Finiş göründü: Məkan bəlli oldu - Sülh sazişi bu şəhərdə imzalanacaq

30-12-2023, 10:27           
Finiş göründü: Məkan bəlli oldu -
Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Xarici işlər naziri Ceyhun Bayramov 8 kəndin qaytarılması ilə bağlı müzakirələrin aparıldığını açıqladı. Ermənistanın isə bu məsələdən yayınmaq kimi bir meyli var. Belə olan halda məsələ necə çözüləcək?

- Ermənistan bu məsələni Azərbaycanı “ittiham” edə biləcəyi bir prosesə çevirməyə çalışır. Ermənistanın nə deməsindən asılı olmayaraq, bu kəndlər Azərbaycan ərazisidir, qaytarılmalıdır. İndi Ermənistan bundan yayınmağa çalışır ki, Azərbaycanı onun “ərazi bütövlüyü”nü pozmaqda ittiham edə bilsin. Yəni bunu Azərbaycana qarşı bir “Damokl qılıncı” kimi istifadə üçün saxlamağa çalışır. Amma kəndlərin qaytarılması tərəflər arasında bundan əvvəl də müzakirə mövzusu olub, bu, Rusiyanın da iştirak etdiyi üçtərəfli anlaşmada öz əksini tapıb. Amma üçtərəfli anlaşma tam miqyasda işləmədi, ilkin mərhələdə bəzi bəndləri yerinə yetirilsə də, sonradan Rusiya, ABŞ və Avropa Birliyinin, eləcə də Fransanın təhriki ilə Ermənistan bundan yayındı. Ermənistan sonrakı mərhələdə təxribatçı fikirlər səsləndirməklə guya Azərbaycan onun “ərazi bütövlüyünü pozması” kimi ittihamlar irəli sürdü.

Azərbaycan hər dəfə bu məsələni gündəmə gətirəndə ABŞ və Avropa Birliyindən “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozur” kimi təxribatçı fikirlər eşidirik. Amma bunun alternativi yoxdur, məsələnin xoşməramlı həlli Ermənistan üçün də faydalı olar. Bununla belə, Ermənistan bu məsələni sərhədin delimitasiya-demarkasiyası və ya sülh müqaviləsi ilə eyniləşdirməyə çalışır. Xarici işlər naziri Bayramov da bildirdi ki, sərhəd və sülh müqaviləsi ayrı-ayrı məsələlərdir. Azərbaycan onsuz da təktərəfli qaydada öz ərazi və sərhəd bütövlüyünü təmin edib. Ermənistan isə bunu qəbul etmir, sərhəd və sülh sazişi məsələlərini eyniləşdirməyə çalışır. Bu, yanlış yanaşmadır. Sərhəd məsələsi sülh müqaviləsinin imzalanmasından sonra həyata keçiriləcək prosesdir.

- Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib. Nəşrin bu iddiasına görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Yeni il bayramından dərhal sonra imzalanacaq. Sizcə, nə qədər mümkündür?

- Əvvəldən deyirəm ki, sülh müqaviləsi Moskvada imzalanacaq. Prosesin gedişatına görə, bu, hələ ötən ilin sonu olmalıydı. Bir il ötməsinə baxmayaraq, hələ də saziş imzalanmayıb. Amma bu müqavilənin imzalanacağı tarix uzaqda deyil. Ən azı ona görə ki, Ermənistanın sülh sazişini imzalamaması üçün əsası yoxdur. Çünki sülh sazişində əksini tapan məsələlər həll edilib. Amma məsələ budur ki, bununla bağlı Ermənistana beynəlxalq təzyiq var. Həmin təzyiqi edən təkcə Fransa deyil. Fransa isə təkcə sülh yox, kəndlərin qaytarılması prosesini pozmağa çalışır. Paris bu məsələlərlə bağlı regionda yerləşmək və əhatə dairəsini genişləndirmək üçün destruktiv fəaliyyət aparır. Qaytarılacaq kəndlərin içində və ya ətrafında hansısa qurğular tikməyə planlayır.

Paralel olaraq, Rusiyanın Ermənistandakı 102-ci bazası bu kəndlər yaxınlığında hərbi hissələr yaradıb. Bu fonda isə Ermənistandan “Rusiyadan aralanmaq və KTMT-dən çıxmaq” kimi mesajlar verilir. Məsələ budur ki, son 1.5 ildə Rusiyanın 102-ci bazası Ermənistan ərazisində 8 ayrı baza inşa edib. Yəni İrəvan nə qədər “Moskvadan aralanırıq” desə də, 102-ci baza Ermənistan ərazisində genişlənir.

Bir sözlə, sülh müqaviləsinin imzalanacağı gün yaxındadır. Amma yenə də Ermənistanın başı üstündə “Damokl qılıncı” olmalıdır. Sülh müqaviləsi prezident seçkilərinə gedən Rusiyaya da lazımdır. Rusiya ona qədər beynəlxalq səviyyədə bir uğur qazanmaq istəyir, sülh müqaviləsinə də belə bir görüntü verməyə çalışacaq. İnanmaq istəyirəm ki, bunun üçün Ermənistana təzyiq edəcək.

