliləyir. Türkiyə bu yolda türk dövlətlərinin vahid ordusunu da qurmağa çalışır. Türkiyə və Azərbaycanın böyük səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilmək yolundadır.
- Ermənistan bu dəfə də KTMT-nin dəstəyini ala bilmədi. İrəvandakı sammit bitər-bitməz Ermənistan rəsmiləri Rusiya və KTMT əleyhinə sərt mesajlar verməyə başladılar. Sizcə, bu artan narazılığının davamı olaraq, Ermənistan KTMT-dən çıxa bilərmi?
- Ermənistan indi elə bir durumdadır ki, hansı təşkilatda olur-olsun, oradan dəstək ala bilmir, çünki hər kəs özünü müdafiə etmək üçün gətirdiyi arqumentlərin yalan olduğunu bilir. Ermənistanın Qarabağ məsələsi ilə bağlı özünü müdafiə edə biləcəyi bir aqrument tapa bilməz.
İndi Ermənistan nəinki KTMT-dən, heç yeganə müttəfiqi Rusiyadan dəstək ala bilmir. Təbii ki, Ermənistanın Rusiyadan tamamilə dəstək ala bilmədiyini demək yanlış olardı. Rusiyadan dəstək verilir, amma Rusiya bəzi məsələlərə münasibətdə daha ehtiyatlıdır. Eyni zamanda, Rusiya ikili oyun oynayır. Bu kontekstdə Rusiya sülməramlılarının Qarabağdakı “fəaliyyətləri” diqqətdən yayınmır. Sülhməramlılar aşkar formada separatçılara dəstək verir. Laçın dəhlizindən müəyyən şəxslərin keçməsinə, silah-sursat daşınmasına imkan yaradırlar. Separatçıların son günlərdə artan təxribatlarında da rus sülhməramlılarının rolu var.
Təbii ki, sülhməramlılar bunu özbaşına etmir, təlimatın Moskvadan gəldiyi istisna deyil. Ruben Vardanyanın Xankəndiyə gəlməsi və separatçı rejimin başına keçmək cəhdlərinin arxasında da Rusiya dayanır. Amma Rusiya Ermənistana açıq dəstək verməkdən çəkinir. Çünki Rusiya Azərbaycanın bölgədə artan nüfuzunu nəzərə alır, eyni zamanda, onu itirməmək üçün Ermənistana açıq dəstək vermir.
KTMT-yə gəldikdə, Ermənistan istisna olmaqla, bu təşkilatın digər üzvləri ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Həmin dövlətlər də Ermənistanın KTMT-ni prosesə cəlb etmək səylərini bloklayırlar. KTMT-də heç kim Türkiyə və Azərbaycanla müharibəyə girməyə razılaşmaz. Xüsusən də Rusiya. Dünyadan təcrid olunduğu vaxtda Rusiyanın ən güclü tərəfdaşı Türkiyədir. İndi Rusiya belə bir tərəfdaşının qarşısına düşmən kimi çıxmaz. Buna görə də KTMT Ermənistana istədiyi cavabı vermir.
Digər yandan, Azərbaycan bölgənin lider dövlətidir, regional proseslərdə öz rolu olan ölkədir. Azərbaycanın sahib olduğu strateji üstünlüklər də Rusiya tərəfindən nəzərə alınır. Buna görə də Rusiya Azərbaycanın ona uzaq yox, yaxın olmasını istəyir. Rusiya Azərbaycanla bağlı məsələlərə həssas və ehtiyatla yanaşır.
KTMT-yə gəldikdə, Ermənistanın bu blokdan çıxması ona heç nə qazandırmayacaq. Eyni zamanda, Paşinyanın və Ermənistanın elə bir gücü də yoxdur ki, Rusiya qarşısında nümayişkaranə şəkildə KTMT-dən çıxsın. Rusiyadan asılılığı Ermənistana geniş əl-qol açmağa imkan vermir.
Müəllif: Mənsur Rəğbətoğlu