İrəvandan birbaşa Bakıya uçdu: Əliyevin şərtinə təpkisi diqqət çəkdi
23-11-2023, 12:18
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan Ermənistana görüşlərin sərhəddə davam etdirilməsi təklifini verdi. Bəzi əsassız ittihamları kənara qoysaq, İrəvandan Bakıya verilən cavabı müsbət hesab etmək olar. Sizcə, prosesin sərhəddə davam etdirilməsi nə qədər effektli olacaq?
- Hesab edirəm ki, artıq vasitəçilərə ehtiyac yoxdur. Vaşinqtona, Moskvaya və Brüsselə getməkdənsə, birbaşa danışıqları intensivləşdirmək lazımdır. Prezident İlham Əliyevin də mövqeyi budur: vasitəçilərə ehtiyac yoxdur.
İki variant var: sərhəddə görüşlərə başlamaq və danışıqları Tiflisdə davam etdirmək. Hesab edirəm ki, iki ölkə arasında daimi işçi qrup yaradılmalıdır. Bu qrupda və ya komissiyada ekspertlər, hüquqşünaslar və diplomatlar yer almalıdır. Komissiya üç istiqamətdə çalışmalıdır: sülh sazişin mətninin hazırlanması, sərhədlərin müəyyənləşdirilməsi və dəhliz məsələsi. Bu olarsa, irəli gedə və nəticə əldə edə bilərik. Əks təqdirdə, Vaşinqton və ya Moskvadakı görüşlər nəticə verməyəcək. Biz təkliflərimizi İrəvana göndəririk, onlar da iki ay sonra cavab verirlər. Altı dəfə belə qarşılıqlı ötürmə olub. Bunların da nəticəsi olmayacaq.
Gözə-göz, birbaşa təmas olmalıdır. Buna görə də, hesab edirəm ki, sərhəddə təmaslara ehtiyac var. Bu o demək deyil ki, dərhal nəticə əldə olunacaq. Amma bu, irəli doğru addım ola bilər. İstər sərhəddə, istərsə də Tiflisdə prosesi sürətləndirməyə ehtiyac var. Kimsə bunun əleyhinə çıxmayacaq. Məsələn, Moskva deyə bilməyəcək ki, niyə belə edirsiniz? ABŞ və Britaniya ümumiyyətlə bunu dəstəkləyir. ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller də dedi ki, birbaşa danışıqlar faydalı olardı.
Britaniyanın bölgəyə səfər edən naziri Leo Dokerti də bu fikri təkrarladı, Bakıda İlham Əliyevlə də görüşdü. Britaniyalı nazirin də mövqeyi belədir ki, birbaşa danışıqlar daha faydalı ola bilər. Əgər hər iki tərəf razıdırsa, vaxt itirmədən başlamaq lazımdır.
- Son gəlişmələrdən – Qərb-Azərbaycan, Rusiya-Ermənistan münasibətlərində gərginliyin artmasından sonra Vaşinqton, Moskva və Brüssel formatları sıradan çıxa bilərmi?
- İki format artıq işləməyəcək, işləmir də. Moskvaya Paşinyan getmir, Vaşinqtona da Azərbaycan prezidenti - məlum səbəbə görə. Noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmalı idi. Amma dövlət katibinin köməkçisinin Konqresdə Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər bu görüşə mane oldu.
Hələlik Brüsseldən tam imtina edilməyib. Amma bir şərtlə ki, masada Makron oturmasın. Əgər vasitəçi Şarl Mişeldirsə, yenə də Brüsseldə üçtərəfli görüş ola bilər. Amma orada da nəticə olacağını zənn etmirəm. Nəzərə alaq ki, gələn ilin ortalarında Avropa Birliyində seçkilər olacaq, yəni Şarl Mişelin müddətinə az qalıb.
Ən yaxşı variant birbaşa danışıqlardır. Üstəgəl, gələn il dünya ölkələrinin başları qarışacaq. Avropa Birliyi, Rusiya və ABŞ-da prezident seçkiləri keçiriləcək. Əgər Cənubi Qafqazda maraqları olan böyük dövlətlərin başları seçkilərə qarışıbsa, ən yaxşısı birbaşa danışıqlara getməkdir. Bu çərçivədə müəyyən nəticə əldə etmək olar.
- ABŞ-Azərbaycan gərginliyi hara qədər davam edəcək?
