Sənubər İsgəndərli "Alatava"dakı cəsarətli səhnəsi haqda: - "Bilirlər ki..."
15-04-2024, 18:55
Əməkdar artist Sənubər İsgəndərli İTV-də yayımlanan "Alatava" serialındakı obrazından danışıb.
Əməkdar artist Teleqraf.com-a açıqlamasında deyib: "Çəkilişlər yayda bitib və hazırda serial İTV televiziyasında yayımlanır. On seriyadan ibarətdir. Çəkilişlər peşəkar səviyyədə keçdi, aktyorlara münasibət qaydasında idi və çəkiliş zamanı hər hansı problem yaşanmadı".
"Serialda Solmaz adlı iş xanımı obrazını canlandırırsınız. Serialın birinci bölümündə cəsarətli səhnəniz də var. Maraqlıdır, insanların rola, sizə reaksiyası necədir" sualını Sənubər İsgəndərli belə cavablandırıb: "Bütövlükdə serial haqqında çox müsbət reaksiyalar alıram. Obrazımı hər halda bəyənən var, əlavə fikir eşitməmişəm. İnsanlar məni təbrik edib, bəyəndiklərini bildirirlər. Obrazım xoşlarına gəlib. Başqa nə deyə bilərəm?!
Mənfi fikir bildirən tamaşaçı olmayıb. Rəy bildirənlər isə məni tanıyan və sənətimi bilən insanlardır. Bilirlər ki, mən aktrisayam və bu, mənim rolumdur. Yalnız təbriklər alıb, xoş sözlər eşitmişəm".
Aktrisa onu da qeyd edib ki, hazırda "Qapı" adlı filmə çəkilir: "Yeni filmə çəkilirəm, çəkilişlər dünəndən başlayıb. Burada da Əlixan Rəcəbovun komandası ilə işləyirik. Filmdə "Alatava" serialındakı obrazımın tam əksini görəcəksiniz. Əlavə məlumat verə bilmirəm, çəkiliş təzə başlayıb".
Qeyd edək ki, serialda baş rolları Əlixan Rəcəbovun özü, Taleh Yüzbəyov, Azər Aydəmir, Vüqar Əhmədzadə və Rumiyə Ağayeva canlandırır. Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə də ekran əsərində yer alıb.
Kriminal komediya janrında olan filmdə gözlənilməz vəziyyətə düşən dörd dostun hekayəsindən bəhs edilir.