Diplomatik qələbə, yoxsa öhdəlik əsasında razılaşma: - Kremlin bəhanələri “işləmədi”

19-04-2024, 00:14           
Diplomatik qələbə, yoxsa öhdəlik əsasında razılaşma: -
İkinci Qarabağ Müharibəsini bitirən Üçtərəfli Birgə Bəyanata əsasən Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı hərbi kontingentinin ərazidən çıxarılması prosesinə başlanılıb. Mediada yayılan videokadrlardan görünür ki, Rusiya hərbçiləri silah-sursatları və hərbi texnikaları ilə birgə Qarabağdan gedirlər. Sülhməramlıların bölgədən vaxtından əvvəl çıxarılmasını Rusiya tərəfi də, Azərbaycan tərəfi də rəsmi şəkildə təsdiqləyib. Kremlin mətbuat katibi Dmitri Peskov dünənki açıqlamasında rus hərbçilərin Azərbaycandan çıxarılması prosesinə başlanıldığını bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də açıqlamasında sülhməramlıların Qarabağdan çıxarılması prosesinin başladığını söyləyib.

“2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, - deyə H.Hacıyev bildirib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Birgə Bəyanata əsasən bölgəyə Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdirilmişdi. Sənədin bəndlərindən birində göstərilirdi ki, sülhməramlı hərbi kontingent 5 il müddətində, 2025-ci ilədək Qarabağda olacaq. Əgər tərəflərdən biri etiraz etməsə, rus hərbçilərinin qalma müddəti növbəti beş il müddətinə artırıla bilərdi. Ötən ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra bölgədəki ermənilər könüllü şəkildə ərazidən Ermənistana üz tutdular. Bundan sonra mütəmadi olaraq ekspertlər bildirirdilər ki, bölgədə Rusiya hərbi kontingentinin qalmasına ehtiyac yoxdur. Onların heç bir fəaliyyətinin olmaması əsas gətirilərək bildirilirdi ki, vaxtından əvvəl – yəni ki, 2025-ci ildən tez çıxarılmaları labüddür.

İndi rus əsgərləri Azərbaycan ərazisindən çıxarılması prosesinə başlanılıb. Bununla bağlı bir çox ehtimallar irəli sürülür. Bəziləri iddia edirlər ki, Rusiya qoşunlarını sakit şəkildə ölkə ərazisindən çıxarırsa, rəsmi Bakı qarşısında hansısa öhdəlik qoyulub. Bu iddialar ona görə səsləndirilir ki, Rusiya hərbi kontingenti bu günədək hansı ölkənin ərazisinə daxil olubsa, oradan çıxmayıb.

AYNA qaranlıq qalan suallara “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə işıq tutub. Analitik bildirib ki, əvvəl-axır sülhməramlılar bölgədən çıxarılmalı idi ki, bu, baş verir:

- Nəzərə almaq lazımdır ki, bir neçə gün əvvəl ermənipərəst rus deputat Konstantin Zatulin sülhməramlıların çıxması ilə bağlı sanki anons etmişdi. O hər zaman Azərbaycan əleyhinə danışırdı. Amma ilk dəfə idi ki, Zatulinin Azərbaycan üçün xeyirli görünən bəyanat verdi, dedi ki, artıq sülhməramlıların Qarabağda qalmasına ehtiyac yoxdur. Bu adam Rusiyanın hakim partiyasından deputatdır, sıradan şəxs deyil. Güman ki, Kremlin sülhməramlılarla bağlı qərarından yəqin ki, bir gün əvvəl xəbərdar olub. Ya da ki, Kreml onun vasitəsi ilə əvvəldən məlumat yaydı.

Sülhməramlıların Qarabağdan çıxmasına gəlincə, əvvəllər əksər ekspertlər deyirdilər ki, Rusiya ordusu daxil olduğu heç yerdən çıxmır, butradan da çıxmayacaq. Belə bir təcrübə doğrudan da yox idi. Amma hər zaman əks arqumentim bu olub ki, iki dəfə Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarıb. Birinci dəfə 1990-cı illərdə sabiq Prezident Əbülfəz Elçibəyin qərarı ilə rus silahlıları ölkəmizdən çıxarıldı. Düzdür, həmin vaxt bu bizə problemlər yaratdı, Rusiya ölkəmizdə xaos təşkil etdi. İkinci dəfə isə 2012-ci ildə hazırkı Prezident İlham Əliyevin qərarı ilə Qəbələ RLS-dəki rus hərbçiləri çıxarıldı. İki müsbət nümunəmiz var idi ki, mən bu nümunələrdən çıxış edərək deyirdim ki, Qarabağdakı sülhməramlı kontingent də çıxarılacaq.

