Tanınmışlardan reytinq xatirinə qaçan televiziyalara: "Qüsurlu insanlar nümunə göstərilir"
11-04-2024, 08:54
Məlum olduğu kimi, bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
Keçirilən iclasda bir sıra şou və sosial verilişlərdəki efir yayımı ilə bağlı ciddi iradlar səsləndirilib. “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlərin son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə saldığı, ictimai narazılıq doğurduğu bildirilib. Reytinq xatirinə etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrə yol verildiyi xüsusi qeyd edilib.
Telekanalların rəhbərlərinin nəzərinə vəziyyətin belə davam edə bilməyəcəyi, qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunacağı çatdırılıb. Hətta, telekanalların fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı tədbirlərin qaçılmaz olduğu da bildirilib.
Nəticə olaraq ARB TV-də yayımlanan 3 verilişin və ATV-də yayımlanan “Bizimləsən” və s. verilişlərin yayım saatı dəyişdirilib. Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə”, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişini yayım vaxtları 2 saata yaxın azaldılıb.
Əlbəttə ki, televiziyaların efirinə nəzarət və yayım məsuliyyəti Audiovizual Şuranın üzərinə düşür. Bununla yanaşı, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyinin də rolu danılmazdır. Təbii ki, sağlam rəqabətin, silaha bərabər güclü qələmin dediyi söz təkcə televiziyalarda deyil, həmçinin saytlarda yazılan yazılarda, verilən müsahibələrdə də əksini tapır. Bu baxımdan Medianın İnkişafı Agentliyinin də məlum məsələdə öz müsbət rolu və məsuliyyəti vardır.
Referans.az cəmiyyəti narahat edən mövzu ilə bağlı ziyalılarımızın mövqeyini öyrənib.
Milli Məclisin İctmai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyatçı deputat Ceyhun Məmmədov bildirib ki, sosial proqramlar adı altında milli dəyərlərimizin zədələnməsinə, ailə institunun sıradan çıxarılmasına yönəlmiş addımlar atılmamalıdır:
“Televiziyada sosial proqramların olması çox önəmlidir. Bu ümumi maarifçilik prosesinə töhfə verir. Bununla yanaşı düşünürəm ki, sosial proqramların mahiyyətinə bir də baxmalıyıq. Yayımlanan verilişlər peşəkar aparıcılar tərəfindən dəqiq mövzu ətrafında aparılmalıdır. Yəni sosial proqram hansısa müğənnini efirə çağırıb ancaq onun fikrini öyrənmək demək deyil. Düşünürəm sosial proqramlara cəmiyyətdə hörməti olan ziyalılarımız, nüfuzu olan şəxslər çıxarılmalıdır və həmin insanların fikri dinlənilməlidir.
Nəzərə almaq lazımdır ki, cəmiyyətin belə verilişlərlə bağlı çox ciddi narahatçılığı və narazılığı var. Biz hansı bölgəyə insanlarla görüşə gedirik, onlar bizə deyirlər ki, dövlət bu cür proqramlarla bağlı addım atsın. Prezident Administrasiyasından sözügedən proqramların yayımlanması ilə bağlı çox yaxşı addım atıldı. Düzdür, hələ ki, ciddi bir dəyişiklik nəzərə çarpmır. Amma görünən budur ki, dövlətimizin məqsədi var. Hesab edirəm ki, verilişlərin istiqaməti dəyişməlidir. Aparıcılar nə gəldi, necə gəldi danışmamalıdır. Cəmiyyətin gözləntiləri çox böyükdür. Bəzi sosial verilişlər ləğv edilməli, əvəzinə elmi-kütləvi, maarifləndirici verilişlər yayımlanmalıdır. Bəxti gətirməmiş problemli ailəni efirə daşımaq və həmin insanları efirdə təhqir eləmək, ələ salmaq, alçatmaq normal deyil. Deyilənə görə bəzi səhnələr də əvvəlcədən planlaşdırılır”.
