Almatı bəyannaməsini sıradan çıxaran sənəd – “Bu, Azərbaycan xəritəsini dəyişəcək”
2-05-2024, 11:43
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Macarıstanın Avropa Sülh Fondunun Ermənistana hərbi məqsədlər üçün ayırdığı yardımı bloklaması haqda məlumat yayılıb. Macarıstan tələb edib ki, əgər yardım edilirsə, Ermənistanla yanaşı, Azərbaycana da olmalıdır. Sizcə, Avropa Birliyində bu yöndə bir fikir dəyişikliyi ola bilərmi?
- Artıq Avropada Azərbaycanla bağlı fikirlər dəyişməyə başlayıb. Avropa Hüquq Məhkəməsinin üzvləri də Azərbaycanı zərərçəkmiş statusda tanımaq istəyirlər. Çıxışlar bu yöndədir ki, bir ölkə gedib başqa bir ölkənin ərazisini işğal edir, 1 milyon insanı didərgin salır, amma biz niyə bunu edənləri zərərçəkmiş kimi tanımalıyıq? Əgər söhbət etnik təmizləmədən gedirsə, etnik təmizləməyə məruz qalan Azərbaycandır. Macarıstan da bu baxımdan Azərbaycanın yanındadır.
Macarıstanla Azərbaycan Türk Dövlətləri Təşkilatında təmsil olunur. Macarlar da türkdür, hunların davamçılarıdır. Macarıstanın mövqeyi Avropa Birliyi daxilində çat yaradacaq. Əslində, bu qurum artıq özünü doğrultmur. Avropa Birliyi Fransanın əlində oyuncağa çevrildiyinə görə, çalışırlar ki, onu oyundan kənarlaşdırsınlar.
Macarıstanın irəli sürdüyü təklif real və həlli tapılmalı olan təklifdir.
- Fransa niyə nümayişkaranə şəkildə geri çağırdığı səfirini geri göndərdi? Əlaqələr yumşalırmı və ya bölgədəki itkilərini nəzərə alan Paris yumşalmaya gedəcəkmi?
- Fransanın Azərbaycana qarşı mövqeyinin dəyişəcəyinə inanmıram. Nə qədər Makron və onun anormal xarici işlər və baş nazirləri hakimiyyətdədir, fikirlərini dəyşməyəcəklər. Fransanı çox böyük bəla gözləyir. Azərbaycana qarşı haqsızlıq elədilər, Azərbaycan da sakitcə Qoşulmama Hərəkatı vasitəsilə Afrika, Polineziya və Mikroneziyanı Fransaya qarşı kökləyə bildi. Bu, Azərbaycan və Prezident İlham Əliyevin çox böyük uğurudur. On milyonluq bir ölkənin başçısı Avropanın qocaman dövlətinin xarici siyasətini yerlə yeksan elədi.
Fransanı daha böyük bəlalar gözləyir. Çünki Fransanın xarici siyasəti ilə yanaşı, daxilində də çox ciddi problemləri var. Fransa cəmiyyəti artıq Makronu qəbul etmir. Fransa cəmiyyətinin 57 faizi Makronun əleyhinədir, bu sorğunu biz yox, fransızların özləri aparıb. Görünən budur ki, Makron gethagetdə mərdiməzarlıq eləməyə çalışır. Nə qədər Makron Fransada hakimiyyətdədir və Fransa da ermənilərin əlində oyuncaqdır, belə də davam edəcək. Davam eləsinlər, heç nə olmayacaq.
- ABŞ də fəallaşır, tez-tez Vaşinqtondan Bakı və İrəvana telefon zəngələri gəlir, Dövlət Departamenti açıqlamlar verir. ABŞ-nin bölgə ilə bağlı hansı hesabları var, indiki fəallığın izahı nədir?
