“RUSİYA ƏMİN OLDU Kİ, AZƏRBAYCAN BUNA HEÇ VAXT RAZILAŞMAYACAQ...” – “Rusiya ilə yaxından əməkdaşlıqda maraqlı olmalıyıq”

23-04-2024, 10:34           
“RUSİYA ƏMİN OLDU Kİ, AZƏRBAYCAN BUNA HEÇ VAXT RAZILAŞMAYACAQ...” –
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

- Qüdrət bəy, ABŞ-nin Ukraynaya 61 milyard yardım ayırması Ukraynanın müharibədə qələbəsini və ərazi bütövlüyünü bərpa etməsini təmin edə bilərmi?

- Sözsüz ki, yox. Bu yardım Ukraynanın kapitulyasiyasının qarşısını almaq, onu müharibəni bir müddət də davam etdirməsinə inandırmaq, ruhlandırmaq üçündür, yardımın həcmi və ayrılan vəsaitin qarşılığında göndəriləcək silah-sursat qələbə üçün yetərli deyil. Dəfələrlə demişəm, Ukraynanın qələbəsi üçün ABŞ arsenalında olan ən müasir silahları, İkinci Dünya müharibəsində SSRİ-yə verdiyi kimi, Ukraynaya verməlidir. Həm də Ukraynanın istədiyi miqdarda. Hələ mən ikinci cəbhənin açılmasını demirəm. Hələlik görunən odur ki, kollektiv Qərb hansısa mərhələdə Ukraynanı ciddi güzəştlərə məcbur edəcək. Ukraynada çoxları artıq bunu anlayır.

- Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına münasibətiniz necədir?

- Mən Rusiya sülhməramlılarını Azərbaycanın dövlət suverenliyinə təhdid hesab etmirdim və əmin idim ki, zamanında gedəcəklər. Qarabağın erməni sakinlərinin köçüb getməsindən və geri qayıdıb Azərbaycanın yurisdiksiyasında yaşmaq istəməmələrindən sonra Rusiya sülhməramlılarının uzun müddət orda qalması erməni revanşistlərə ümid verirdi ki, Rusiya mövqeyini dəyişə bilər və onlar revanş götürə, yenidən bizim torpaqları işğal edə bilərlər. Bu isə Ermənistanla münasibətlərin tənzimlənməsində əlavə gərginliyə səbəb olurdu. İşğal altında qalmış 4 kəndimizin azad olunmasına dair Ermənistanla delimitasiya haqqında sənədin imzalanmasının Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına dair Rusiya ilə razılaşmadan dərhal sonraya təsadüf etməsi də bunun təsdiqidir. Ona görə Prezidentin bu prosesi sürətləndirməsi və Rusiya tərəfinin bunu anlayışla qarşılaması təqdirəlayiqdir.

- Rusiya buna niyə razılaşdı? Çoxları Rusiyanın Azərbaycanda hərbi iştirakını uzun müddət davam etdirəcəyini düşünürdü. Hətta Rusiyanın bəzi ekspertləri bunu az qala Rusiyanın məğlubiyyəti kimi qiymətləndirdi...

- Əvvəla, Rusiya əmin oldu ki, Azərbaycan başqa şərtlər altında ermənilərin Azərbaycana qayıdışına, onlara beynəlxalq təhlükəsizlik zəmanəti altında hər hansı siyasi muxtariyyətin verilməsinə heç vaxt razılaşmayacaq. Bundan başqa, mən həmişə Azərbaycan hökumətini Qarabağın işğalına son qoyulması üçün Ermənistanla yox, Rusiya ilə danışıqlar aparmağa çağırırdım. Söyləyirdim ki, Rusiyanı inandırmalıyıq ki, o özünün bölgədə iştirakını və nüfuzunu etnik münaqişələrin mövcudluğunda və hərbi iştirakda görməsin. Bu gün Rusiya ilə Azərbaycan arasında etimadlı münasibətlər qurulub, hər iki ölkə regional əməkdaşlığın genişləndirilməsi üçün birgə çalışır və bunu öz ölkələrinin maraqlarına uyğun hesab edirlər. Azərbaycan torpaqları işğal altında qaldıqca bunu indiki səviyyədə etmək mümkünsüz idi. Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında və qorunmasında maraqlı görünür və bu, alqışlanmalıdır. Rusiya münaqişədə öz neytrallığını saxlamaqla Azərbaycanın öz ərazi bütövlüyünü az qan tökülməklə bərpa etməsinə töhfə vermiş oldu. Hesab etmirəm ki, Rusiya öz sülhməramlılarını vaxtından əvvəl çıxarmağa, bəzilərinin iddia etdiyi kimi, Ukrayna savaşında zəifləməsinə görə gedib. Bu qərarın Prezidentlərin görüşü ərəfəsində verilməsi danışıqlara pozitiv təsir edəcək, regionda təhlükəsizliyə və hər iki ölkənin mənafelərinə uyğun əməkdaşlığın genişləndirilməsinə yol açacaqdır. Rusiya böyük qonşumuzdur, bizi tarixi, humanitar əlaqələr bir-birimizə bağlayır. Siyasi hakimiyyətlərdən asılı olmayaraq biz həmizə Rusiya ilə yaxından əməkdaşlıqda maraqlı olmalı, rusları narazı salan şərhlərdən yayınmalıyıq. Azərbaycan Türkiyə ilə birlikdə Ukraynada savaşa son qoyulması üçün Rusiya və Ukrayna ilə dost münasibətlərindən istifadə etməli, bu istiqamətdə ciddi səy göstərməlidir. Baxmayaraq ki, indiki mərhələdə sülhün əldə olunması olduqca çətin görünür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.