Fransa Cənubi Qafqazda yeni müharibəni qızışdırır - Erməni analitik
22-01-2024, 18:58
“Dünyada elə bir ölkə tanımıram ki, Şimali Atlantika Alyansı (NATO) sülh naminə ora girib dəstək nümayiş etdirsin. Eyni zamanda bilirəm ki, NATO-ya üzv ölkələri, xüsusən Fransanı Afrikadan qovurlar”.
Bunu Ermənistan mətbuatına müsahibəsində “Luys” analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib.
“Bütün təbii sərvətlərin olduğu Afrika qitəsində onilliklər ərzində insanlar qul kimi yoxsul yaşayıblar. Nəyə görə? Çünki onları soyublar. Bir misal çəkim: bir kiloqram uranın qiyməti iki yüz dollardırsa, fransızlar onu Afrikada yarım sentə alırlar. Soyğunçuluğun səviyyəsini təsəvvür edin.
Ona görə də onilliklər boyu Qərbə dua edən o xalqlar talan edilib, öldürülüb, istismar edilib. İndi isə həmin millətlər mübarizəyə qalxıblar.
Ermənistana və Ermənistan hakimiyyətinə gəlincə, Ermənistan kənardan idarə olunan dövlətdir. Ermənistan bütün sahələrdə xaricilərin, Qərbin hakimiyyəti altındadır. Ona görə də hakimiyyət özbaşına qərar qəbul edə bilməz, onlara nə etməli olduğu deyilir. Və hesab edirəm ki, regionumuzda sabit sülhü təmin edə biləcək yeganə dövlət Rusiyadır.
Qərb isə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməməsi üçün hər şeyi edir. Əks təqdirdə mövcud münaqişə daha da güclənəcək və yeni müharibəyə gətirib çıxaracaq. Yəni Qərb yeni müharibəyə təhrik edir və Fransa bu rolu öz üzərinə götürüb”, - analitik bildirib.
Mənbə: bizim.media