Deputat: “Məsafəyə uyğun gedişhaqqı alınsa, az məsafə gedən sərnişin daha az ödəniş edər”

23-05-2024, 08:04           
Deputat: “Məsafəyə uyğun gedişhaqqı alınsa, az məsafə gedən sərnişin daha az ödəniş edər”
Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatlarda gedişhaqqı stabil olaraq 0,40 AZN hesablanır.

Lakin bəzi marşrut avtobuslarının getdiyi məsafə uzaq olduğu üçün həmin marşrut avtobuslarında gedişhaqqı məsafəyə uyğun olaraq 0,45, 0,50, 0,60 AZN təşkil edir.

Bəs sərnişinlər marşurut ilə qısa məsafə qət etdikdə niyə gedişhaqqı məsafəyə görə hesablanmır?

Məsələn, gedişhaqqı qiyməti 0,60 AZN təyin edilmiş marşrutlarda 1 dayanacaq belə getsəniz yenə də, 0,60 AZN ödəməli olacaqsınız.

İndex.az məsələ ilə bağlı deputat Vüqar Bayramov ilə əlaqə saxladı.

İndex.az-a danışan Vüqar Bayramov bildirdi ki, nəqliyyat sektorunda ödəniş sisteminə yenidən baxılmasına və təkmilləşdirilməsinə ehtiyac var:

“Dünya praktikasına nəzər salsaq görərik ki, bir sıra ölkələrdə gedişhaqqı üçün günlük, həftəlik və aylıq kartlardan istifadə olunur. Bu kartlar vasitəsi ilə sərnişinlər nisbətən daha az ödəniş edirlər. Bununla yanaşı məsəfayə uyğun olaraq ödənişin müəyyənləşdirilməsi də, məqsədəuyğundur. Belə olduqda, daha az məsafə qət edən sərnişinlər daha az ödəniş edə bilərlər”.

Deputat bildirdi ki, ödəniş sisteminin təkmilləşdirilməsi nəqliyyat sektorunda ödənişlərin sistemləşdirilməsinə şərait yaradacaq:

“Ödəniş sisteminin təkmilləşdirilməsi nəqliyyat sektorunda ödənişlərin sistemli şəkildə cəlb edilməsini asanlaşdıracaq. Bununla yanaşı, mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edən insanların daha ucuz qiymətlərlə səyahət etməsinə imkan verəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.