- Bizim sərt suallarımız var, amma hesab edirəm ki, gərginlik azaldılmalıdır. Bu nə bizim, nə də Amerikanın maraqlarına uyğundur. Məncə, bir müddət çəkəcək. Azərbaycanla Ermənistan sülh danışıqlarına başlasa və sülh sazişi imzalansa, artıq Amerikada anti-Azərbaycan açıqlamaları səsləndirilməyəcək. Konqres elədir ki, orada ermənipərəst konqresmenlər var, dinləmələr təşkil edirlər, Dövlət Departamentinin rəsmilərini çağırırlar. Həmin rəsmi şəxslər də ermənipərəst konqresmenlərlə üz-göz olmamaq üçün onların eşitmək istədikləri fikirləri söyləyirlər. Düzdür, bunlar bizdə narahatlıq yaradır, amma Dövlət Departamenti Azərbaycanla dialoqu davam etdirir.
Gərginliyin müvəqqəti xarakter daşıdığını düşünürəm. Fransa ilə bağlı məsələ aydındır, sərt mövqeyimiz ortadadır, amma Amerika Fransa deyil, dünyanın supergücüdür. Konqresdə bizə qarşı olan qruplar var, bunu 30 ildən çoxdur bilirik. Amma dövlət katibi Blinkenin dilindən Azərbaycan əleyhinə fikir eşitməmişəm, balansı qorumağa çalışır. Çünki Amerikanın rəsmi dairələrində anlayırlar ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır, onunla münasibətləri korlasan, bölgədə möhkəmlənə bilməzsən.
Britaniyanı misal çəkə bilərəm, naziri (Leo Dokerti) Bakıya da gəldi, bundan əvvəl İrəvanda olmuşdu. Britaniyalı nazir Prezident Əliyevin birbaşa danışıqlar təklifini dəstəkləyir. Britaniya Azərbaycanla tərəfdaşdır, Ermənistanla da yaxşı münasibətləri var. Fransa və Amerikadan fərqli olaraq, Britaniyanın Cənubi Qafqazda möhkəmlənmək imkanları daha çoxdur. Çünki bütün tərəflərlə yaxşı münasibətləri var. Amma Fransa anti-Azərbaycan mövqeyindən çıxış etdiyinə görə bölgədə möhkəmlənə bilməyəcək. Amerika da bu yolu getsə, eyni səhvi edəcək.
- Ermənistanın “Sülh qovşağı” adlı bir projesi var, Zəngəzurda açılacaq dəhlizə bu ölkənin nəzarətini ehtiva edir. Bu layihənin region ölkələri – Azərbaycan, Türkiyə və Rusiya tərəfindən qəbul edilməsi ehtimalı nə qədərdir?
- Nikol Paşinyanın təşəbbüsüdür, ilk dəfə Tiflisdə keçirilən konfransda gündəmə gətirdi. Müzakirə oluna bilər. Amma Ermənistan həm də ləngiyir. Biz artıq İranla anlaşmışıq, nəqliyyat yollarımız oradan da keçəcək. Yəni belə məsələlər müzakirə predmetidir. Məncə, hər təklifə də bəri başdan “yox” demək də doğru olmaz. Bütün məsələlər kimi, bu da müzakirə edilə bilər. Amma bütün məsələlərin və problemlərin fövqündə sülh sazişi dayanır. Ermənistan nə qədər tez Azərbaycanla sülh sazişini imzalayarsa, o qədər tez regional layihələrdə iştirak imkanı qazanacaq.
- Ümumiyyətlə, Azərbaycan Zəngəzur dəhlizindən imtina edibmi?
- İmtina etməmişik, sadəcə üç il bu mövzunu gündəmdə saxladıq, gördük ki, Ermənistan buna maraq göstərmir, özünün şərtləri var. Bundan sonra maraq azaldı, nəticədə aradakı anlaşılmazlıqlara baxmayaraq, İranla razılaşdıq. Bunda da Ermənistan uduzur. Çünki Zəngəzur dəhlizi Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin tərkib hissəsidir. Ermənistan bundan da məhrum olur.
Çinin də bölgədə maraqları var. Hətta Ermənistana mesajlar verirlər ki, hərbi əməkdaşlıq etsinlər, Çindən silah-sursat alsınlar. Çin bunu edərsə, o da Azərbaycana qarşı böyük yanlışa yol verər, münasibətlərə kölgə salar. Yəni Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür. Azərbaycan itirmir, marşrut məsələsini İranla da həll edə bilər. Paşinyan ona görə “Sülh qovşağı” layihəsi tez-tələsik hazırlayıb ortaya atdı ki, Ermənistan nəqliyyat dəhlizlərindən kənarda qalmasın.
Top Ermənistanın meydanındadır. Zəngəzur dəhlizinin reallaşması sülh sazişinin imzalanmasından keçir. Bu olmasa, dəhlizin həyata keçməsi də çətin olacaq.