Nəsibə Zeynalovanın nəvəsi: “Qayınana” filmində anasının obrazını canlandırıb” - FOTO
31-12-2023, 13:14
“Nəsibə xanım 36 yaşında ailə həyatı qurub. 38 yaşında isə övlad sahibi olub. Mən, əslində, onun nəticəsi ola biləcək yaşda idim. Nəsibə xanım xəstə yatağına düşəndə 16 yaşım var idi. Mən özümü tanıyanda ki, kiminlə yaşayıram və mənim yanımda olan insan kimdir, artıq bu zaman Nəsibə xanım şam kimi əriyib gedirdi. Həyatda heç nəyə görə peşman olmuram, bir tək buna görə peşmanam. Onun mənə danışdığı hadisələri, maraqlı məlumatları çatdıracağı yaşda mən çox kiçik idim. Onun üçün, səsi, gülüşü, ləhcəsi üçün çox darıxıram”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanın nəvəsi Nəsibə xanım deyib.
O, daha sonra əlavə edib:
“Nəsibə xanımın qayınanası dünyanın ən mülayim qadını olub. Nəsibə xanımın anasının xasiyyəti ağır idi. Haradasa oynadığı qayınana obrazı onun öz anasını yansıdır. Amma qayınanasına bacı deyib. Çünki o qədər gözəl münasibətləri olub. Nəsibə xanım özü də gözəl qayınana olub. Bunu mənim anam da dəfələrlə müsahibələrində bildirib. Amma bir şahid kimi deyə bilərəm ki, nənə anamın xətrini o qədər çox istəyirdi ki. Bilirsiniz ki, hər bir ailədə söz-söhbət düşür. Hər zaman da atamla anam arasında nəsə baş verirdisə o, anamın tərəfində dayanırdı. Deyirdi ki, “Elnarə, sən mənim qızımsan”. Anam da ona “ana” deyə müraciət edirdi. Mən anamdan necə görmüşəmsə, bizim ailədə də o davam edir. Mən də qayınanama “ana” deyirəm və onunla birlikdə yaşayıram”.
Nəvəsi Nəsibə Zeynalovanın ömrünün son illərində teatrdan inciməsinə də aydınlıq gətirib:
“Bu, əslində, incimək yox, ummaq idi. Nəsibə xanım xəstə idi. Hər bir xəstə insanın umacaq yeri var idi. Uman yerdən küsərlər. Hər kəsin işi-gücü var idi, hər gün gəlib-getmək mümkün deyildi. Xəstə insanın gözü qapıda idi. Biz ailə üzvləri çalışırdıq onu hər zaman harasa aparaq. Hər gün mən onun gününün xoş keçməsi üçün çalışırdım. Amma gözü yolda idi”.