“Düşməni məğlub etmək üçün bu üç şey lazımdır” - General bir-bir sadaladı
12-05-2023, 12:44
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Mikola Malomuj müharibədə Rusiyaya qalib gəlmək üçün zəruri olan üç mühüm amili sadalayıb.
Teleqraf.com xəbər verir ki, general hazırda Ukrayna ordusunun uğurlu əks-hücumu üçün tərəfdaşlarından aldığı zəruri silahlarla 95 faiz təchiz olunduğunu deyib.
Eyni zamanda qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hələ də uzaqmənzilli raketlərə (məsələn, mənzili 300 km-ə qədər olan ATACMS-a), daha çox zirehli texnikaya və təxminən bir milyon ədəd sursata ehtiyacı var.
“Bizə 300 kilometrə qədər vuran, bütün hədəflərini, aerodromları, sursat anbarlarını, cəbhəyə doğru hərəkət edən ehtiyatları məhv edəcək raketlərə ehtiyacımız var. Bu çox vacibdir”, - Malomuj vurğulayıb.
İkinci amil zirehli texnikadır. Demək olar ki, Ukrayna bu cəhətdən tam təchiz olunub. Amma Malomuj hesab edir ki, alınmalı olan bəzi texnikalar da var. Sursat tədarükü məsələsinə gəlincə, aktiv hücum əməliyyatları aparması üçün Ukrayna ordusuna təxminən bir milyon ədəd sursat lazımdır. Avropa ilə bu məsələdə müəyyən konsensusa gəlindiyi bildirilir.
General F-16 qırıcılarını Ukrayna üçün vacib olan “ayrıca amil” adlandırıb. Bu tip təyyarələrin tədarükü Ukraynanın səmada müdafiəsini və imkanlarını xeyli gücləndirəcək.
General qeyd edib ki, hər şeydən əvvəl qələbənin açarı döyüş meydanında artıq adı çəkilən “gümüş güllələr”in birləşməsidir:
“Gümüş güllə” ən son silahların, texnikaların, yüksək dəqiqliyə malik döyüş sursatlarının və sistemli şəkildə təlim keçmiş Ukrayna Silahlı Qüvvələrinin qeyri-standart və çoxşaxəli təsiredici addımlarının kombinasiyasıdır”.