Azərbaycanda da seçkilər keçirəcək. Amma Azərbaycandakı mövcud hakimiyyətin artıq uğuru var: bu, 44 günlük müharibədəki qələbə və ərazi bütövlüyümüzün bərpasıdır. Bu proses nəticəsində Azərbaycan ərazisindəki 200 illik separatçı yuva dağıdıldı. Amma Rusiyaya bir uğur əldə etmək vacibdir. Rusiya bunun üçün Ermənistana təzyiq edəcək. Kreml göstərməyə çalışacaq ki, sülh müqaviləsi Rusiyanın vasitəçiliyi ilə imzalanıb.

- Sülh müqaviləsinin gündəmdə olduğu vaxtda separatçı Samvel Şahramanyanın qondarma qurumu buraxan “fərman”ını geri götürməsi iddiası Ermənistanın gündəmindədir. Şahramanyan və separatçıları buna təhrik edən və ya fəallaşdırmağa çalışanlar kimlərdir?

- Şahramanyan Ermənistanda gedəndən iradlarla üz-üzə qalıb. Bu iradları səsləndirənlər arasında “hakimiyyət, müxalifət və cəmiyyət nümayəndələri” də var. Çünki Şahramanyan kresloya oturan kimi, imzaladığı ilk “sənəd” qondarma rejimin buraxılması ilə bağlı oldu. Həmin “qurum”un isə legitimliyi yox idi. Çünki bu, beynəlxalq birlik tərəfindən tanınmayan, öz-özünü elan edən və erməni lobbisi tərəfindən maliyyələşdirilən bir “QHT” idi. Bu “qurum” da uzun müddət “dövlətçilik oyunu” oynamağa çalışdı, sonra öz-özünü buraxdı.

Qondarma qurumun ləğv edilməsi Ermənistan konstitusiyasının referendum yolu ilə dəyişdirilməsini şərtləndirir. Çünki Ermənistan konstitusiyası da bu ölkənin siyasəti kimi absurddur. Həmin konstitusiyada bu “QHT-nin təsis qərarı” yer alır.

Şahramanyanın bu “qərar”ı geri oxumasına gəlincə, bu, onun son hərəkətlərindən məlum olur. Bu qərara gəlməmişdən əvvəl ABŞ-nin Ermənistandakı səfiri ilə görüşüb. Fransa səfiri ilə də ard-arda bir neçə görüş keçirib. Məlum olur ki, sifariş Qərbdən gəlib.

Şahramanyanın həmin “qurum”u buraxan qərarına gəldikdə, bu, onun fərdi şəkildə verdiyi qərar deyildi, kollektiv şəkildə verilmişdi. Burada hazırda DTX-nın zirzəmisində olan Bako Saakyan, Ruben Vardanyan, Arkadi Qukasyan, Araik Arutyunyan və digər separatçılar da iştirak edib. Yəni kollektiv verilmiş qərarı geri oxumaq olmur, bunun presedenti yoxdur. Heç perspektivi də yoxdur. Bir “təsis”, bir “ləğv”, bir də “geri oxuma” qərarı olsun – bu, oyun-oyuncaq deyil. Amma Ermənistan absurdlar ölkəsidir.

Dediyim kimi, Şahramanyanı buna təşviq edənlər var. Çünki Qarabağdakı separatizm “ümumerməni ideologiyası”nın nüvəsində duran iki vacib motivdən biri idi. Biri Qarabağla əlaqəlidirsə, ikincisi Türkiyədir. Türkiyə ilə əlaqələrin normallaşdırılması çərçivəsində də konstitusiyanın dəyişdirilməsinə ehtiyac duyulur. Türkiyə ilə münasibətlərin yaxşılaşması Ermənistan konstitusiyasının 17-ci bəndini ləğv edir.

Qarabağla əlaqəli baş verənlər də Ermənistan siyasəti üçün ciddi yenilənmə diktə edir. Bu yenilənmə mütləq olmalıdır.

Sualların cavabı erməni lobbisi ilə bağlıdır. Həmin lobbi – dünyadakı iki-üç erməni bu iki motivdən istifadə edərək, bütün erməniləri özləri üçün qul kim işlədir, diləndirir. İndi bu məsələlər həllini tapdıqda həmin motivlər bu şəbəkənin əlindən çıxır. Onlar ermənilərin orda-burda dilənib yığdıqları pulların hamısını bu bölgə üçün xərcləmirlər. Dünyanın bir sıra ölkələrində yaşayan erməni milyarderlər var ki, onların maliyyə mənbələri naməlumdur. Kriminal bir mexanizm qurublar, bütün dünyada dilənçilik edirlər, yəni maliyyə mənbələri budur. Onlar dilənçiliyi başqa bir formaya salmış, adını “diaspor” qoymuş bir xalqdır.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.