”Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi” - Əkrəm Həsənov

8-04-2024, 11:17           
”Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi” - Əkrəm Həsənov
"Bir il əvvəl İnam Kərimov Ali Məhkəmənin yeni sədri təyin olundu. Ötən dövr göstərir ki, məhz bu təyinatla ölkədə real məhkəmə-hüquq islahatları başlandı”.

Bu barədə tanınmış hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov qeyd edir.

“Söhbət yalnız Ali Məhkəmənin qərarlarının keyfiyyətinin artmasından getmir. Halbuki, bu da çox önəmlidir. Verilən qərarlar daha əsaslı, vahid mahiyyətli və elmi olmağa başlayıb (ötən il ərzində bir neçəsi haqda yazmışam). Təbii, problemlər hələ də var, amma təkmilləşmə göz qabağındadır. Eyni zamanda qərarlar üzrə axtarış sistemi də təkmilləşib.

Amma əsas məsələ odur ki, bütövlükdə məhkəmə sisteminin idarəçiliyində müsbət tendensiya var. Məhkəmə hakimiyyəti daha müstəqil olub. O cümlədən daha Ədliyyə nazirliyindən asılı deyil. Bu da məhkəmə hakimiyyətini icra hakimiyyətindən asılı vəziyyətə salmışdı. İnam Kərimov həmçinin Məhkəmə-Hüquq Şurasının sədri olduqdan sonra bu asılılığa son qoyuldu. Hazırda Ədliyyə nazirliyi məhkəmə sisteminin işinə qarışmır.

Bu model yeni hakimlərin təyinatında da önəmli rol oynayır. Yeni təyinatlar əvvəlkilərdən müsbət mənada fərqlənir. Təbii ki, kadr məsələsi çox vacibdir. Bu baxımdan Ali Məhkəmənin özündə də yenilənmə qaçılmazdır. Və bu prosesə də artıq başlanılıb. Elə aprelin 5-də Ali Məhkəməyə müsbət nüfuza malik iki yeni hakim təyin olunub. Məsələn, onlardan biri – Aidə Hüseyn neçə ildir ki, Bakı Apellyasiya Məhkəməsinin ən savadlı və dürüst hakimlərindən biri kimi tanınır.

Eyni zamanda Ali Məhkəmənin Konstitusiya Məhkəməsi ilə səlahiyyətlərinin düzgün bölünməsi də nəhayət baş verdi. Son illər ərzində Konstitusiya Məhkəməsi faktiki olaraq növbəti instansiya məhkəməsinə çevrilmişdi: Ali Məhkəmənin qərarlarını yeri gəldi-gəlmədi ləğv edərək, işləri illərlə uzadırdı. Ötən ilin iyul ayından Konstitusiya Məhkəməsi, bir qayda olaraq, yalnız qanunlara şərh verməklə məşğul olur. Beləliklə də, hazırda məhz Ali Məhkəmə məhkəmə-hüquq sisteminin əsas fiquruna çevrilib.

Qeyd edilənləri, habelə Ədliyyə naziri vəzifəsinə də ölkənin ən görkəmli hüquqşünaslarından olan Fərid Əhmədovun təyinatını nəzərə alaraq, məhkəmə-hüquq sisteminin gələcəyi nikbin görünür. Amma əlbəttə ki, tək əldən səs çıxmaz. Nə İnam Kərimov, nə də Fərid Əhmədov təkbaşına bütün problemləri həll edə bilməzlər.

Ümumiyyətlə, problemlər çox və dərindir. Müvafiq qurumlarda ciddi kadr problemləri var. Buna görə də üzərimizə düşən əsas vəzifə məhkəmə-hüquq sisteminin rəhbərliyinə gətirilmiş şəxslərə kömək məqsədilə ictimai nəzarəti daha da gücləndirməkdir. Əsas odur ki, əvvəlki dövrdən fərqli olaraq, indi səsimizi eşidən müsbət məramlı rəhbərlər var. İrəli!”, - hüquqşünas bildirib.
Mənbə: qafqazinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.