Rusiya 44 günlük müharibəyə niyə müdaxilə edə bilməyib? - Şok faktlar üzə çıxdı
22-01-2024, 16:12
Rusiyanın özünün silaha ehtiyacı olduğu halda Ermənistana “Smerç” raketləri göndərməsi təsadüfi deyil. Bu, ənənəvi xarakter almış məsələdir. Ermənistan uzun müddətdir ki, Rusiya tərəfindən silah-sursatla təmin edilir. Bu təminat iki ölkə arasında olan hərbi müttəfiqliyə əsaslanır.
Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
“44 günlük müharibə dövründə Rusiyanın qarışmaması Türkiyə faktoru ilə bağlı idi. Türkiyə "Üçüncü tərəf qatılsa, biz də savaşda yer alacağıq" - mesajı vermişdi. Türkiyədən çəkindiyinə görə, Rusiya Ermənistana müharibədə kömək edə bilmədi”, - deyə o qeyd edib.
Partiya sədri, Rusiyanın indi də Ermənistanı silahlandırdığını bildirib:
“Hazırda Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur. Rusiyanın kənarda ən böyük hərbi bazası Ermənistandadır. Hərbi borclara görə, Ermənistan iqtisadiyyatı, energetika, nəqliyyat, telekommunikasiya sahələri Rusiyanın əlində cəmləşib”.
Asim Mollazadə hesab edir ki, Ermənistanın Qərbə istiqamət alması görüntü, oyundur:
“Avropaya, ABŞ-a yaxınlıq təklif edilir, Moskvaya sizdən uzaqlaşmamışıq mesajı verilir. Bu Ermənistanın hamıdan dəstək almaq niyyəti ilə bağlıdır. Elə bu oyunlar Ermənistanı ağır vəziyyətə salıb. Yeganə çıxış yolu Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoyaraq, qonşuları ilə normal münasibətlər qurmaqdan keçir”.