“Özümüzü Allah yerinə qoya bilmərik, amma bilin ki, gələn il…” – Astroloqla müsahibə
30-12-2023, 12:59
Astrologiya ziddiyyətli suallar doğuran bir sahədir. Yüksələn bürc, Ay bürcü, doğum xəritəsi, 13-cü bürc və astrologiyada yeni ortaya çıxmış başqa suallar bu qeyri-adi dünyanı bir az da sirli və təzadlı edir.
Bundan başqa, qoroskopun hansı bürclərinə yeni ilin düşərli olacağı da bizi maraqlandıran mövzulardandır. Odur ki, yeni ilin astanasında astroloq Aytən Salamiyə üz tutduq.
- Aytən xanım, astroloqlar astrologiyanı elm adlandırsalar da, ulduzların düzülüşünün insan taleyinə təsirini mövhumat hesab edənlər də var. Ümumiyyətlə, astrologiya nədir?
- Astrologiyanin tarixi eramızdan əvvəllərə, Şumerlərə, Babillərə, Mesopotomiyaya gedib çıxır. Riyaziyyat kimi dəqiq elm olmasa da, elm sahəsidir. Heradot, Pifaqor, Aristotel kimi qədim dövr alimləri də astrologiyaya dair fikirlər söyləyiblər. Hətta Heradotun belə bir fikri var ki, astrologiyanı bilməyən həkim yaxşı həkim ola bilməz.
Astrologiya - ulduz xəritəsidir. Ulduz xəritəsi ümumiyyətlə on iki bərabər qisimə bölünmüş bir dairədir. Bu qisimlərə "Səmanın Evləri" adı verilir. 12 evin hər biri həyatımızın bir sahəsini ifadə edir. Birinci ev - ozümüz, həyatımız, sağlamlığımız, ikinci ev - maddiyyatımız, xərclərimiz, qısa səfərlər, üçüncü - ilk təhsil həyatımız, ətrafdakılarla ünsiyyətimiz və sair və ilaxır. Beləcə, 12 evimiz tamamlanır. Hər evi bir bürc idarə edir. Ona görə astrologiya bir bürc yox, bütün bürclərin kombinasiyasıdır.
İnsanın həyatının hər sahəsini bir bürc idarə edir. Astroloq doğum tarixi və saatına əsasən həyatınızda baş verəcəkləri analiz edir, proqnozlarını söyləyir.
- Astrologiyanın elm olduğunu qəbul edirəm, bürclərin xarakter xüsusiyyətləri ilə bağlı bilgilərə də inanıram, proqnozlara isə etibar etmədiyimi etiraf edirəm...
- Əlbəttə, demək olmaz ki, astrologiya yüz faiz doğru proqnoz verir. Astrologiyanın ilk dərslərində də deyilir ki, biz özümüzü Allahın yerinə qoya bilmərik. Doğum xəritəsi nədir? Yəni biz ana bətnindən çıxanda planetlər bu düzülüşdə olub.
Sözün enerjisinə inanırıq, elə deyilmi? Bəs planetlərin enerjisinə necə? İnsanın doğulduğu saat və dəqiqədə onun həyatına planetlərin enerjisi artıq müəyyənləşmiş olur.
Azərbaycanda astrologiya elmi inkişaf eləməyib, insanlar astrologiyanın dərinliyini bilmirlər. Astrologiya deyəndə sadəcə bürclər insanların gözü önündə canlanır. Əslində bu o qədər geniş, o qədər zəngin, çoxqatlı bir dünyadır ki, oxuduqca dərinliyə gedirsən.
- Yüksələn bürc necə hesablanır?
- Doğum saatına əsasən. Astrologiyada həyatın giriş nöqtəsi yüksələndir. Yüksələn bürc olmasa, sizin həyatınızla bağlı proqnoz verə bilmərik.
