AMAY Abdulla: Sizi mənim həbsim, məni isə pul maraqlandırır
25-05-2015, 17:30
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Texnikabank”dan və “Birlikbank”dan götürülən kreditlər üzrə şahidlər dindirildi.
Şahid qismində ifadə verən Şücaət Məmmədov bildirdi ki, onun adına “Köhnə Qala” firması təsis olunub, təqsirləndirilən Elşən Novruzovun təklifi ilə “Texnikabank”dan kredit götürüb və götürülən məbləğ “AMAY”ın tikintisinə sərf olunub.
“Birlikbank”ın kredit şöbəsinin mütəxəssisi Dilarə Hüseynova təqsirləndirilən şəxsləri tanımadığını, onların adlarını eşitdiyini, bankda üç ay işlədiyini, verilmiş kreditlərlə bağlı məlumatı olmadığını dedi.
“AMAY” şirkətində mühafizəçi işləyən Cəfər Məhərrəmov təqsirləndrilən Mehman Məmmədxanlının təklifi ilə bankdan 1 milyon məbləğində pul götürdüyünü, həmin pulların “AMAY”ın tikintisinə sərf olunduğunu bildirdi.
Dövlət ittihamçısını sullarını cavablandıram şahid pulu Mehman Məmmədxanlıya verdiyini açıqladı.
A.Abdullayev şahidin dediklərinə bu cür reaksiya verdi: “De ki, biz aşağı rəqəmlərlə işləmirik, de ki, pulu bağlamışıq, nə istəyirsiniz?”
“Birlikbank”ın kredit şöbəsinin müdiri İlqar Muradov şahid qismində ifadə verərkən istintaqa veridiyi ifadəsini təsdiq etdiyini bildirdi: “Müştəriyə 10 min manatdan artıq kredit vermirdik. Ondan yuxarı məbləği konkret tapşırıq əsasında verirdik”.
Dövlət ittihamçısı Fərid Nağıyev şahiddən kimin tapşırığı əsasında verdiklərini soruşdu.
A.Abdullayev yerindən replika verdi:
-Sizə tapşırıblar məni həbs edin, etmişiniz, eləcə də tapşırıblar kredit verin, veriblər. Sizə tapşırılıb mənə iş verəsiniz?
Hakim:
-Xeyr.
A.Abdullayev:
-Tapşıracaqlar...
Şahid İ.Muradovun ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. Şahid ifadəsində göstərib ki, “Birlikbank”ın müdiri Səriyyə Səmədovanın göstərişi ilə sənədlərə imza atıb, onun tapşırığını icra edib (Qeyd edək ki, İlqar Muradov və Elşən Novruzov 2011-ci ildə həbs olunublar. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib-red).
A.Abdullayev qısa çıxış etdi: “Burda yalan danışan yoxdur. Bu işə görə günahsız bir insanlara iş vermisiz. Günah məndədir ki, bu işi Avropa Məhkəməsinə vermədim, indi təzminat almışdım”.
Şahid qismində məhkəmədə dindirilən Xanbaba Qayıtmazov 2006-cı ildə “Birlikbank”ın Qusar şöbəsindən kredit götürdüyünü, krediti qaytardığını bildirdi.
Şahid Zahid Kərimov da eyni məzmunlu ifadə verdi. O, 2007-ci ildə “Birlikbank”dan kredit götürdüyünü və qaytardığını göstərdi.
“Birlikbank”dan kredit götürülən şəxslərin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi A.Abdullayevin vəkillərinin etirazına səbəb oldu.
Vəkil O.Kazımov: “Bu şahidlərin “AMAY”ın işinə nə aidiyyəti var axı? Bunların dindirilməsinə nə ehtiyac var?”
“Birlikbank”ın ləğvetmə komissiyasının üzvü olmuş Abbasəli Qurbanov və Beynəlxalq Bankın işçisi Həbib Qafarov şahid qismində ifadə verdilər.
