"Dünyaya uşaq gətirə bilən gənclərin 40 faizi ölkədən gedib" - Partiya sədri

1-06-2024, 09:04           
"Dünyaya uşaq gətirə bilən gənclərin 40 faizi ölkədən gedib" - Partiya sədri
“1990-cı ildə Azərbaycanda 1 milyon 100 mindən bir qədər artıq uşaq doğulub. Bu illər ərzində isə Azərbaycanda 1 milyon uşaq az doğulub. Bunun bir neçə səbəbi var”.

Bunu Bakupost.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O, səbəbləri bu cür sadalayıb:
“Birinci iqtisadi səbəbdir. Vətəndaş dünyaya çox uşaq gətirib onlara lazım olan tərbiyəni verə bilmir. İkincisi, ailə institutunun dağılmağa meyilliliyidir. Görürsən ki, ailə qurandan bir neçə ay sonra ayrılırlar, uşaq dünyaya gətirmək vaxtına çatmırlar. Üçüncüsü, hökumətin öz üzərinə götürdürdüyü uşaq hüquqları haqqında konvensiyanın şərtlərini yerinə yetirməməsidir. Dördüncüsü, uşaqların sayının artırılmasına, yəni əhali sayına dövlətin xüsusi maraq göstərməməsidir. Əslində bizim deputatlarımız da, dövlət nümayəndələrimiz də əhali artımını pis bir şey kimi təqdim edirlər. Amma bütün dünyada hamı çalışır ki, əhali artımı olsun, çünki əhalinin özü siyasətin əsas vasitələrindən biridir. Bu gün dünyanı idarə edən dövlətlərin böyük əksəriyyəti həm də əhalinin çoxluğuna görə aparıcı dövlət hesab olunur. Amma bizdə düşünürlər ki, adam yoxdursa, problem də yoxdur.
Digər bir mühüm səbəb isə Azərbaycanda məhsuldar qüvvələrin, uşaq dünyaya gətirə biləcək gənclərin böyük əksəriyyətinin ölkəni tərk etməsidir. Yəni əgər Azərbaycanda əhalinin qırx faizi ölkəni tərk edibsə, bunların səksən faizi ancaq elə dünyaya uşaq gətirmək imkanı olan və yaxud da o yaşda olan insanlardır. Əhali sayının azalmasının həddən artıq çoxlu səbəbləri var. Məsələn, gənclər arasında cinsi xəstəliklərin yayılması, impotensiyanın aşağı olması və sair. Təbii ki, bu səbəblərin içində bir nömrəli səbəblər iqtisadi, hüquqi məsələlərdir”.
S.Cəlaloğlu nikahdankənar uşaqların bütün cəmiyyətlərdə olduğunu bildirib:
“Gənclər arasında münasibətlərin düzgün qurulmaması, dövlətin bu məsələlərə nəzarət etməməsi səbəbindən gənclər arasında kəbindənkənar uşaqlar dünyaya gəlir. Bu bir az da əxlaqi deformasiya ilə bağlıdır. Eyni zamanda, belə bir təbliğat da aparırlar ki, uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac yoxdur. Ona görə də rəsmi nikahın zəruri olmasının ailə institutunun möhkəmlənməsinin əsası kimi təbliğ edilməsi vacibdir”.
Qeyd edək ki, Azərbaycanda uşaqların sayı sürətlə azalmağa başlayıb. Belə ki, uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31,8 %-ni 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsə qədər azalıb. Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-yə yüksəlib.
Vasif Əlihüseyn
BakuPost












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.