- Mən internetdə oxudum ki, hansı saatda doğulduğunu bilməyən adamların yüksələn bürcünü astroloqlar təyin edir. İnsanın hansı saatda doğulduğunu sonradan necə təyin etmək olar?
- Buna "rektifikasiya" deyirlər. Astrologiyada belə bir üsul var. Siz məsələn, deyirsiz ki, səhər saatlarına yaxın anadan olmuşam. Bu barədə nə qədər informasiya versəz, bizim işimizi bir o qədər asanlaşdırmış olursunuz.
Bundan başqa, hər bir insan həyatında müəyyən önəmli hadisələr yaşayır. Universitetə daxil olduğunuz, işə başladığınız, ailə qurduğunuz, uşaq sahibi olduğunuz tarixlər. Və yaxud yaddaqalan hadisələr - yeni evə köçdüyünüz, tanışlıq və sair.
Biz xəritədə həmin tarixləri tapırıq və o tarixlərdə gün, ay tutulmalarına əsasən sizin yüksələn bürcünüzü müəyyən edirik. Rektifikasiyada insanın xarici görünüşünün struktur xüsusiyyətləri də təhlil edilir.
- Aytən xanım, bəri başdan deyim ki, astrologiyaya hədsiz marağıma baxmayaraq, yüksələn bürcün insanın taleyinə, xarakterinə əsaslı təsirinə inamım yoxdur. Məsələn, mən Balıq bürcüyəm, yüksələn bürcüm Qız bürcüdür. Xarakterimdə Qız bürcündən əsər-əlamət yoxdur. Bunu necə izah edirsiz?
- Günel xanım, sizin yüksələn bürcünüz Qızda yerləşir, doğrudur. Amma yüksələn bürcü idarə edən planet Merkuridir. Yüksələn bürcün planeti isə Balıq bürcündədir, bu da çox önəmlidir. Ona görə sizdə Balıq bürcünün xüsusiyyətləri çoxdur.
Məsələn, mən Qız bürcüyəm, yüksələn bürcüm Qızdır, yüksələn bürcün idarəedicisi də Qızda yerləşir.
- Bürc - Balıq, yüksələn - Qız, yüksələnin idarəçisi - Balıq, 8-ci ev Dolça, 12-ci ev Qoç... İşlər dolaşığa düşür. Belə çıxır, astrologiyanın çox incəlikləri var.
- İncəliklər həddindən artıq çoxdur. 12 ev var, hər evin düşdüyü planetlər, bürclər var, bundan əlavə bürclərin bir-birinə aspektləri var.
Planet aspektləri planetlər arasındakı bucaq münasibətlərini təmsil edir. Onlar enerjinin qarşılıqlı olmasına təsir edir, həmçinin şəxsiyyətimizin və həyat hadisələrimizin əsas aspektlərini formalaşdıra bilirlər.
Bu işdə o qədər kombinasiyalar var ki, riyaziyyat, həndəsə, astronomiya, məntiq və sair biliklərə də yiyələnmək şərtdir. Bir insanın xəritəsini analiz etmək bir-iki saatımı alır. Həndəsi bucaqlara qədər araşdırılır.
- Dediniz ki, doğum xəritəsi hər hansı şəxsin anadan olduğu il, ay, ən əsası da saatına əsasən analiz edilir və buna uyğun olaraq proqnoz verilir. Bir növ tale yolu cızılır. Sizcə, eyni il, eyni ay, eyni saatda dünyaya gələn bütün insanların tale yolu eynidir?
- Coğrafi məkanın da önəmi var. Məsələn, Astarada dünyaya gələn insanla Bakıda eyni tarixdə dünyaya gələn insan eyni deyil. Dəqiqənin belə fərqi var, çünki bucaqlar dəyişir.
- Tutaq ki, eyni ilin, eyni ayın, eyni saatın eyni dəqiqəsində, eyni doğum xəstəxanasında dünyaya gəlmişik. Xəritəyə əsasən taleyimiz eyni olacaq?
