"Müəllimin repetitor yanına getməsi utancvericidir" - Ekspert
4-05-2024, 09:24
“Müəllim sertifikasiyadan niyə qorxmalı və ya çəkinməlidir? Niyə güzəşt istəməlidir? Axı sertifikasiya işə qəbul imtahanı və ya müsabiqəsi deyil ki, orada rəqabət olsun. Sertifikasiya müəllimin hal-hazırda peşəkarlığını yoxlamaq məqsədi ilə keçirilir. Məktəbdə təlim-tərbiyə prosesi ilə məşğul olan müəllimin gündəlik işə getməsi ilə, hansısa zavoda, fabrikə gündəlik işə gedən işçi arasında fərq olmalıdır. Etiraf edək ki, heç birimiz məktəbdə övladımıza peşəsinə ciddi yanaşmayan, bilik və pedaqoji bacarıqları zəif olan müəllimin dərs deməsini istəmirik”.
Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O, çıxışına daha sonra bunları əlavə edib:
“Sertifikatlaşmadan keçmək hamıdan çox müəllimin xeyrinə deyilmi? Əmək haqqına 10%, 51+ bal topladıqda isə 35% əlavə olunurmu? ( bu bölgü ədalətsizdir deyirik və dəyişikliyin zəruriliyini artıq hamı dərk edir. Təklif edirik əmək haqqı 30-40 bal arasında 10%, 41-50 bal arasında 20%, 51-60 bal arasında 35% artımla verilsin və 30-50 bal toplayanlara hər il nəticələrini yaxşılaşdırmaq üçün şans verilsin könüllülük prinsipinə əsaslanmaqla ) Yüksək nəticə göstərənlərin məktəb direktoru və direktor müavini vəzifələrinə üstünlük verilir. Onlar hər tədris ilində dərs bölgüsü zamanı nəzərə alınır".
Ekspert qeyd edib ki, növbəti aydan xarici dil və riyaziyyat müəllimlərinin sertifikasiyası baş tutacaq:
"Məktəbdə daha çox dərs saatları olan hər iki fənn müəllimləri ən çox repetitorluqla məşğul olurlar. Onların sertifikasiyadan keçməmək ehtimalı azdır. Eyni zamanda az qala hər üç müəllimdən ən azı bir nəfəri özü sertifikasiyaya hazırlaşmaq üçün repetitor yanına gedir. Bu isə təhsilimiz adına utancvericidi və qəbuledilməzdir. Amma qazanan yenə də təhsil sistemidir. Onlar öyrəndiklərini sonunda sinifdə tətbiq edəcəklər, əlavə olaraq təhsilin bacara bilmədiyi bir nəticə alınacaq. Sertifikasiya ümumi təhsilimizdə illərlə qalaq-qalaq yığılmış peşəkarlıq probleminin həlli üçün yeganə yoldur. Bu prosesdən təhsilimiz, ən çox da təhsilverənlərimiz yararlanacaq".