Deputat bildirib ki, mediayada cavabdeh orqanlar tərəfindən müəyyən addımlar atılır, amma cəza sistemi olmalıdır:
“Hesab edirəm ki, bizim xeyli görüləsi işlərimiz var. Nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Düzgün olmayan nəsə işəqlandırılanda operativ reaksiya verərək, həmin kanalların fəaliyyətinə müdaxilə edilməlidir ki, bu kimi halların qarşısı alınsın. Daha sərt, daha adekvat müdaxilələri gözləyirik. Əvvələr hesab edirdilər ki, kim nə istəsə edə bilər, amma bu gündən sonra belə olmayacaq”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə isə bildirib ki, bir vətəndaş kimi həmin verilişlərin yayımlanmasından razı deyil. Çünki problemli insanların baxışları cəmiyyətə təqdim edilir:
“Televiziya maarifləndirir, əyləndirir. Razı qaldığımız proqramlar çoxdur. Bununla belə, cəmiyyətin narazı qaldığı verilişlər də var. Televiziyalar belə verilişlərdə cəmiyyəti ancaq problemli göstərməyə çalışır. Verilən rəylərin əksəriyyəti kifayət qədər qüsurludur. Şübhəsiz ki, bu hal narazılıq yaradır. İnsanları televiziya verilişlərindən uzaqlaşdırır, onlarda bədbinlik hissi oyadır. Nümunə götürüləcək insan obrazı həmin verilişlər vasitəsilə göstərilmir. Ümid edirəm ki, telekanal rəhbərləri bunları nəzərə alacaqlar”.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Medianın İnkişafı Agentliyi bu tip verilişlərin mahiyyətinə birbaşa qarışa bilmir, tövsiyə verə bilir:
“Və yaxud da məsələ ilə bağlı jurnalistlərin maarifləndirilməsini həyata keçirə bilər. Burada çox şey telekanal rəhbərliyindən asılıdır. Təəssüf ki, bəzən bildirilir ki, “Gəlir yerimiz reklamlardır və insanlar belə verilişlərə baxır”. Mənə elə gəlir ki, bu baxış düzgün deyil. Birincisi pul, gəlir naminə bayağı verilişləri zorla cəmiyyətə təqdim etmək düzgün deyil. Pul arxasınca qaçaraq cəmiyyətin düşüncəsi aşağı salınır. Qüsurlu insanları nümunə kimi zorla qəbul etdirməyin fəsadları pisdir. Cəmiyyətdə hörmət qazanan insanların həyatının təbliğini görmürük. Azərbaycan cəmiyyəti şou proqramlarda göstərilən kimi deyil”.
Mövzu ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev saytımıza danışaraq, məsələni belə deyək kökündən “baltaladı”:
“Elə verilişləri bağlasaydılar lap əla olardı. İstəyərdim ki, insanları düşündürən, onlara ibrət verən, ağıllı verilişlər olsun. Hamısı çöldə- bayırda oxuyan gətirir. Azərbaycan müsiqisin də yaman günə qoyublar. Hər şeyi korlayıblar. “Filankəs hamilədi”, “filankəsin oğlu olacaq” və s. məlumatlarla adamın ətini tökən şeylər verirlər. Bu nədir, nə biabırçılıqdır?! Mənə xaricdən zəng vurub deyirlər ki, o nə verilişlərdir verirsiniz?! Adam utanır...”
Sevimli aktyor da ənənəyə sadiq qalaraq sözügedən məsələdə televiziya rəhbərlərini günahkar görüb:
“Həmin verilişlərin rəhbərləri heç kimi saymır. Neynəsinlər təsir eliyə bilmirlər. Söz deyəndə televiziya rəhbərləri deyirlər ki, reytinq yoxdur. Reytinq xatirinə insanları məhv edirlər”.
Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Azər Həsrət isə qeyd edib ki, hələki heç bir müsbət dəyişiklikdən danışa bilmərik. Daha sərt inzibati tədbirlərə əl atmaq son çarə olacaq:
“Ümumulikdə sosial yönümlü verilişlərin cəmiyyətə faydası var. Əslinə qalanda tamaşaçı auditoriyası bu cür verilişlərə köklənir. Təəssüflər olsun ki, bizim televiziya kanallarımızda məşhur verilişlər problemlərin həlli ilə bərabər gərəksiz şou göstərməklə məşğuldurlar. Yəni faktiki olaraq insanların problemləri üzərindən reytinq toplamaq üçün çalışırlar. Pul qazanmaq hərisliyi insanların başına gələn bu və ya digər bədbəxt hadisələrdən sui- istifadəyə yol açır. Ona görə də dəfələrlə çağırışlar etmişik ki, bu cür məsələlərdə insanların hissləri ilə oynamaq olmaz. Ümumiyyətlə, məsələ ilə bağlı xəbərdarlığın edilməsi, söhbətlərin aparılması hələ ki, nəticə vermir. Müşahidə edirik ki, o verilişlərin vaxtı bir qədər azaldılsa da, eyni tempdə davam edir. Yanaşma, metod eyni olaraq qalır. Dövlət narahatdır və bunu uyğun dildə, nəzakətli şəkildə televiziya kanallarının rəhbərlərinin diqqətinə çatdırıb”.
Media eksperti əlavə edib ki, Medianın İnkişafi Agentliyi birbaşa televiziya kanalları ilə işləmədiyinə görə, təbiidir ki, televiziyalara hansısa təsirindən danışa bilməz:
“Televiziya kanalları ilə Audiovizual Şura məşğul olur. Açığını deyim ki, biz Şuradan daha aktiv yanaşma gözləyirik. Təəssüflər olsun ki, bunu müşahidə edə bilmirik. Çox istərdik ki, cəmiyyəti narahat edən verilişlərlə bağlı daha təsirli tədbirlər görülsün”.
Kinorejissor Əbdül Mahmudbəyov isə sualımıza sualla cavab verdi:
“Nə dəyişdi ki?! Həsən keçəl, keçəl Həsən. Prinsip etibarilə televiziyalarda tariximiz, mili- mənəvi dəyərlərimiz, həyat tərzimiz, dövlətçiliyimiz, nümunəvi ailələr nümayiş olunmalıdır. Övladlarımız tərbiyə almalıdır. Nədən, kimdən?! Belə verilişlərdən?! Gərək qınanmalıdırlar ki, yoluna gəlsinlər?!Adam nə vaxtdan soyunub ortalığa çıxıb sənətkar olur?! Zeynəb Xanlarova, Flora Kərimova, Mələkxanım Əyyubova, Elnarə Abdullayeva nümunəsi var. Sənətləri də var, abırları- ismətləri də yerində. Aparıcı olmaq üçün yüksək intellekt lazımdır. Xalqının tarixini, folklorunu, etnoqrafiyasını bilmək lazımdır. Yoxsa yerindən duran aparıcıdır. Səhərdən axçamacan boş- boş danışırlar. Nitq yox, mədəniyyət yox, konkret bir ideya, fikir yox. Xalqa göstərəsi mənəvi keyfiyyəti olmayan adamları qonaq çağırırlar. Yəqin aparıcılar elə zövqdədirlər ki, özlərinə uyğun zövqdə adamlar axtarıb tapırlar. Yaxşı deyiblər, axsaq atın kor nalbəndi olar. Azərbaycanda nümunə olacaq ağsaqqallar, ağbirçəklər, nümunəvi insanlar yoxdur bəyəm?! Bir veriliş yaradın, qoyun hamı nümunə götürsün. Yoxsa efirlərə bir- birinə oxşayan eybəcər, efir mədəniyyətləri olmayan adamları dəvət edirlər”.
Şeyx Əbdül də son olaraq mövcud problemdə televiziya rəhbərlərini günahkar gördü: “Deyəndə deyirlər ki, mən işçilərimi dolandırmalıyam. İctimai qınaq formalaşdırılmalıdır. Ağsaqqallar Şurası, Qadın Hüquqları və digər adda təşkilatlar var. Onlara rəsmi status verilməlidir”.
Şəlalə Babayeva