Müsavatçıdan müxalifətə sərt təpki: - “Əliyevə bu sözü dediyimə görə...”

30-05-2024, 16:52           
Müsavatçıdan müxalifətə sərt təpki: - “Əliyevə bu sözü dediyimə görə...”
Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Meydan” TV-yə verdiyi müsahibəyə baxdım. Təxribat xarakterli müsahibədir. Müsahibənin ana xətti bir sual üzərində qurulmuşdu: Novella Cəfəroğlunun yüksək vəzifəli məmurları ad günləri münasibətilə təbrik etməzinə İsa bəyin münasibəti necədir?

Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının Divan üzvü Osman Kazımov deyib.

“Aşkar hiss olunur ki, bu sual İsa bəy və Müsavata yeni hücum dalğası üçün planlaşdırılıb. Təbii ki, belə qeyri-etik sualı cavablandırmamaq və “bu sualı Novella xanımın özünə verin” də demək olardı. Amma peşəkar siyasətçi kimi İsa bəy daha çox çirkin oyunun qarşısını almağı məqsədəmüvafiq hesab elədi".

Tanınmış müsavatçı başqa bir məqama da diqqət çəkib:

“Ola bilər ki, bu cavab Novella xanımın xətrinə dəysin. Novella xanım xalq hərəkatı yaranandan ön cəbhədədir, döyüşür. Yüzlərlə insanın azad olunmasında danılmaz xidmətləri var. Həmişə döyüş bölgələrində olub. Vətən üçün, xalq üçün nəyi edə bilibsə, edib. İndi bir təbrik və ya hansısa bir fikrə görə insanı linç etmək və bunu onun təmsil olunduğu siyasi qüvvəyə qarşı yönəltmək olarmı? Belə məkrli oynamaqmı olar?

Bu gün müsavatçıları yaşlı və cavana bölməklə nə demək istəyirsiniz? Ömrünün 30 ilini bu partiyaya sərf etmiş insanların mücadiləsi unudulmalıdırmı, mübarizələrinin, həyat təcrübəsinin üzərindən xətmi çəkilməlidir? Bu olmayacaq, hər kəs bunu unutsun. Hər bir müsavatçı, ailə üzvü bizim üçün əzizdir”.

Osman Kazımov dəfələrlə bir sıra məsələlərə görə linç edildiyini də vurğulayıb:

“Dəfələrlə məni İlham Əliyevə cənab, Mehriban Əliyevaya xanım deyə müraciət etdiyimə görə açıq-qapalı formada tənqid, bəzən təhqir ediblər. Həm də o adamlar ki, min hoqqa, min fırıldaqdan çıxırlar. Müsavat Partiyasının qurultayında çox hörmətli Cəmil Ünal İlham Əliyevə sayın İlham Əliyev deyə müraciət edərək, həbsdə olan jurnalistlərimizin azad olunmasını xahiş elədi. Cəmil bəy ayaq üstdə alqışlandı. O alqışlayanların içində məni vaxtilə cənab və xanım sözünə görə topa tutanlar da vardı. Necə olur ki, Cəmil bəy sayın sözü işlədəndə alqışlanır, mən cənab İlham Əliyev və Mehriban xanım Əliyeva deyəndə topa tutuluram?”

Müsavat funksioneri bunun bir siyasi etika, mədəni siyasi davranış olduğunu qeyd edib:

“Türkiyə siyasiləri ən gərgin mübahisə anlarında belə bir-birlərinə sayın deyə müraciət edirlər. Bu davranışlara öyrəşmək, qəbul etmək lazımdır. Siyasi müraciət, davranış qaydaları nifrət, kin-küdurət üzərində qurulmamalıdır. Bu həm müxalifət, həm də daha çox iqtidara aid olmalıdır.

Sabah-bu gün mənim cənab deyə müraciət etdiyim İlham Əliyev müxalifəti şəxsən dialoqa dəvət etsə, getməyəcəklərmi? Bu ölkədə danışıq, barışıq kiminlə əldə olunmlıdır? Kimlər bu vətən, hər addımda hüquqları pozulan bu xalq üçün bir masa arxasında əyləşməlidir? Bu ölkəyə barış gəlməməlidirmi?”

Osman Kazımov əlavə edib ki, sosial şəbəkədəki paylaşımları və Kəlbəcərin azad edilməsi ilə bağlı təbrikini az qala “xəyanət” səviyyəsinə qaldırmışdılar:

“Döyüş meydanlarında olmayan, qucağında, yanında gənc əsgərlərimizin parçalanmış cəsədini görməyənlər bunun nə demək olduğunu bilməzlər, başa düşməzlər. Amma mən o qanı görmüşəm, o qana boyanmışam. Bir ananın övlad faciəsi nə qədər ağırdır, bunu dərk edirlərmi? Bəlkə də ən ağır və qanlı döyüş Kəlbəcərdə olacaqdı. Ən qanlı ola biləcək döyüşün qarşısı alınıbsa, bunun sevincini bölüşməməli idikmi? Yoxsa bu ölkədə söz hüququmuzu da haqq etməyənlərdən icazə alıb danışmalıyıq?

Müharibənin birinci günü şəhid olana “o neyləyib ki?” deyənin mənəviyyatına nə deyəsən? Özü də bu sözü müharibədə iştirak etmiş şəxs deyirsə... O şəhid vətən üçün şirin canını qoyub, körpə balalarını atasız, anasını övladsız qoyub. Düşmən gülləsi o şəhidimizin ata qayğısı və nəvazişini əbədi alıb. Məsələn, Teymur Müsavatın şəhid zabitidir, müsavat zabitidir. Özümüzə gəlməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.