Sülh prosesini pozmaq üçün hərəkətə keçdilər – “Xocalıda hazırlıq gedir”
24-05-2023, 10:34
“Qarabağ separatçıları Rusiyanın göstərişi ilə yeni təxribatlara hazırlaşırlar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Zənnimcə, separatçıların Nikol Paşinyana ultimatumu və Azərbaycanın tərkibinə qatılmayacaqları mesajları Kremldən verilən təlimatlar əsasında səsləndirilir. Separatçılar Xocalıda hərbi təlim keçirirlər və “mübarizə” aparacaqlarını iddia edirlər. Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almağa yönəlmiş cəhddir.
Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa tam hazır olsa, separatçılar yeni təxribatlara əl ata bilərlər. İllərdir həmin separatçıları bəsləyən Moskva hər vəchlə çalışacaq ki, sülh müqaviləsi imzalanmasın. Bu baxımdan, Azərbaycan və Ermənistan liderlərinin Rusiya görüşündən müsbət nəticə gözləmirəm. Rusiya hərbi kontingentini ərazimizdə saxlamaq üçün mümkün variantlardan istifadə edəcək. Putinin Moskvadakı görüşdə müzakirələri bu istiqamətə yönəldəcəyi qənaətindəyəm”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə oyunu pozmağa çalışan Rusiyanın hesablarının baş tutmayacağını söyləyib:
“Prezident İlham Əliyev Qarabağ məsələsində Rusiyaya güzəştə getməyəcək. Azərbaycan lideri Xankəndi və ətrafında da suverenliyimizin bərpa olunacağı ilə bağlı prinsipial, qəti və dəyişməz mövqe ortaya qoyub. Zənnimcə, Qərb də Azərbaycanın mövqeyi ilə razıdır. Brüssel və Vaşinqton Qarabağda yaşayan ermənilərə “xalq” yox, icma prinsipi ilə yanaşır. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Qərb masasında Qarabağla bağlı “status” məsələsi qabardılmır. Belə bir “status” Azərbaycan ərazisində separatizmin saxlanılması deməkdir. Əliyevin bununla bağlı mövqeyi birmənalıdır: status olmayacaq!
İstər Ermənistan, istərsə də separatçılar mövcud durumu dəyişmək iqtidarında deyillər. Cənubi Qafqazda dəyişən geosiyasi reallıq Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını diktə edir. Bunun qarşısını regiondakı mövqelərini sürətlə itirən Rusiya da ala bilməyəcək. Rusiya Ukraynada düşdüyü batalıqdan çıxa bilmir, qaldı ki Cənubi Qafqaz - indi bura getdikcə onun üçün əlçatmaz yerə çevrilir”.