“Qalib ölkədə “uşaq pulu” problemi olmamalıdır” - ÇAĞIRIŞ

27-01-2024, 09:21           
“Qalib ölkədə “uşaq pulu” problemi olmamalıdır” - ÇAĞIRIŞ
“7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərindən sonra Azərbaycanda bazar iqtisadiyyatı tənzimlənməli və sosial-siyasi iqtisadi məsələlərin həlli istiqamətində addımlar atılmalıdır”.

Bunu Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, seçkilərdən sonra bir çox sahədə islahatlar ola bilər:

“Düşünürəm ki, parlamentdə xalqın sözünü deyən adamlar əyləşməli, məhkəmələr azad qərarlar qəbul etməli, şəffaf və demokratik seçkilər keçirilməlidir. Həmçinin, qalib ölkədə “uşaq pulu” problemi olmamalıdır. Kommunal problemlər öz həllini tapmalıdır.

Eyni zamanda, təyinatlı və seçkili orqanlar belə xalqın mənafeyini müdafiə edən insanlardan formalaşdırılmalıdır. Bu məsələ ilə bağlı cənab Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində qeyd etmişdi ki, qələbə istismar edilməməlidir.

Qələbənin istismarı isə məhz bu problemin həll olunmamasından keçir. Azərbaycan hakimiyyəti bu problemlərin həlli istiqamətində addımlar atmağa çalışmalıdır. Çünki bəzi dünya gücləri də sözügedən problemlərin həll olumayacağı təqdirdə, üzərimizə gələcəklər”.

Həmsöhbətimiz xatırladıb ki, bəzi Qərb dövlətləri 44 günlük Vətən müharibəsindəki qələbəmizdən və 19 sentyabrdakı antiterror tədbirlərindən sonra üzərimizə daha çox gəlməyə başlayıb:

“Biz antiterror tədbirlərindən sonra Qərbin əlindən masada üzərimizə gələcək təzyiqləri aldıq. Onlar Qarabağ məsələsində artıq bizə təzyiq göstərə bilmirlər. Ona görə də əllərindən gələni edərək sosial problemləri qabartmağa və ölkəmizə təzyiq üsullarını bu yolla göstərməyə çalışacaqlar. Qərbin üzərimizə gəlməməsi üçün daxildəki problemləri həll etməliyik. Elə xalqın özü üçün də bu məsələlərin həll edilməsi lazımdır”.

Tamilla Qulami qeyd edib ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirilməlidir.

“Çünki Azərbaycan neft sektorundan 90 faiz asılı vəziyyətdədir. Biz qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatını inkişaf etdirməliyik. Nəzərə almaq lazımdır ki, Bakının yükü həddindən artıq çoxdur. İnsanlar sosial problemlərin məngənəsində sıxılırlar. Ona görə də işləmək üçün şəhərə gəlirlər. Bununla da Bakının yükü artır. Həmçinin, media sahəsində də inkişaf getməlidir.

Bundan başqa, təhsilimiz və səhiyyəmiz çox problemlidir. Az qala hər beş evdən üçündə xərçəng xəstəliyindən əziyyət çəkən insan var. Üstəlik, qida təhlükəsizliyimiz təmin olunmalıdır. Bu gün insanların nə yediyi-içdiyi bəlli deyil. Adi meyvələri yeyəndə belə zəhərlənirik. Ona görə də təhsilimiz və səhiyyəmiz yüksək səviyyəyə qaldırılmalı, inkişaf etdirilməlidir”.

Sədr müavini təəssüflə əlavə edib ki, bazarlarda qiymət “od tutub yanır”:

“İnsanlar adi bir məhsulu belə almaqda çətinlik çəkirlər. Qiymətlərin bahalaşması maaş və pensiya artımı ilə adekvat deyil. Çünki maaşlar artan kimi bazardakı qiymətlər iki dəfədən çox bahalaşır. Ona görə bu məsələlər də həll olunmalıdır. Azərbaycanda qeyri-neft sektoru inkişaf etmədiyi üçün idxaldan asılıyıq.

Onu da vurğulayım ki, seçkilərdən sonra icra strukturları dəyişdirilməli və bələdiyyələrin statusları arıtılmalıdır. Hesab edirəm ki, bələdiyyə sədrləri və böyükşəhər bələdiyyələri xalq tərəfindən seçilməlidir. Elə olsa, insanlar bir yerə üz tutacaqlar. Hazırda isə problem yaşayan insanlar hara üz tutacaqlarını bilmirlər.

Bu problemlərdən istifadə etmək istəyən agentura şəbəkələri var. Sosial problemlər ağır olanda başqa dövlətlər bundan istifadə edərək daxildə agentura şəbəkələri yaradırlar. Bunların qarşısını almaq üçün isə təhsil və səhiyyəmiz inkişaf etməlidir. Bütün bu problemlərin həll olunması üçün addımlar atılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.