İsraildən Bakıya gələn iki zəngin şifrələri: - dörd mesajdan biri Tehranadır

3-02-2023, 17:30           
İsraildən Bakıya gələn iki zəngin şifrələri: - dörd mesajdan biri Tehranadır
Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın telefon danışığı olub. Telefon danışığı israilli nazirin təşəbbüsü ilə baş tutub. Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib. General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib. Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Elə həmin gün Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevlə də İsrailin müdafiə naziri Y.Qallant arasında telefon danışığı olub. Telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə Y.Qallantı təbrik edib.

“Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar”, - deyə DSX-nın Mətbuat Mərkəzinin məlumatında qeyd edilib.

Bölgədəki hazırki gərginliyin hökm sürdüyü, İranın Azərbaycana qarşı təxribatlarının və təhdidlərinin artdığı, İrana qarşı İsraildən ehtimal olunan dron hücumlarının olduğu bir vaxtda İsrail müdafiə nazirinin Azərbaycanın iki yüksək vəzifəli generalına zəng etməsi bir çox suallar yaradır. Cəmiyyətdə bir narahatlıq var ki, İsrail İrana qarşı müharibəyə başlamaq ərəfəsindədir və prosesə Azərbaycanı da cəlb etmək niyyətini ortaya qoyur.

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İsrailin yeni təyin olunan müdafiə nazirinin Bakıya zənginin bir neçə əhəmiyyətli məqamları və mesajları var:

- Birincisi, bu zəng İsrailin Azərbaycanla hərbi əməkdaşlığı genişləndirməsi istiqamətlərinə nəzər salmaqla bağlıdır. Müəyyənləşdirmək istəyirlər ki, əməkdaşlıq hansı istiqamətlərdə daha da genişləndirilə bilər. İkincisi, ola bilsin ki, bu zəng Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlıdır. “İrandan növbəti təxribatlar olarsa, İsrail Azərbaycana hansı dəstəyi verə bilər” sualı ətrafında fikir mübadiləsi aparıla bilər. Üçüncüsü, İsrailin müdafiə naziri təkcə Zakir Həsənova yox, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə də zəng edib ki, bu, maraqlı məqamdır. Sadəcə müdafiə nazirləri müzakirə aparsaydılar, anlamaq olardı ki, yeni nazir hərbi əməkdaşlığı müzakirə ediblər, burada qeyri-adi nəsə yoxdur. Amma Elçin Quliyevə zəng onunla bağlı ola bilər ki, sərhədin qorunmasının təkmilləşdirilməsində İsrail Azərbaycana hansı töhfələri verə bilər. Nəzərə almamaq lazımdır ki, İranla quru sərhədlərimiz bağlı olsa da, təhlükələr istisna deyil. Dördüncüsü, hesab edirəm ki, bu telefon zəngi ilə İrana da bir mesaj göndərildi. İsrailin müdafiə naziri azərbaycanlı həmkarına və DSX rəisinə zəng etməklə Tehrana mesaj verdi ki, Azərbaycanla hərbi əməkdaşlığı genişləndirəcək, bunda Bakı da maraqlıdır və İran buna mane ola bilməz. Düşünürəm ki, Qallantın zənginin şifrələri bunlardır.

ABŞ-dan da zənglər və səfərlər var. Çünki ABŞ da Azərbaycan səfirliyinə hücumdan, təxribatlardan narahatdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini dondurduqdan sonra Avropa ölkələri də bu istiqamətdə qərar veriblər. Böyük Britaniyanın, Almaniyanın İrandakı səfirliyinin fəaliyyətini məhdudlaşdırması haqqında məlumatlar var.

- Bu qərarların daha çox İrana dron hücumları ilə bağlı olduğu bildirilir...

- Düzdür, dron hücumları ilə bağlıdır. Digər ölkələr İranın onlara qarşı da təxribatını istisna etmirlər. Məsələ burasındadır ki, bölgədə müharibə ab-havası var. Söhbət İran-Azərbaycan gərginliyindən getmir. İsrail İrana zərbələr endiribsə, bu, artıq müharibənin ilk addımları deməkdir. Bölgədə müharibə yelləri əsir. Bəllidir ki, İsrail İranın nüvə silahı əldə etməsinə imkan vermək istəmir. Faktiki olaraq, Tehranın uranın zənginləşdirilməsi ilə bağlı çalışmaları sürətlənib. İsrail anlayır ki, Tehran nüvə silahı əldə etsə, birinci hədəf İsrail olacaq. Bunun qarşısını almaq üçün israilin Baş naziri açıq şəkildə bildirir ki, müharibəyə belə gedə bilərlər. Müharibə isə məncə lokal şəkildə başlayıb.