Üstəlik, 2020-ci ilin 10 noyabr Üçtərəfli Birgə Bəyanatın müddəasının birinə əsasən Rusiya sülhməramlı kontingenti 2025-ci ildə ölkəmizdən çıxmalı idi. Bu bəndi çox güman ki, Prezident İlham Əliyev ora saldırmışdı. Prezidentin də məqsədi o idi ki, Rusiya hərbçilərinin ərazilərimizdə qalma müddəti uzun olmasın. Bu bənd rəsmi Bakının xeyirinə işlədi. Biz bunu bacardıq, diplomatik uğur qazandıq. Bu, Azərbaycanın zərgər dəqiqliyi ilə apardığı siyasət nəticəsində Rusiya qoşunları Qarabağdan çıxdı. İndi Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzi qalıb ki, məncə, bir müddətdən sonra həmin Mərkəzin də fəaliyyətinə xitam veriləcək.

- Əvvəllər sanki Rusiya hərbçilərini Qarabağdan çıxarmaq istəmirdi...

- Əlbəttə ki, istəmirdi. Uzun müddət Rusiya hərbçilərinin Azərbaycan ərazisində qalmasında maraqlı idi. Bunun üçün iki bəhanə tapmışdılar. Birinci bəhanə o idi ki, ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra könüllü şəkildə Qarabağdan gedən erməni əhali geri qayıda bilər. Amma bu, alınmadı, çünki ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədilər. İkinci bəhanə o idi ki, guya rus hərbçiləri Qarabağda minatəmizləmə işi ilə məşğul olacaqlar. Bu da bizə lazım deyildi. Çünki minatəmizləmə əməliyyatı peşəkarların işidir. ANAMA var ki, orada mina təmizləyənləri işə götürmək üçün həmin şəxslərə aylarla, bəzən illərlə təlimlər keçirlər. Rus əsgəri mina təmizləmə işi ilə necə məşğul ola bilərdi. Yəni ki, Rusiyanın bu bəhanəsi də alınmadı. Hesab edirəm ki, Azərbaycan 200 illik məsələyə böyük ölçüdə son qoydu. Həm Qarabağa nəzarəti tam şəkildə bərpa etdik, həm də ərazimizdə Rusiya hərbi varlığına son qoyduq. Etiraf etmək lazımdır ki, 200 ildir rus hərbçiləri Qarabağda var idi. Elə bu münaqişəni yatradan da Rusiya imperiyası olub. Bu mənada, Qarabağdakı rus varlığına son qoyulmuş oldu. Bunu böyük uğur saymaq olar. Hətta bu, İkinci Qarabağ Müharibəsindəki uğur, ötənilki antiterror əməliyyatı qədər böyük zəfərdir. Rusiya sülhməramlı kontingentinin Qarabağdan belə dinc çıxarılmasını böyük diplomatik qələbə adlandırmaq olar.

- Dinc şəraitdə demişkən, çoxları sual edir ki, Rusiyaya qarşılığında nə vəd edildi ki, onlar sakit şəkildə ərazilərimizdən çıxdılar. Arqument də budur ki, Rusiya qoşunları bugünədək girdiyi heç bir bölgədən xoşluqla çıxmayıb...

- Bəli, belə fikirlər var ki, Kreml sülhməramlıların çıxarılması qarşılığında guya Azərbaycanın üzərinə öhdəlik qoyub. Daha çox ehtimal edilən variant da odur ki, Azərbaycan Rusiyanın patronajlığındakı Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilər. Bu quruma üzv olmaq üçün Rusiyadan Azərbaycana əvvəllər təkliflər edilib. Rəsmi Bakının da bu məsələylə bağlı mövqeyi bəllidir. Birincisi, Azərbaycanın Aİİ-yə üzv olması üçün Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmalıdır. İkincisi, Aİİ-yə üzv olan Ermənistan xaric, bütün dövlətlərlə Azərbaycanın sıx iqtisadi əlaqələri, əməkdaşlığı var. Əgər Ermənistanla sülh sazişi imzalansa, Azərbaycanın Aİİ-yə üzvlük məsələsi müzakirə oluna bilər. Ermənistanla isə sülh sazişi var.

- Öhdəlik kimi Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük ühtimalı da səsləndirilir...

- Azərbaycan heç vaxt Rusiyanın istəyi ilə KTMT-yə üzv olmaz. Çünki bu, Azərbaycanın milli təhlükəsizlik maraqlarına ziddir. Azərbaycan qəti şəkildə bildirib ki, hərbi bloklara qoşulmur. Ona görə Qoşulmama Hərəkatına üzv olmuşuq ki, hərbi bloklardan bərabər məsafədə qalsın. Ona görə bu ehtimalı da zəif hesab edirəm. Zənn etmirəm ki, Azərbaycan Rusiya qarşısında hansısa öhdəlik götürüb və Rusiya ona görə hərbçilərini Qarabağdan çıxardı. Sadəcə Azərbaycan Kremli Rusiya hərbçilərinin Qarabağda qalması üçün heç bir səbəbin olmaması faktı ilə üz-üzə qoydu. Eyni zamanda, dediyim kimi, Üçtərəfli Birgə Bəyanatda sülhməramlıların qalma müddəti ilə bağlı ayrıca bənd var idi. Bunlar isə Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.