“İranı beynəlxalq məhkəməyə verməli, rus hərbçilərini ərazilərimizdən çıxarmalıyıq” - ekspertdən UYARI

7-12-2022, 21:09           
“İranı beynəlxalq məhkəməyə verməli, rus hərbçilərini ərazilərimizdən çıxarmalıyıq” -
“İran bir neçə beynəlxalq konvensiyanı və BMT Nizamnaməsinin birinci maddəsini pozur. Yəni başqa dövlətin daxili işlərinə qarışır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə qəsd edir, terrorla məşğul olur. Bu isə beynəlxalq hüquqla yolverilməzdir”.

TEREF.AZ bildirir ki, bunu Reyting.az-a professor Cümşüd Nuriyev İran vətəndaşları olan terrorçuların qanunsuz yolla Qarabağdakı separatçıların yaşadığı əraziyə keçməsini şərh edərkən bildirib.

C. Nuriyev deyib ki, İrandan Qarabağdakı separatçıların yaşadığı əraziyə 13 və 14 nəfərlik iki terrorçu qrup keçib. Onun sözlərinə görə, bu adamlar Azərbaycan ərazisinə rus sülhməramlıların yarıtmaz xidməti nəticəsində keçə bilib: “Sözsüz ki, bu qruplar indi Xankəndi və ətrafında yaşayan minlərlə erməniyə təlim keçmək, İran silahlarından istifadəni öyrətmək və daha sonra onları silahlandırmaq niyyəti güdür. Bir dövlətin başqa bir dövlətin ərazisindəki separatçılara təlim keçməsi isə həmin dövlətə qarşı elan olunmamış müharibədir. Bunun həm beynəlxalq hüquqda, həm də real adı budur”.

Siyasətçi-professorun fikrincə, Azərbaycan tərəfi İranın bu hərəkətlərinə görə, BMT Təhlükəsizlik Şurasına müraciət etməli, eyni zamanda İranı beynəlxalq məhkəməyə verməlidir.

C. Nuriyev əlavə edib ki, Azərbaycan ərazilərinə keçən terrorçu qrup üzvlərinin pasportları və fotoları Azərbaycan mediasında paylaşıb: “Dövlət Təhlükəsizliyi Xidməti yəqin ki, bu məsələləri daha dərindən bilir. Eyni zamanda peyk vasitəsilə onların avtomobil nömrələrinə qədər hamısı çəkilib. Daha hansı məlumat lazımdır ki, İranın Azərbaycan ərazisində terrorla məşğul olmasını sübuta yetirək? Bizim sübuta ehtiyacımız yoxdur”.

Professor sonda qeyd edib ki, Qarabağdakı rus sülhməramlıları ya üçtərəfli sazişə əməl etməli, ya da Azərbaycan ərazilərindən çıxarılmalıdır: “Çünki bunlar bir tərəfdən İran terrorçularını, digər tərəfdən də Vardanyanı Azərbaycan ərazilərinə buraxır. Eyni zamanda Azərbaycanın axtarışa verdiyi Xocalı qatillərini gizlədirlər. Sülhməramlılar sülhdən başqa hər işlə məşğul olur. Azərbaycan İrana nota da verib. Artıq məsələləri qanunvericilik səviyyəsinə keçirmək lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.