-Müəyyən oxşarlıq ola bilər, insanlar var, eyni taleni yaşayırlar. Bir də həyata gətirdiyimiz karmalar da var axı.
Baxın, neçə milyard insan var. Bu insanların hamısı sırf özünə məxsus taleyi yaşamır. İnsanlar var - bəxtəvərdir, insanlar var - bədbəxtdir, insanlar var - karyerada uğur qazanırlar, insanlar var - uğursuzluğa düçar olurlar. Onlar necə qruplaşır, elə də bürclər.
- Vahimə yaradan mistik bir söz var: karma. Bu söz astroloji düşüncədə hansı mənaları ifadə edir?
- Öncə Dharma anlayışını izah edim. Dharma hal-hazırda içərisində olduğumuz vəziyyət və getdiyimiz yoldur. Dharmadan çıxdığımız zaman həyatımıza karma enerjisi yaratmış oluruq.
Darma həyatımızın məqsədi ilə bağlıdır. Məsələn, "mən niyə burdayam?" "Niyə yaşayıram?" "Məqsədim nədir?" kimi sualları özümüzə veririk. Bu sualları verdiyimiz zamam dharma dövrəyə girir və bizə həyat yolumuzu xatırladır.
Bizə düşən dharmaları düzgün yaşamadığımız halda biz karma borclarımızı yaratmış oluruq.
Karma təsir əks təsirə bərabərdir qanununa əsaslanır. Karmaya görə, etdiyimiz hər bir hərəkət - nəticə və qarşılıq enerjisi yaradır.
- Ay bürcü nədir və insana nə kimi təsiri var?
- Ay 28 gündən bir 12 bürcü tamamlayır və keçir əvvəlki bürcə. Hər bir bürcdə iki gün yarım qalır. İnsan doğulduğu tarixdə Ay hansı bürcdədirsə, demək, Ay bürcü odur.
Günəş bürcü - bildiyimiz bürc - bizim daxilimizi göstərir. Ay bürcü isə reflekslərimizdən xəbər verir. Qeyri-ixtiyarı verdiyimiz reaksiyalar Ayla bağlıdır. Günəş bizim düşünülmüş xarakterimizdir, Ay isə düşünülməmiş verdiyimiz reaksiyalarımız, hərəkətlərimizdir. Mən əgər qıcıqlandırıcı bir söz desəm, sizin ani olaraq verdiyiniz reaksiya Ay bürcünüzü göstərir. Əgər siz özünüzdən tez çıxsanız, demək, sizin Ay bürcünüz Şir, ya Qoçdur. Əgər intiqam almağı düşünsəniz, Əqrəbdir, politik bir cavab versəniz, Əkizlərdir.
Bir də xəritədə Ay-Anadır. Ata ilə olan bağlantımız Günəş bürcü ilə ifadə edilir, ana ilə olan bağlantımız Ayla.
- Astroloji müdaxilə ilə insan öz taleyini dəyişə bilərmi?
- İnsan taleyini dəyişə bilmir. Ancaq taleyin sınaqları qarşısında necə davam gətirəcəyini dəyişə bilər. Baş verəcək hadisələrə əvvəlcədən hazırlıqlı olur və onu daha təmkinlə qarşılayır. Alın yazısı - astrologiyada doğum xəritəsidir. Həqiqətən insan doğulanda onun taleyi yazılmış olur.
Evlilikdə bürclər uyğun olmaya da bilər
- Çağdaş gənclər evlənəndə artıq bürclərini də imtahana çəkirlər. Amma astrologiyanın siz sadaladığınız və mənim labirintlərində azıb qaldığım mürəkkəb məqamlarını nəzərə alsaq, yəqin ki, iş təkcə bildiyimiz bürclərlə məhdudlaşmır...
- Bizim təhsil zamanı keçdiyimiz dərslərdən biri "sinastri"dir, burda iki adamın doğum xəritəsinin uyğunluğu analiz edilir. Biz demirik ki, sən boşanacaqsan, ya yox. Mən onlara başlarına gələn biləcək çətinliklərdən danışıram. Həyatın hansı sahəsində uyğunluq, hansı sahəsində uyğunsuzluq olduğunu deyirəm.
