Dəhlizlə bağlı SON YENİLİK: Mövqelər yaxınlaşdı...

13-05-2024, 08:58           
Dəhlizlə bağlı SON YENİLİK: Mövqelər yaxınlaşdı...
Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər və eyni mövqenin Nikol Paşinyan tərəfindən tərkrar olunması artıq ümumi reallığı əks etdirir. Bu gün ikitərəfli platformaya əsaslanan münasibətlərin normallaşmasına xidmət edən ciddi işlər gedir. Əlverişli mühit mövcuddur. Ümid edək ki, noyabr ayına qədər bütün proseslər müsbət sonluqla nəticələnsin. Bununla da yekun sülh və yaxud çərçivə sazişi imzalansın. Gözlənilən məhz budur. Ermənistanda Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşmasına, sülh sazişini imzalamağa çalışan Paşinyan komandası ilə revanşistlər, şeytan yuvası olan kilsə arasında son döyüşlər gedir. Bu hadisələr də sözsüz ki, Paşinyanın xeyrinə bitəcək.

TEREF Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Azərbaycanın təklif etdiyi 5 prinsipə əsaslanan sülh prosesi Ermənistan tərəfindən nəhayət qəbul ediləcək:
“Bununla da Cənubi Qafqazda sülh və təhlükəsizlik təmin olunacaq. Məhz Azərbaycan Prezidentinin qətiyyəti və müdrik siyasəti nəticəsində proseslər öz məntiqi sonluğuna çatacaq. Hazırda Almatıda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında keçirilən görüş də bu məqsədlərə xidmət edir”.

Partiya sədri hesab edir ki, görüşün türk dövləti olan Qazaxıstanda keçirilməsi müsbət amildir:

“44 günlük müharibədən sonra ikitərəfli əsasda aparılan danışıqlar nəhayət öz məntiqi sonluğuna doğru gedir. Artıq iki ölkə arasında danışıqlarda heç bir vasitəçi yoxdur. Almaniyada aparılan danışıqlardan sonra Almatı da heç bir vasitəçinin iştirakı olmadan aparılan müzakirələr müsbət addımdır”.

Fəzail Ağamalıya görə, artıq Azərbaycanla Ermənistan arasında sülhlə bağlı kimsə vasitəçilik etmək haqqında düşünməyəcək:

“Hazırda iki ölkə arasında vacib müzakirələr gedir. Azərbaycanın hələ də Ermənistanın işğalı altına olan kəndləri və Zəngəzur dəhlizinin açılması məsələsi danışıqların gündəliyində əsas amildir. Anklav olmayan 4 kəndin geri qaytarılmasından sonra digər məsələlərin də həlli öz ardıcıllığına uyğun həllini tapmalıdır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ətrafında mövqelərin yaxınlaşması ətrafında fikir mübadiləsi aparıla bilər. Bununla yanaşı münasibətlərin digər detalları da danışıqlar masasında əsas yer alacaq. Bütün bunların fonunda Almatı görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təkan verəcək”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.