Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”

18-04-2024, 18:49           
Xalq artistindən həmkarlarına ağır sözlər:
İctimai TV-nin efirində yayımlanan “Alatava” serialı marağa səbəb olsa da, bir çox izləyicinin tənqidinə tuş gəldi.

Buna səbəb aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin açıq və hətta xüsusi vurğu ilə işlənməsi olub. 45-48 dəqiqəlik serialda tez-tez vulqar ifadələrin, jarqonların istifadəsi bir çox izləyici tərəfindən sərt şəkildə qınandı.
TEREF bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əli Nur serialda bu cür ifadələrin işlənməsinin qəti əleyhinə olduğunu bildirərək ekran işini sərt şəkildə tənqid edib:

“Bu cür “rejissorcığazlar” layihələrində tərbiyəsizliyi nümayiş etdirirlər. Onlar mənəviyyatdan, Azərbaycan tarixindən, millətin qələbəsindən, gələcəyindən xəbərsiz olan zümrədir. Bu kimi şəxslər bir virusdur ki, Azərbaycan televiziyasının canına düşüblər. Bu cür seriallar çəkmək ayıbdır, onların abrı, həyası yoxdur!

Televiziya kanallarının rəhbəri gərək buna nəzarət etsin və belə layihələrin efirdə, milyonların qarşısında yayımlanmasına icazə verməsin. Belələrini ekrana buraxmaq olmaz”.

Teatr aktyoru hər kəsin serial çəkməyinin gərəksiz olduğunu bildirib:

“Hər yoldan ötən, koldan keçən başlayır serial çəkməyə. Belələri elə özləri kimi yoldan ötənləri yığıb aparır və film, serial çəkir. Belə olmaz! Bütün bunlara nəzarət olunmalıdır. Aidiyyəti qurumlar belə məsələlərə diqqət etməlidir. Hər şeyi başlı-başına buraxıblar, kim nə istəyir edir. Bu, rəsmən həyasızlıqdır, fahişəliyin təbliğidir! Ekranda, səhnədə söyüş söymək olar?! Səhnə müqəddəs yerdir, aktyorlar dahi dramaturqların yaradıcılığı sayəsində insanlara yol göstərir, tərbiyə, əxlaq verirlər. Bu cür tribunada söyüş ola bilərmi? Mən bu cür seriallara ümumiyyətlə baxmıram, hərdən vaxtım olanda tarixi, maarifləndirici türk seriallarına baxıram.

Bu cür gənclər isə başı əzilməli adamlardır. Onları tədbirlərdə görəndə ağzıma gələni demişəm, hətta gördükləri işi təhqir də etmişəm, lakin xeyri yoxdur. Onlar sırtıqlaşıblar, bilmirlər necə şöhrət qazansınlar, hər cür ucuz, ləyaqətsiz, tərbiyəsiz yollara əl atırlar. Belə seriallarla şöhrət qazanmaq istəyirlər, amma olmaz! Bunun səbəbi nəzarətin olmamasıdır. Ekran işləri üçün professional rejissorlar lazımdır. Sovet dövründə rejissorlar elə filmlər çəkirdilər ki, baxdıqca doymaq olmurdu. O filmlərdə əxlaqsız sözlər işlədilmirdi. Bir də indi çəkilənlərə baxın… Biabırçılıqdır”.

Sənətçi gənclərin bu cür danışığa “təbiilik” adı altında bəraət qazandırması ilə razılaşmayıb:

“Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbiilik olur, bu isə həyasızlıqdır.

Buna sənətdə vulqarizm deyirlər və eybəcərlik sayılır. Bunların yiyəsi yoxdurmu? Azərbaycan mədəniyyətinə ciddi nəzarət lazımdır, 3-5 nəfərin tənqidi ilə belə şeylərin öhdəsindən gəlmək çətindir. Gərək kütləvi surətdə onları əzəsən, tribunalardan çıxarasan. Bu gün televiziyalara alimləri, savadlı sənət adamlarını çağırmırlar, onlara danışmağa imkan vermirlər. Nəticəsi də bax bu cür olur”.

Qeyd edək ki, İTV-də yayımlanan “Alatava” serialında Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə yer alır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.