- Sizcə, belə situasiyada İran nə edə bilər?

- İranın əli İsrailə çatmır. Amma İran silahlandırdığı terrorçu qrupları İsrail və ABŞ-ın mövqelərinə, maraqları olan nöqtələrə hücumlara sövq edə bilər. Nəzərə almaq lazımdır ki, bu ölkələrin Azərbaycanda da maraq nöqtələri mövcuddur. Ona görə də düşünürəm ki, Azərbaycan təhlükəsizlik tədbirlərini artırmalıyıq.

Onu da nəzərə almaq lazımdır ki, İranın nüvə silahı əldə etməsi İsrail qədər Azərbaycan üçün də təhlükəlidir. Biz indi görürük ki, nüvə silahı olan ölkələrin liderləri bundan təhdid vasitəsi kimi istifadə edirlər. Diqqət edin, Rusiya lideri Putin müharibənin gedişində “nüvə silahı ata bilərik” xəbərdarlığı ilə dünyanı təhdid etdi. İran indi Azərbaycanı hansı formada təhdid edir, təxribatlar törədir, bunu görürük. Təsəvvür edin ki, sabah İran nüvə başlıqları əldə edərsə, o zaman Azərbaycana qarşı hansı addımları ata bilər.

- Belə fikirlər var ki, bölgədə gərginlik Azərbaycanı poliqona çevirə bilər. Və analitiklər belə hesab edirlər ki, bunun baş verməməsi üçün Azərbaycan diqqətli olmalıdır. Azərbaycan nə etsin ki, poliqona çevrilməsin?

- Azərbaycan heç bir halda poliqona çevrilməməklidir. Bu bizim milli və təhlükəsizlik maraqlarımıza ziddir. Hansısa ölkənin bizim ərazilərimizdən qonşu dövlətə qarşı istifadə edilməsi zərərlidir. Bəli, İranla münasibətlərimiz gərgindir, əlaqələrdə suallar çoxdur. Amma bu o demək deyil ki, bizim ərazimizdən İrana qarşı istifadə edilə bilər. Düzdür, ABŞ-la münasibətlərimiz yaxşıdır, İsraillə tərəfdaşlığımız var. Lakin İsrail də anlayır ki, Azərbaycan öz ərazilərindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Bu barədə Azərbaycan Prezidenti dəfələrlə bəyanat verib. Əslində rəsmi Bakı Tehrana mesaj verir ki, bizlə bağlı şübhəniz olmasın, ərazimizdən sizə qarşı istifadəyə imkan verilməyəcək.

- Sizcə, İran-İsrail müharibəsi başlasa, regionda əsas ölkə olan Azərbaycan tam kənarda qala biləcəkmi?

- Əlbəttə ki, müharibə başlasa, bunun qəlpələri Azərbaycana da çatacaq. Ən azı humanitar böhranla üz-üzə qala bilərik. Nəzərə almaq lazımdır ki, İran ərazisində 35 milyon azərbaycanlı yaşayır. Onların bu taya keçməyəcəyinə zəmanət yoxdur. Bizə pənah gətirən soydaşlarımızı itələyə biləcəyikmi? Suriyada müharibə oldu, 3-4 milyon insan Türkiyəyə keçdi. Bununla da türkiyə kimi böyük dövlətdə ciddi sosial-iqtisadi çətinlik yarandı. Əgər İranda müharibə olsa, açıq demək lazımdır ki, biz sərhədi bağlı saxlaya bilməyəcəyik. Belə hallar əvvəllər də olub. İranda nə zaman təlatümlər baş veribsə, bunun Azərbaycana təsirləri özünü göstərib. Hətta SSRİ dönəmində belə Azərbaycan cənublu soydaşlarımız üçün sərhədləri açıb.

Əlbəttə, biz tərəf olmayacağıq, poliqona çevrilməyəcəyik, amma İranda humanitar böhran yaransa, nəzərə alaq ki, bu ehtimal çoxdur, o zaman soydaşlarımıza qapını bağlı saxlaya bilməyəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.