“PAŞİNYAN PRİNSİPİAL QƏRARLAR VERMƏK ƏRƏFƏSİNDƏDİR” - “Rusiyanın bu hərəkətləri Azərbaycan üçün müəyyən problemlər yarada bilər, ancaq...”
27-05-2023, 00:25
Qabil Hüseynli: “Rusiya nə qədər vurnuxsa da Cənubi Qafqazda hədəflərinə çatmayacaq”
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”-ya müsahibəsində Rusiyada Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş son görüşün nəticələri, Rusiya-Ermənistan münasibətlərində davam edən gərginlik, sülh prosesinin perspektivləri barədə sualları cavablandırıb. Habelə, bazar günü Türkiyədə keçiriləcək ikinci tur Prezident seçkilərindən gözləntilərini açıqlayıb.
Teref.az olaraq müsahibəni təqdim edirk:
- Qabil bəy, Moskvada Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş barədə nə düşünürsünüz? Brüsseldə, Vaşiqntonda əldə olunan razılaşmalara təhlükə varmı?
- Görüşün məzmununda müəyyən rəqabət elementləri, geopolitik oyunlar var. Amma düşünmürəm ki, bu, Brüssel görüşünü kölgədə qoyacaq və onu qabaqlayacaq. Lakin bu görüşün bütövlükdə Rusiyanın mövqeyinə müəyyən korrektələr etmək baxımından əhəmiyyətli olduğunu düşünürəm. Çünki Rusiyanın indiyə qədərki mövqeyində ciddi sapmalar, müəyyən yanlışlıqlar və interpritasiyalar var idi. Ehtimal edirəm ki, bunlar müəyyən korrektəyə məruz qalacaq və Rusiya da öz mizan tərəzisinə çəki - düzən vermək məcburiyyətində qalacaq. Çünki Azərbaycan artıq Cənubi Qafqazın yüksələn dövləti kimi, ədalətli, hüquqa əsaslanan şərtlərini irəli sürür, diktə edir və onun həyata keçməsinə nail olur. Hər halda, proseslərin son gedişi də bunu təsdiq edir.
- Vladimir Putin Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyanla ayrı-ayrılıqda görüş keçirib. Sizcə, bu görüşlərin əsas mahiyyəti nədən ibarət olub?
- Bəli, Putin hər iki tərəfin fikirləri ilə tanış olub, onların baxışlarını öyrənməyə çalışıb. Güman edirəm ki, buna nail olub. Tərəflərin baxışlarında sülhə doğru can atma açıq müşahidə olunur. Rusiya XİN sözçüsü Mariya Zaxarova iddia etmişdi ki, “Qarabağ məsələsində Ermənistanın baxışı bizim görüşlərimizdən fərqlənir. Amma nə edəsən ki, bu, Ermənistan siyasi rəhbərliyinin mövqeyidir”. Bəli, Rusiyada Nikol Paşinyanın “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deməsindən kədərlənənlər, məyus olanlar, haray-qışqırıq qoparanlar, suyu bulandırmaq istəyənlər var. Amma mənim zənnimcə, onlar nə etsələr də məqsədlərinə nail ola bilməyəcəklər. Rusiya artıq proseslərə diktə edən və öz şərtlərini tərəflərə qəbul etdirmək iqtidarında olan qüvvə deyil. Bu məsələdə Vaşinqton və Brüssel daha diktəedici mövqedədirlər və onların təklifləri daha cazibədardır. Bu təkliflərin qəbul edilməsi bölgədə dayanıqlı, möhkəm, uzunmüddətli sülh proseslərinin yaranmasına gətirib çıxara bilər.
- Dünən Prezident İlham Əliyev Avrasiya İqtisadi Birliyinin iclasında iştirak edib. Azərbaycan bu qurumun üzvü deyil, ilk dəfədir ki, Prezident bu formata qatılır. Sizcə, bu addım nə ilə bağlıdır?
- İlham Əliyev Avrasiya İqtisadi Birliyinin iclasında ilk dəfədir qonaq qismində iştirak edib. Bəli, Rusiya çox istəyərdi ki, Azərbaycan bu İqtisadi Birliyə, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) da üzv olsun. Amma bu, çətin məsələdir. Çünki Azərbaycan Qoşulmama Hərəkatının sədridir və bloklara qoşulmamaq siyasətini həyata keçirir. Bu səbəbdən də beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, Azərbaycanın ən azından bu ilin sonuna qədər bu təşkilatlara qoşulmaq imkanı yoxdur. Növbəti illərdə isə dünya düzənində baş verəcək köklü dəyişikliklər heç bu məsələnin müzakirə edilməsinə ehtiyac və ya imkan verməyəcək. Hər halda, hər şey dəyişir, dünya miqyasında proseslər sürətlə cərəyan edir. Azərbaycan da sürətlə cərəyan edən proseslər içindən özünə ən uyğun olanı seçir və seçməkdə də davam edəcək.
- Paşinyan Moskvaya getməzdən əvvəl Rusiyanı qıcıqlandıracaq bəyanatlar vermişdi. O, Bildirdi ki, Rusiya sərhəd qoşunları Ermənistanda əbədi olaraq qala bilməz. Bundan əvvəl Sergey Lavrov bildirmişdi ki, Qərb Rusiyanı Ermənistandan və Cənubi Qafqazdan qovmaq istəyir. Bunları nəzərə alsaq, Rusiya-Ermənistan münasibətlərinin gələcəyindən nə gözləyirsiz?