“Birlikbank”dan kredit götürən şəxslər pulların qaytarılmasında gecikmələr olduğu üçün cərimə edildiklərini dedilər. Bu məsələyə aydınlıq gətirən A.Abdullayev bankın 2011-ci ildə lisenziyası ləğv edilənə qədər fermerlərin cərimə olunmalarına imkan vermədiyini, ödəmə müddətinin uzadıldığını bildirdi. Onun sözlərinə görə, cərimələr və fermerlərin borclarının əmlaka yönləndirilməsi bankın lisenziyası ləğv edildikdən, Mərkəzi Bank “Bilrikbank”a inzibatçı təyin etdikdən sonra baş verib.
A.Abdullayev bunu da qeyd etdi ki, “Birlikbank” fəaliyyət göstərdiyi dövrdə fonda ödəmə kredtilərin vaxtı çatmadığı üçün cərimələrə imkan verməyib.
A.Abdullayev “Banklar haqqında” qanuna isnad edərək bankların gəlirilərinin öncə bankdaxili xərclərə, daha sonra dövlət öhdəliklərini yerinə yetirməyə, bundan sonra təminatlı kreditlərin ödənişinə yönəldilməli olduğunu dedi: “Qanunda deyilir ki, verilən kreditlərin geri qayıtması öncə bankdaxili xərclər və dövlət qarşısındakı öhdəliklər dayanır. 2011-ci ildə lisenziya alınıb. Sahibkarlığa Milli Kömək Fondu ilə “Birlikbank” arasındakı kreditlərin vaxtı bitməmişdi. Fond müştəridən tələb etmir, bankdan tələb edir. Mənə bank tərəfindən verilən vəsait 4 faiz idi. Vəsaitin vaxtı bitməyibsə, niyə 4 faizi qaytarmalı idim? Sizi maraqlandıran məni tutmaqdır. Məni də maraqlandıran maliyyə maraqlarıdır...”
Hakim isə cavabında dövlət ittihamçısının marağının ittihamı müdafiə etməkdən ibarət olduğunu bildirdi.
Beynəlxalq Bankın işçisi H.Qafarov ifadəsində Beynəlxalq Bankdan “AMAY”-a 57 milyon 358 min manat kredit verildiyini açıqladı.
Dövlət ittihamçısı şahiddən kreditləri Əsgər Budaqov, Əmirağa Əliyev və Rəşad Süleymanova (hər üç şahid ötən məhkəmələrdə şahid qismində dindirilib-red.) verilib-verilmədiyini soruşdu. Şahid şəxsiyyət vəsiqəsi olmadan heç kimi qəbul etmədiklərini bildirdi.
Dövlət ittihamçısı zalda əyləşən Əsgər Budaqova müraciət etdi:
-Siz 9 milyon manat məbləği kassadan götürmüsünüzmü?
Ə.Budaqov:
-İmza atmışam, amma pul götürməmişəm.
Dövlət ittihamçısı eyni sualı zalda əyləşən Əmirağa Əliyevə və Rəşad Süleymanova da ünvanladı. Hər iki şəxs sənədlərə imza atsalar da, bankdan pul götürmədiklərini dedilər.
Ə.Budaqov isə bu iş üzrə zərərçəkmiş olduğunu bildirdi: “Texnikabank” və Beynəlxalq Bank həm əmlakımızı, həm də dövlətin pulunu mənimsəyiblər, mən zərərçəkmişəm”.
A.Abdullayev qısa çıxış etdi: “Həmin pulları götürüb aparmaq belə mümkün deyil. “Texnikabank”dan azad olunan girovlar Beynəlxalq Banka keçib”.
Bundan sonra vəkil Osman Kazımov A.Abdullayevin barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə bağlı vəsatət qaldırdı:“Abdulla Abdullayevin həbsdə saxlanılması qanunsuzdur. Mən həqiqəti deyirəm. Bu iş Avropa Məhkəməsinə gedəcək. İstəmirəm orada yazaq ki, bu pul buna görə götürülüb. Bunu yazmaq istəmirik. Bunu yazmağa niyə bizi məcbur eləyirsiniz? Bu, çox ciddi məsələdir. Biz yazıb göstərəcəyik ki, Abdulla Abdullayevi məhz bu məsələyə görə tutublar”.
Hakim vəsatətin sabah müzakirə olunacağını məhkəmə iştirakçılarının nəzərinə çatdırdı.
Məhkəmə prosesi mayın 26-a kimi təxirə salındı.