Əməkhaqqı bu qədər artacaq: 3,7 milyard belə bölüşdürülür – Vahid Əhmədov açıqladı
30-05-2024, 10:24
Hazırda Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirələr aparılır, əmək pensiyaları ilə bağlı 25 milyon manat əlavənin edilməsi gözlənilir. Bunun daha çox hansı sahələri əhatə edəcəyi hələ müəyyən edilməyib. Ümumiyyətlə, büdcə zərfi müzakirə ediləndə əmək pensiyası, müavinətlər, şəhid ailələri və qazilərə ödənilən ödənişlərə baxılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib.
O qeyd edib ki, hazırda parlamentin müvafiq komitəsində müzakirə edilən məsələlər arasında prioritet sahələr var:
“Bu, ilk növbədə Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq işləri ilə əlaqədar vəsaitin ayrılması ilə bağlıdır. Eyni zamanda büdcə dürüstləşməsi zamanı əlavə vəsait formalaşıb. Çünki neftin bir barreli 60 dollardan götürülmüşdü. İndi 75 dollardan götürüləcək. Qeyri-neft sektorundan da büdcəyə əlavə 600 milyon manata yaxın əlavə vəsait daxil olub. Xarici ticarət dövriyyəsindən isə təxminən 2,5 milyar profisit mövcuddur”.
Komitə üzvü hesab edir ki, məhz bu artımlar nəzərə alınaraq əlavə vəsait yaranıb:
“Bu vəsaitin də əsasən 4 prioritet sahəyə yönələcəyi proqnozlaşdırılır. İlk növbədə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq prosesi, müdafiə və təhlükəsizlik məsələsi, infrastruktur layihələri xüsusən də, su, avtomobil yolları, elektrik enerjisi kimi sahələr, beynəlxalq tədbirlərin təşkili ilə bağlı da vəsaitlərin yönəldilməsi gözlənilir. Müdafiə xərcləri üçün əlavə 807 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərə büdcədən 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Buna əlavə olaraq 1,1 milyard manat əlavə ediləcək ki, bu da ümumulikdə 5,1 milyard manat vəsaitin ayrılması deməkdir”.
Vahid Əhmədov ümumilikdə 3,7 milyard manat vəsaitdən söhbət getdiyini bildirib:
“Bu da neft və qeyri-neft sektorundan daxil olan əlavə gəlirlər hesabına formalaşıb. Orta aylıq əməkhaqqının artırılması nəzərdə tutulur. 980 manat götürülsə də, artıq orta aylıq əməkhaqqının 990 manat olması hədəflənib. İllik inflyasiyanın isə 2,7 faiz ətrafında olması proqnozlaşdırılır. Mərkəzi Bankın mənfəətindən qalmış olan 250 milyon sərbəst qalıq da bura yönəldiləcək. 25 milyon manat isə utilizasiya xərclərindən əlavə vəsaitlər daxil edilib ki, bu da nəzərdə tutulan artımlara ünvanlanacaq”.