- Yəqin ki, Putinlə Paşinyan arasındakı görüş gərgin keçib. Paşinyan görüş öncəsi çox prinsipial açıqlamalar verib. O, Ermənistanın qərbyönümlü siyasi xəttinin dayanmadan davam etdiriləcəyinin siqnallarını eşitdirdi. Həmçinin, Minskdə keçirilən KTMT-nin iclasında Ermənistanın Müdafiə naziri iştirak etməyib. Paşinyan bunu izah edərkən bildirib ki, “biz artıq bu təşkilatdan çıxma prosesinİ başlatmışıq”. Digər tərəfdən, onlar Zəngəzur dəhlizinin reallaşacağını nəzərə alaraq, İranla Ermənistan və Türkiyə ilə Ermənistan arasındakı sərhədlərə rus sərhədçilərinin deyil, Ermənistan sərhədçilərinin nəzarət etməsini gündəmə gətirib, bunu reallaşdırmaq üçün hərəkətə keçib. Hesab edirəm ki, Paşinyan çox gərgin və prinsipial qərarlar almaq ərəfəsindədir. O, bunu həyata keçirmək üçün böyük qüvvə sərf etməkdədir. Hər halda, bu istiqamətdə gözlənilməyən hadisələr olmasa, onların olacağına da inanmıram, Paşinyan qalib gələcək.
- Yeri gəlmişkən, Rusiya Müdafiə naziri Sergey Şoyqu Paşinyanın “Ermənistan KTMT-dən çıxa bilər” bəyanatına cavab olaraq dedi ki, İrəvanın bu formatda qalması vacibdir. Habelə o bildirib ki, Qərb bölgəyə soxulmaq istəyir, Moskvanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. Bu bəyanatı necə şərh edərdiniz?
- Bu, açıq şəkildə suveren bir dövlətin istəklərinə, siyasi davranışlarına meydan oxumaq cəhdidir. Bu, boş yerə səsləndirilən fikirlərdir. Şoyqunun dediklərinin hamısı demaqogiyadır. Qərbin bura soxulmaq niyyətləri haqda fikirləri də boş sözlərdir. Qərbin bölgəni dizayn etmək niyyəti var. Yeni dünya nizamının qurulmasının bir hissəsi kimi, bu bölgədə də müəyyən məsələlərə əl qoymaq istəyir. Amma Qərbin tək niyyəti Rusiyanı buradan çıxarmaq yox, həm də bölgədə haqqı, ədaləti və sülhü bərqərar etməkdir.
- Paşinyan bəyan edib ki, Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiya bu bəyanatdan rahatsızdır. Moskva sülh prosesini poza bilərmi? Nəzərə alsaq ki, Ermənistanda və Qarabağda Rusiyaya bağlı qüvvələr olduqca fəallaşdırılır...
- Rusiya sülhyaratma prosesinə əngəllər törətməkdə davam edəcək. Rusiya Qarabağ məsələsinə dair Paşinyanın mövqeyindən narazılığını gizlətmir və bu narazılıq XİN sözçüsünün qərəzli açıqlamasında da özünü büruzə verdi. Amma düşünürəm ki, bunlar hamısı gecikmiş ifadələrdir. Prosesə sərəncam verən, prosesi idarə edən qüvvələr Rusiyanın nəzarətindən kənarda olan qüvvələrdir. Onlar prosesi yönəltməkdə davam edirlər və indiyə qədər bu prosesi demək olar ki, səhvsiz idarə ediblər. Bundan sonra proseslərin uğurla başa çatması üçün əllərindən gələni etməyə çalışacaqlar. Rusiyanın Cənubi Qafqazda vurnuxmaları qanqaraldıcı olsa da, hədəflərinə çatmayacaq. Lakin Rusiyanın dediyimiz bu hərəkətləri Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Amma Azərbaycan bu problemlərin öhdəsindən gəlmək iqtidarındadır. Mayın 28-dən sonra Azərbaycan öz sözlərini daha qətiyyətli və qürurla deməyə başlayacaq.
- Təcrübədən çıxış etsək, Paşinyan Rusiyanın təzyiqlərindən çəkinib növbəti dəfə sülh prosesindən geri çəkilə bilərmi? Bu zaman Azərbaycanın addımları nədən ibarət olacaq?
- Zənn etmirəm ki, Paşinyan qorxaqlıq etsin və öz prinsiplərindən geri çəkilsin. Çünki bu prinsiplərin həyata keçirilməsi, Ermənistanın rifahı və gələcəyi naminədir. Bu səbəbdən də onun Moskvada inamlı hərəkət etdiyini düşünürəm. Bu da nəticə etibarı ilə Azərbaycanın daha rahatlıqla hərəkət etməsi üçün şərait yaradacaq.
- Nəhayət, son sualımız bazar günü Türkiyədə keçiriləcək 2-ci tur Prezident seçkilərindən gözləntilərinizlə bağlıdır...
- Türkiyədə keçiriləcək Prezident seçkilərinin favoriti bəllidir. Bu, demək olar ki, şübhə doğurmur. Bəzi hədyanlara, Azərbaycanın ünvanına söylənilən müxtəlif sözlərə baxmayaraq, cənab Ərdoğan özünün halal qələbəsini qazanacaq və canımız, gözümüz Türkiyəyə, Türk dünyasına töhfələr verməkdə davam edəcək.
Elvin Bəyməmmədli
“AzPolitika.info”