Zəngəzurla bağlı sürpriz anlaşma: İrəvanın geri addıma yeri qalmadı - Bundan sonra NƏ OLACAQ?

16-05-2023, 10:03           
Zəngəzurla bağlı sürpriz anlaşma: İrəvanın geri addıma yeri qalmadı -
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Brüsseldə keçirilən görüş mühüm anlaşmalarla yadda qaldı. Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanıdığını bildirdi. Bununla bağlı verilən digər açıqlamalarda da 86.6 min kvadrat kilometr vurğusu diqqət çəkir. Bundan sonrakı gözləntiniz necədir: Ermənistan bunu öz imzası ilə sənədləşdirəcəkmi?

- Şarl Mişelin görüşdən sonra verdiyi açıqlamada diqqətçəkən məqamlardan biri məhz bununla əlaqəlidir. Şarl Mişel bildirdi ki, Ermənistan Azərbaycanın 86.6 min kvadrat kilometrlik, Azərbaycan isə Ermənistanın 29 min kvadrat kilometrlik ərazisini tanıyır, hər iki ölkə bir-birini ərazi bütövlüyünə sayğı göstərir və buna sadiqlik nümayiş etdirir. Bu, kifayət qədər ciddi məsələdir. Görünür, Brüsseldə geniş və əhatəli müzakirələr aparılıb. Bu o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün bundan sonra müxtəlif formatlarda gedəcək danışıqlarda əngəllər yaratmamalı və daha konstruktiv mövqe tutmalıdır. Nəhayət, sülh sazişini imzalamalıdır. Brüsseldəki görüşdən sonra da qeyd olundu ki, tərəflər sülhün əldə edilməsində maraqlıdırlar və bununla bağlı mövqeləri yaxınlaşıb.

Eyni zamanda, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı irəliləyişin olduğu diqqətə çatdırıldı. Zəngəzur dəhlizi ilə bağlı da deyildi ki, dəmir və avtomobil yollarının çəkilməsi ilə bağlı mövqelər yaxınlaşıb.

Diqqətçəkən məqamlardan biri də bu oldu ki, Şarl Mişel Avropa Birliyinin bu prosesdə vasitəçi olmaqdan daha çox dialoqa dəstək verən tərəf olduğunu dedi. Xüsusilə o qeyd etdi ki, Avropa Birliyi əhatəli və ədalətli sülh sazişi bağlamaları üçün tərəflərə yardım edir və bu yöndə işləyir, əsas məqsəd də bundan ibarətdir.

Azərbaycanın mövqeyi bəllidir. Bundan sonra da Ermənistandan atıla biləcək addımlara diqqət etməliyik. Çünki Ermənistanda bu məsələlərlə bağlı ziddiyyətli fikirlər var. Elə Brüsseldə danışıqlar masasında oturan Baş nazir Paşinyanın özünün ziddiyyətli açıqlamaları bu prosesə mane olan faktorlardan biridir.

- Bəs Zəngəzur üzərindən çəkilməsi planlaşdırılan kommunikasiya xətləri hansı statusda olacaq? Bizim gözləntimiz dəhliz olacağı ilə bağlıdır.

- Bununla bağlı məsələ kifayət qədər mürəkkəbdir. Azərbaycanın mövqeyi isə birmənalıdır. Eyni zamanda, 10 noyabr bəyanatında Laçın dəhlizi və Zəngəzur üzərindən keçəcək kommunikasiya xətləri ilə bağlı müddəalar eynidir. Bəyanatda Laçından keçən yolla bağlı “dəhliz” ifadəsi işlədilir. Orada qeyd olunur ki, Azərbaycan Laçın dəhlizində təhlükəsizliyə təminat verir, Rusiya sülhməramlıları isə bu yolda avtomobillərin və insanların sərbəst hərəkətinə nəzarət edir. Eyni müddəalar Zəngəzur dəhlizi ilə bağlı da qeyd olunub. Bununla bağlı sadəcə “dəhliz” ifadəsi yoxdur. Əvəzində, “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yolda insanların və nəqliyyat vasitələrinin maneəsiz hərəkəti” ifadəsi yer alıb. Ermənistan bu sənədlə Azərbaycana bununla bağlı təhlükəsizlik və digər təminatları verib.

Bir sözlə, hər iki kommunikasiya xətti ilə bağlı eyni prinsip tətbiq olunmalıdır. Amma Ermənistan guya manevr etmək üçün bildirir ki, Laçın yolu ilə bağlı 10 noyabr bəyanatında “dəhliz” ifadəsi işlədilir, ona görə də burada sərbəst hərəkət olmalıdır, Zəngəzur yolu ilə bağlı isə bu ifadə olmadığı üçün burada sərhəd-keçid məntəqəsi, gömrük postu qurulmalı və Ermənistanın suverenliyi prinsipi tətbiq edilməlidir. Əlbəttə, Azərbaycan bununla razılaşa bilməzdi. Azərbaycan prezidenti 2021-ci ilin dekabrında Brüsseldə keçirilən ilk görüşdə bildirdi ki, Laçın və Zəngəzur yollarında yeni prinsiplər tətbiq edilməlidir. Yəni Zəngəzur yolunda sərhəd-keçid məntəqəsi və digər rejimlər olacaqsa, Laçın da eynisi olacaq. Bu prinsip də anlayışla qarşılandı.