İnsan bilgiləndikdə, yaşayacağı situasiyalara hazırlıqlı olur. İnsanlar astroloji proqnoz alanda həyatlarında baş verəcək problemləri daha rahatliqla qarşılayırlar.
Məsələn, xəritəsini analiz etdirən adam soruşur ki, 2024-cü ildə məni nə gözləyir? Deyirəm ki, sənin 7-ci evindən (bu ev ailə həyatını ifadə edir) Saturn keçir. İki il yarım Saturn həmin planetdə olacaq. Bu vaxt ərzində həyat yoldaşınla heç nəyin üstündə davaların, problemlərin baş verəcək. Bu neqativ enerji iki il yarım davam edəcək. Bu bir növ imtahandır.
Əgər bu vaxt ərzində təmkinli olub neqativ enerjinin öhdəsindən gəlirsinizsə, Saturn "ev"dən çıxanda sizi mükafatlandırır. Münasibətlər daha möhkəm və gözəl olur.
- Siz ozünüz ailə quranda bunları nəzərə aldınızmı?
-Yox, mən o vaxt astrologiya ilə məşğul olmurdum və bunlardan xəbərsiz idim. Mən özüm əks-bürclə ailə qurmuşam. Mənfi müsbəti həmişə cəlb edir. Bir insan özündə görmədiyi xüsusiyyətlərə görə başqasına aşiq olur. Biz özümüzdə olan xüsusiyyətləri artıq başqasında axtarmırıq. Ona görə çox vaxt böyük sevgilər əks-qütblərdən gəlir. Məntiqlə qurulmayan, sevgiylə qurulan ailələr əsasən əks-bürclər arasında olur.
- Bəs sonradan əks xarakterlər ozünü büruzə verəndən sonra nə olur?
- Əlbəttə, xarakter xüsusiyyətləri üzə çıxanda qarşı tərəflə anlaşmaq, yola getmək, yol yoldaşı olmaq məcburiyyətindəyik və orda problemlər üzə çıxır.
Əslində karmadan gətirdiyimiz enerjilər, borclarımız var. Biz onları həyatda sınağa çəkmək və ondan şəfa tapmaq üçün gətiririk. Əslində bizim tanış olduğumuz əks-bürc bizim karmadan gətirdiyimiz ruh eşimizdir. Bizim həyatda müxtəlif imtahan və sınaqdan keçməyimiz üçün qarşımıza çıxmış insandır. O bizə əslində müsbət şeylər gətirir. Çünki karmik borclarımızı ödəmiş oluruq. Həyatda daha böyük təcrübə qazanmış, dəyişim və dönüşüm prosesinə girmiş oluruq.
Əlbəttə, əks-bürclə həmişə problemlər var, çünki fərqli qütblərin insanlarıdır. Amma dediyim kimi, əks-bürclər karmik həyat yoldaşıdır. İnsanı güclü edir. Özündən başqa, qarşındakının da xüsusiyyətlərini qəbul etmiş olursan və əslində insani baxımdan daha yüksək pilləyə çıxırsan.
Əgər biz özümüz kimi bir insanı seçsək, həyatı daha standart, daha sakit yaşayarıq. Və mənə elə gəlir, həyatda heç nə öyrənmiş olmarıq. Çünki sən də o xasiyyətdəsən və qarşındakı da o xasiyyətdədir.
Uyum içində olan evliliklər var ki, onlar da monotonluqdan, eynilikdən şikayət edirlər. Mən də passivəm, qarşımdakı da passivdir, yaxud mən də aktivəm, qarşımdakı da aktivdir. Əslində əks enerjilər bir-birilə balans yaradır.
