“HÖKUMƏTİ CİDDİ İSLAHATLARA ÇAĞIRIRAM” – “Bu sürətlə Avropaya çatmaq üçün bizə neçə onillər lazımdır?”

18-03-2023, 10:04           
“HÖKUMƏTİ CİDDİ İSLAHATLARA ÇAĞIRIRAM” –
“Hörməti sədr, cənab Prezidentin və sizin son səfərləriniz, aparılan danışıqlar, verilən bəyanatlar, əldə olunan nəticələr xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Amma təəssüf ki, hökumətin müəyyən istiqamətlərdə atdığı addımlar təqdir olunsa da, bu sözləri bütövlükdə hökumətin fəaliyyətinə aid etmək olmaz”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deyib. Millət vəkili “Qarabağda görülən bərpa işləri, Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun zəlzələ zamanı qardaş Türkiyə Respublikasına verdiyi dəstək, bizim xilasedicilərin göstərdiyi fədakarlıq, xarici agenturaya qarşı aparılan mübarizənin gücləndirilməsi, əlbəttə təqdir olunmalıdır”,- deyib və əlavə edib: “Amma hökumətin hesabatı ilə hətta səthi tanışlıq belə göstərir ki, həqiqətən də hökumət iqtisadi islahatları dərinləşdirmək istiqamətində ciddi addımlar atmır. Məsələn, iqtisadiyyatın dövlət sektorunda çalışanların sayı 903300 nəfər, qeyri-dövlət sektorunda isə bu rəqəm 830600 nəfərdir. Yəni daha çox muzdlu çalışanlar dövlət sektorundadır. Amma dövlət sektorunda çalışanlar özəl sektorda çalışanlarla müqayisədə xeyli az əməkhaqqı alırlar. Onu da nəzərə alsaq ki, dövlətin, yəni neft-qaz sektorunda çalışanların orta aylıq əməkhaqqı 3415 manat göstərilir. Yəni bunun hesabına dövlət sektorunda çalışanlar 794 manat maaş alırlar. Onu da nəzərə alaq ki, inflyasiya 13,9 faizdir. Biz bu rəqəmləri hər dəfə səsləndiririk. Belədirsə, niyə hökumət özəlləşdirmə aparmır ki, insanlar özəl sektorda çalışsınlar və daha yüksək maaş alsınlar, həyat şəraitləri daha da yaxşılaşsın? Hökumətin hesabatında o da öz əksini tapmır ki, məhz iqtisadiyyatın əsas sahələri dövlətə məxsus olsa da, dövlət müəssisələri nə qədər vergi ödəyirlər. Yəni bu rəqəmlər həmin dövlət müəssisələrinin nə qədər səmərəli fəaliyyət göstərməsini nümayiş etdirər. 2022-ci ildə xarici ticarət dövriyyəsi 40,2 milyard manat olub. Neft-qaz sektoru üzrə, hörmətli Baş nazir Əli müəllim də dedi ki, 27 milyardlıq profisit olub. Amma Əli müəllim qeyd eləmədi ki, qeyri-neft-qaz sektoru üzrə 5,8 milyard manatlıq kəsir olub. İqtisadiyyatmız bu gün də neftdən asılıdır. İxracatımızın da təqribən 92,6 faizi neft və neft məhsullarıdır”.

Millət vəkili əlavə edib ki, iqtisadiyyatın tənzimlənməsinin elmi əsasları olmalıdır: “Biz, görürük ki, su qıtlığı var. Amma buna baxmayaraq 2022-ci ildə bitkiçilik məhsulları üzrə 3,3 faiz artım olub. Bu çiləmə və damcı üsulu ilə kənd təsərrüfatında suvarmanın təşkil olunması ilə əlaqəli deyil. Otlaq sahələri şumlanıb, əslində heyvandarlığa ciddi zərbə vurulub, aqroparklar yaradılıb. Amma biz bilirik ki, rayonlarda insanların çoxu məhz kənd təsərrüfatı hesabına yaşayırlar. Ona görə də su ilk növbədə o insanlara verilməlidir ki, onlar aclıqla üz-üzə qalmasınlar. Biz onu da bilirik ki, insanlarımızın sosial vəziyyəti ağırdır. Ötən il xaricdən təqribən 2,6 milyard manat pul köçürülüb. Və bu birbaşa ölkədə sosial gərginliyin aradan qaldırılmasına yönəlir, xüsusilə də ərzaq məhsullarının alınmasında. 2022-ci ildə qeyri-neft sektorunda 9,1 faiz artım olub ki, hökumət bunu xüsusilə qeyd edir. Amma bu nəyin hesabına olub? Nəqliyyat, turizm, anbar təsərrüfatı, ictimai iaşə və tikinti hesabına. Yəni sənayenin inkişafı, istehsal və emal müəssisələrinin yaradılması hesabına yox. Hökumətdən soruşuram ki, niyə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmur? Bütün qonşularımız bu təşkilatın üzvüdür, yənu bu məsələ hər dəfə uzadılır. 2022-ci ildə bütün maliyyə mənbələrindən əsaslı kapitala 18,3 milyard manat qoyulub, dövlət əsaslı vəsait qoyuluşu da 3,2 milyard manat olub. Bu, ölkəmiz üçün çox kiçik bir rəqəmdir. Xarici banklar Azərbaycana buraxılmalıdırlar ki, Azərbaycanda sahibkarların aşağı fazilə kreditlərə çıxışı olsun. İnvestisiya qoyuluşunu artırmaq üçün həm də mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Əslində bu gün Azərbaycanda bazar iqtisadiyyatının elementləri olan dövlətin idarə və nəzarət etdiyi iqtisadiyyat mövcuddur. Amma biz bazar iqtisadiyyatına keçməliyik”.

Millət vəkili bildirib ki, adam başına düşən ÜDM 7,8 min dollardır: “Avropa İttifaqında orta rəqəm 38 min avrodur. Yəni 2022-ci ildə ümumdaxili məhsul real ifadədə 4,6 faiz artıb.

Hörmətli hökumət üzvləri!

Bu inkişaf sürəti ilə qarşıdakı illərdə hətta Avropa ölkələrində iqtisadi artım olmasa belə, orta Avropa səviyyəsinə çatmaq üçün bizə neçə onillər lazımdır? Yəni dövlət müəssisələri özəlləşdirilmədən, inhisarçılığa son qoyulmadan, iqtisadiyyatın sürətli inkişafını necə təmin edə bilərik? Konstitusiyanın 15-ci maddəsində qeyd olunur ki, dövlət iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Amma görün nə qədər inhisarçı dövlət şirkəti var. Konstitusiyanın 59-cu maddəsində qeyd olunur ki, dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Amma iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Hökumət hələ də müəssisələrin səhmlərinin satıldığı normal bir birja yarada bilməyib ki, insanlar həmin səhmləri almaqla pul qazansın, artıq pullar evlərdə saxlanmasın. Hökuməti növbəti dəfə daha ciddi islahatlara çağırıram. Neftin qiyməti düşsə 2014-cü ildə olduğu kimi Azərbaycanı yeni devalvsiya və iqtisadi tənəzzül gözləyir. Bunun qarşısını almaq üçün mütləq ciddi islahatlar və özəlləşdirmə aparılmalı, Azərbaycanda real bazar iqtisadiyyatı yaradılmalıdır”.

(Xalqcebhesi.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.