- Ümumiyyətlə, Amerikanın son 100 ildə “milli təhlükəsizlik” adı altında yürütdüyü siyasət fiasko ilə nəticələnib. Bu siyasətin nə ideoloji, nə də hüquqi cəhətdən əsası var. ABŞ-nin 2015-ci ildə qəbul etdiyi milli təhlükəsizik dokrinasında əsas xətt “dünyada demokratiyanı təbliğ etmək” və “maliyyə sabitliyini saxlamaq”la bağlıdır. Amerika heç birini bacarmadı. Qəbul elədikləri bu sənədin özü icra olunmur.
ABŞ sırf iqtisadi maraqlarına xidmət edən bir dövlətdir. Xarici siyasətində tamamilə iqtisadi maraqlar üstünlük təşkil edir. Blinkenin həm Bakı, həm də İrəvana etdiyi zənglərin arxasında bu maraqları durur. Amerikalılar həm də çalışırlar ki, Ermənistan üzərindən Azərbaycana təzyiq eləsinlər və Azərbaycanın Rusiya ilə münasibətlərini gərginləşdirsinlər. Məqsədləri budur, amma buna da nail ola bilməyəcəklər.
Ermənistanı Gürcüstanın taleyini gözləmədiyinə heç kim zəmanət verə bilməz. Rusiya Ermənistanı Gürcüstandan da pis günə qoyacaq, bu birmənalıdır.
- Ermənistan Qazaxıstan görüşü ilə bağlı niyə tərəddüd edir? Hələ də Astananın təklifinə cavab verməyiblər.
- Əslində, Qazaxıstan tərəflər arasında vasitəçi yox, dialoq platforması kimi çıxış etməyə çalışır. Bunu da müəyyən qüvvələr istəmirlər. Xarici işlər nazirləri bundan əvvəl Almaniyada görüşmüşdülər, Berlində etiraf edir ki, vasitəçi deyil. İndi xarici işlər nazirləri başqa bir ölkənin ərazisində görüşməlidir. Çünki müharibədən sonra həmişə tərəflər dialoq üçün özgə bir meydan seçirlər. Yəqin Tokayev İrəvanda Paşinyanla razılaşıb ki, bu məsələ gündəmə gəlib.
Azərbaycan bütün platformalara açıqdır. Biz bizim siyasətimizi dəstləkləyən istənilən dövlətlə hər cür əməkdaşlığa hazırıq.
- Qərbdən delimitasiya prosesinə verilən bütün dəstək mesajlarında “Almatı bəyannaməsi” vurğusu var. Ermənistan və dəstəkçilərinin bu təkidinin səbəbi nədir, Almatı bəyannaməsi maraqlarımıza nə qədər uyğundur?
- Əslində, Almatı bəyannaməsi maraqlarımıza uyğun deyil. Bu bəyannamədə Azərbaycanın 300 kvadrat kilometr ərazisi “itir”. Həmin bəyannamədə Azərbaycan ərazisi 86.6 min kvadrat kilometrdir, Ermənistan da 29-dur, amma bu rəqəm 29.3 göstərilir. Ermənilər biclik etməyə çalışırlar. Digər yandan, bu bəyannamədir, hüquqi sənəd deyil və Azərbaycan tərəfindən ratifikasiya olunmayıb. Azərbaycan sülh müqaviləsi imzalansın deyə, bunu gündəmə gətirir. Əslində, SSRİ Azərbaycanı işğal edəndə ərazimiz 114 min kvadrat kilometrdir, biz bunu istəməliyik. Çünki ərazimizin 20 min kvadrat kilometri Ermənistana verilib, 6 mini Gürcüstana, 3 mini də Rusiyaya gedib. İran da bir az veriblər.
Azərbaycan 1920-ci il xəritəsini irəli sürə bilər. SSRİ Azərbaycanı işğal edəndə ərazimiz 114 min idi, indi niyə 86.6 qalıb? Almatı bəyannaməsini də ona görə ortaya atırlar ki, Azərbaycan bunları deməsin. Azərbaycanın 1991-ci ildə qəbul etdiyi Konstitusiya Aktında yazılır ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Yəni o ərazilər bizimdir. Bu, hüquqi cəhətdən təsbit olunmuş sənəddir. İndi erməni və ya kimsə nə deyirsə, boş şeydir. Biz 114-ü istəməliyik.