2024- cü ilin uğurlu bürcləri
- Gələk 2024-cü ilin astroloji proqnozlarına. Üzümüzə gələn il hansı bürclər üçün uğurlu olacaq?
- İlin birinci yarısı may ayına qədər Buğa bürcləri üçün çox uğurludur. Çünki Yupiter Buğa bürcündədir. Bununla paralel olaraq Buğa bürclərini aspektlərə bölsək, Qız və Oğlaq bürcləri də şanslılar arasındadır.
İlin ikinci yarısı Əkizlər bürcü üçün düşərli olacaq. Onunla bərabər Tərəzi və Dolça bürcləri də bu uğurdan öz bəhrələrini alacaqlar.
- Kimlər subaylığın daşını atacaq?
- Evlənmək istəyən Şir bürcləri varsa, bu il may ayına qədər uğurludur. Eyni zamanda, may ayına qədər Əqrəblər, may ayından sonra Oxatanlar da sevgidə bəxti gətirənlər arasında olacaq.
- Əsasən bu hansı planetin təsirilə müəyyən olunur?
- Ümumi götürsək, Yupiter şans və bolluğun planetidir. Yupiter hansı bürcə düşürsə, o bürcdə uğur, yüksəliş olur. Yupiter harda varsa, orda şans, Saturn harda varsa, tam əksi, orda sınaq var. Bu da əslində həyatın bir balans olduğunu bizə xatırladır.
Həyatda uğur və uğursuzluq bərabər paylanır. Bir insan hər işdə şanslı deyil. Və bir insan hər işdə imtahana çəkilmir. Məsələn, karyera yaxşı gedir, amma ailədə problem var. Yupiter dəstək verir, Saturn isə sınağa çəkir. Və sonra yerlər dəyişir.
-13-cü bürc haqqında söhbətlər necə, şayiədir, yoxsa həqiqətə uyğundur?
-13-cü bürc deyə bir şey yoxdur. Bir bürcün yaranması və bizə gəlib çatması üçün milyon illər lazımdır. 12 bürc, 12 ev sistemi var, bütün astroloqlar da bunu təsdiqləyir. Bu sadəcə olaraq, NASA-nın bir iddiasıdır, öz təsdiqini də tapmayıb.
"Suallarıma cavabı astrologiyada tapdım"
- İndi dünyada böyük şirkətlər, holdinqlər astroloqlarla işləyirlər və hər ilin sonunda astroloqlardan astroloji proqnoz alırlar. Şirkətlərin astroloji xəritəsi var.
- Araşdırsaz, görərsiz ki, Avropada tibb universitetində oxuyan tələbələrə astrologiya dərsi keçirilir. Türkiyədə psixoloqlar astroloji dərslər alırlar...
- Siz özünüz astrologiyaya necə gəldiniz? Bu sualı axıra saxladıq, görünür ki, bunda da bir astroloji təsir var...
- Mən özüm ixtisasca ingilis dili müəlliməsiyəm. Qafqaz Universitetini qırmızı diplomla bitirmişəm və 4 il universitetdə müəllim işləmişəm. Mənim müəyyən suallarım vardı: Mən niyə problem yaşayıram? Cavabsız suallarımın axtarışında olanda astrologiya ilə tanış oldum. Həm suallarımın cavabını tapdım, həm də astrologiyaya marağım yarandı.
İki böyük məktəbdə təhsil aldım. Qərb Astrologiyasını Öner Döşer Astro Art məktəbində, Karma Astrologiyasını Oğuzhan Ceyhan akademiyasında öyrəndim.
Məni tanıyanlar da bilir ki, astrologiyaya kommersiya məqsədilə başlamamışam. Bu işi sevirəm. Əvvəllər öz işlərini sevənlərə təəccüblə baxardım, indi özümü işimdən ayrı təsəvvür edə bilmirəm. Hal-hazırda kitab yazıram: "Astrologiyaya giriş". Arzum isə gələcəkdə astrologiya üzrə məktəb açmaqdır.
Müəllif: Günel Natiq