Şarl Mişelin vasitəçiliyi ilə keçirilən ilk görüşdən sonra verilən açıqlamada bildirildi ki, kommunikasiya xətləri dövlətlərin suveren və beynəlxalq gömrük hüquqları əsas götürülərək açılmalıdır. Bu, bizim maraqlarımıza zidd deyil. Azərbaycan bu ilin fevralında Menxendə keçirilən görüşdə də bu prinsipləri xatırlatdı. Bildirdik ki, həm Zəngəzur, həm də Laçın yollarında sərhəd-keçid məntəqələri qurulsun və bununla da məsələ bitmiş sayılsın. Brüsseldəki son görüşdən sonra verilən açıqlamada da bu prinsipin yer aldığını gördük. Şarl Mişel bildirdi ki, Zəngəzur üzərindən keçəcək yolda bu proses beynəlxalq gömrük təşkilatının dəstəyi ilə həyata keçirilsin. Yəni burada beynəlxalq gömrük hüququndan istifadəyə istinad edilir. Bu, gələcəkdə Laçında da həmin prinsipin tətbiqinə gətirib çıxaracaq.

Əgər Vaşinqtondan sonra Brüsseldən verilən bəyanatlar səmimidirsə, onda bölgədə sülhə nail olmaq mümkündür. Beləliklə, Zəngəzur dəhlizinin açılmasına mane olan əngəllər tədricən aradan qaldırılacaq.

- Şarl Mişel Qarabağ haqda danışarkən, orada yaşayan ermənilərlə Bakı arasında dialoq məsələsini önə çəkdi. Yəni bədnam status mesajı olmadı. Yəni hesab etmək olarmı ki, artıq Avropa Birliyi də Qarabağla bağlı Azərbaycanın qəbul etməyəcəyi istəklərindən əl çəkib? Bu, onun mesajı idimi?

- Azərbaycanın mövqeyi konstruktiv olduğundan və beynəlxalq hüquqa əsaslandığından tərəflərin və ya vasitəçilərin buna etiraz edə biləcək əsasları yoxdur. 44 günlük müharibədən sonra dəfələrlə ən yüksək formada bildirmişik ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Azərbaycan vətəndaşlığını qəbul edərək onun qanunlarına tabe olan şəxslərin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun, yəni ən yüksək şəkildə təmin ediləcək. Azərbaycan bu təminatı verir. Brüsseldəki görüşdə də bu, bir daha diqqətə çatdırıldı. Ermənistan uzun müddətdir bu məsələ üzərindən manipulyasiya ilə məşğuldur, hansısa “beynəlxalq mexanizm”in tətbiqin danışır. Əlbəttə, bunlar bizim üçün qəbuledilməzdir.

İndi Avropa Birliyi Azərbaycana çağırış edir ki, proses şəffaf həyata keçirilməlidir. Azərbaycanın bununla bağlı bir sıxıntısı yoxdur.

Artıq Azərbaycanın rəsmi nümayəndələri Rusiya sülhməramlıların vasitəçiliyi ilə Qarabağ ermənilərinin nümayəndələri ilə görüşüb. Bundan sonra onlara təklif verildi ki, görüş Bakıda davam etdirilsin. Amma hələlik buna cavab verilməyib. Bunun da öz səbəbləri var. Çünki bu, ermənilərin iradələrinin özlərində olmaması və ya kənardan edilən təzyiqlərlə əlaqəlidir. Azərbaycanın mövqeyi isə dəyişməzdir. Qarabağ erməniləri Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul edib ərazimizdə yaşayacaqlarsa, onda bütün hüquq və təhlükəsizlik məsələləri həllini tapacaq. Hansısa “beynəlxalq mexanizm” kimi iddialar qəbul olunmayacaq.

- Bəs xarici işlər nazirlərinin qarşıdakı Moskva görüşündən nə gözləyirsiniz? Brüssel və Vaşinqtonda irəli getməyə başlayan prosesin yenidən Moskva dalanına dönməsi ehtimalı varmı?

- Açığı, Moskvada keçirilən görüşlərdən faydalı nəsə gözləmirəm. Çünki Rusiyanın yanaşması münaqişənin həllinə töhfə verəcək formada deyil. Ümumiyyətlə, bütün vasitəçilər, xüsusən də Rusiya bu missiyanı öz üzərinə ona görə götürürlər ki, bölgədəki maraqlarını təmin etsinlər. Rusiyanın maraqları isə nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğundur. Rusiya bu münaqişənin yaradıcısı kimi onun həllində maraqlı deyil. Rusiya gərginliyin və moderatorluğunun davamını istəyir. Buna görə də Moskva görüşdə böyük nəticə əldə edilməyəcək. Hazırda Moskvanın vasitəçiliyi Brüssel və Vaşinqton proseslərinin önəmini azaltmağa, yaxud yekun anlaşmaya əngəl yaradılmasına yönəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.