Yusif Bağırzadə növbədənkənar seçkilərərə namizədliyindən danışdı - Maraqlı FAKTLAR
2-01-2024, 17:55
Gələn ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin birinci mərhələsində namizədliyini irəli sürmüş şəxslərin qeydiyyatı aparılır. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq olunan təqvim planına görə, namizədliyin irəli sürülmə mərhələsi 2023-cü ilin 19 dekabr tarixində başlayıb, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək davam edəcək. MSK-dan verilən son məlumata görə, hələlik ümumilikdə 15 nəfərin namizədliyi təsdiqlənib. Qeyd edək ki, Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara uyğun olaraq, namizədin rəsmən qeydiyyata alınması üçün səsvermə hüquqlu şəxslərin minimum 60 dairədən 40 min etibarlı imzaya ehtiyacı var. Prezidentliyə namizədlər yanvarın səkkizinə qədər müvafiq sənədləri təqdim etməli, həmin imzalar isə MSK-da təsdiqlənməlidir. Bundan sonra namizədlər 15 yanvar- 6 fevral tarixlərində baş tutacaq 22 günlük seçkiqabağı təşviqat mərhələsində iştirak edə bilərlər.
Tanınmış siyasətçi, hüquqşünas, sabiq millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasına sədrlik etmiş Yusif Bağırzadə də növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürüb. Qeyd edək ki, Yusif Bağırzadə həmçinin MSK üzvü kimi də fəaliyyət göstərib. O, növbədənkənar prezident seçkisinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçiriləcəyini və ölkəmiz, o cümlədən regionumuz üçün olduqca əhəmiyyətli dövrə təsadüf etdiyini nəzərə alaraq namizədliyini irəli sürüb.
Namizədliyini irəli sürməsi ilə bağlı "Sherg.az"a danışan Yusif Bağırzadə 30 yaşından siyasətlə məşğul olduğunu deyib.
Yusif Bağırzadə bildirib ki, 1995-ci ildə parlamentin ən gənc millət vəkillərindən biri olub:
"Eyni zamanda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini olmuşam. ATƏT-in Parlament Assambleyasının üzvü və rəhbəri, Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Parlament Assambleyasının üzvü və Müstəqil Dövlətlər Birliyinin hüquq və müdafiə komitəsinin üzvü olmuşam. O vaxtki parlamentin təmsil olunduğu hər üç qurumda mən də yer almışam. 2003-dən 2006-cı ilədək Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişəm. 2006-2010-cu illərdə siyasi şərhçi kimi fəaliyyət göstərmişəm. 2010-cu ildə Azərbaycan Milli İstiqlal Partiyasının sədri olmuşam və 2015-ci ilədək bu vəzifəni icra etmişəm. Onu da deyim ki, 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdə Gəncədən namizədliyimi vermişəm və 4590 səslə ikinci olmuşam. 2015-ci ildən bu yana şərhçi kimi siyasi fəaliyyətlə məşğul olmuşam. Belə götürəndə əksər seçkilərdə iştirak etmişəm, sadəcə prezident seçkisində iştirak etməmişəm".
Növbədənkənar prezident seçkisində iştirak etməyimin səbəbi odur ki, Azərbaycan bütün torpaqlarında suverenliyini elan edib:
"Cənab Prezidentin, müzəffər Ordumuzun və xalqımızın sayəsində torpaq bütünlüyümüz bərqərar olub. O mənada fikirləşirəm ki, indiki tarixi dönəmdə prezident seçkisində iştirak etmək daha məqsədəuyğundur. Çünki indi daha yaxşı, daha şəffaf seçki mühiti yaranıb. Cənab Prezidentlə həmyaşıdam, mən də 1961-ci ildə anadan olmuşam. Kifayət qədər elektorata sahibəm. Mənə daha geniş auiditoriya lazımdır ki, Azərbaycanda tanınam. Öz fikirlərimi, ideyalarımı, yeni platformamı geniş ictimaiyyətə çatdıram, yenidən gündəmə gətirəm. Seçki Qərargahımız formalaşıb, hazırda imzatoplama prosesi gedir. Əlbəttə, deyiləsi çox sözümüz var. Düzdür, xarici siyasətimizdə ciddi uğurlarımız var. Ancaq islahatlarla bağlı təkliflərimiz var. Mən həm də hüquqşünasam və öz sahəmə dair xeyli fikirlərim mövcuddur. Platformamızda bu məsələlər əksini tapacaq. Bir çox qurumun ayrıca istintaq idarəsi var. Hər nazirliyin öz akademiyası var. Halbuki, hansısa universitetdə bunların şöbələrini yaratmaq mümkündür. Yəni bir-birini təkrarlayan paralel strukturları ixtisar etməklə, məmurların sayını azaltmaq olar. Büdcəyə də xeyli fayda dəyər".
Müsahibimiz əlavə edib ki, Siyasi Partiyalar haqqında qəbul edilmiş yeni qanunda siyasi partiyaların fəaliyyət istiqamətləri, seçkidə iştirak məsələsi öz əksini tapıb:
"Orada qeyd olunub ki, siyasi partiyaların bu və ya digər seçkini boykot etməsi həm qanuna, həm də partiyaların ənənəsinə ziddir. Bu cür addımlar siyasi partiyanın qeydiyyatının ləğvinə səbəb ola bilər".
Y.Bağırzadə namizədliyinin təsdiqlənəcəyi təqdirdə təbliğat-təşviqat kampaniyasında bütün mümkün vasitələrdən istifadə edəcəyini söyləyib:
"Mənim nüfuzlu vəkillərim var. Komanda şəklində üzərimizə düşəni edəcəyik".