Bakı başqa bir həmləyə hazırlaşır, Kremldə ayrı plan cızılır – “Sürpriz olacaq”
1-06-2024, 11:15
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiyalı deputat Konstantin Zatulin söyləyir ki, revanşistlər Ermənistan Baş naziri Nikol Paşinyanı devirə bilməyəcəklər, Moskva kömək etməlidir. Rusiya açıq dəstəyə başlayacaqmı, başlasa, nə dəyişəcək?
- Maraqlıdır ki, son dönəmdə Rusiyanın erməni kilsəsi və nümayəndələrinə “stavka” qoyduqları açıq-aydın görünür. Baqratın başladığı və davam edən aksiyaların arxasında da Rusiyanın olduğu artıq şübhə yeri qoymur. Rusiya Ermənistan siyasətinə siyasi qüvvələr, yaxud Köçəryan və Sərkisyan vasitəsilə təsir edə bilməyəcəyini anladı. Bu “vurulmuş kadrlar” və ya “Qarabağ klanı”nın nümayəndələri Ermənistan cəmiyyətində o qədər aşağı reytinqə malikdirlər ki, indiki halda onlarla siyasi oyun qurmaq və manevrlər etmək mümkünsüzdür.
Rusiya 2020-ci ildən müəyyən cəhdlər elədi, müəyyən koalisiyalar qurdu, aksiyalar təşkil etdi, amma 2021-ci ildə keçirilən erkən seçkilərdə Paşinyanın komandası qalib gəldi. Rusiya bundan sonra anladı ki, Ermənistanda öz təsir dairəsində olan siyasətçilərlə iş görmək mümkün deyil. Bu səbəbdən də taktikanı dəyişdilər, erməni cəmiyyətində az-çox nüfuzu olan kilsə vasitəsilə durumu dəyişməyə cəhd etdilər. Amma problem budur ki, Baqratın rəhbərlik etdiyi bu hərəkatın məqsədinin nə olduğunu xalq anlamır.
Paşinyanın dedikləri ilə razılaşanlar da, razılaşmayanlar da var, amma o, müəyyən məsələlərlə bağlı konkret təkliflər irəli sürür. “Yeni hərəkat”ın nümayəndələri isə xalq tərəfindən o qədər də anlaşılmırlar deyə, böyük dəstək görmürlər. Üstəgəl, son zamanlarda verilən dəstəyin də azaldığını görürük. Hətta əvvəllər keşişin rəhbərlik etdiyi hərəkatı dəstəkləyən media qurumları belə, indi ona qarşı müəyyən irad və suallarla çıxış edirlər.
Rusiya da görürür ki, artıq proses sönmək üzrədir, buna görə hansısa formada dəstək verməyə, közü alovlandırmağa çalışır. Buna nail olacağını düşünmürəm. Hər halda Zatulinin açıqlaması məlumun elanı idi. Əvvəllər insanlar düşünürdülər ki, prosesin arxasında Rusiya durur, indi Zatulin bunu təsdiqləyir. Rusiya prosesin sönməyə doğru getdiyini də görür.
- Ermənistan hökumətinə bağlı media və ekspertlər iddia edirlər ki, planları alınmayan revanşistlər qan tökə, terror və təxribata əl ata bilərlər. Belə bir gəlişmə prosesi hansı istiqamətə döndərəcək?
- Adətən belə küçə prosesləri sönməyə doğru gedəndə, müəyyən bir dalğanın yaranması ehtiyacı olur. “Müqəddəs qan” anlayışı yaranır ki, kiminsə qanı tökülür, bunun üzərindən siyasi prosesin gərginləşdirilməsinə start verilir. Bu ssenari bir çox ölkələrdə həyata keçirilib.
Əlbəttə, Ermənistanda da bunu etmək istəyənlər tapılacaq. Yəni prosesdən kənarda qalan 80-90 faiz xalqı cəlb etmək üçün müəyyən qanlı təxribatlar mümkündür. Bunu Ermənistan hökuməti də bilir. Paşinyanın komandası tez-tez təhlükəsizlik strukturları ilə toplantılar keçirir, yəqin onlarda bəzi məlumatlar var. Bu məlumatlar əsasında müvafiq addımlar atırlar.
Təhlükəsizlik tədbirləri görülür, artıq aksiyalarda saxlanılanlar və həbslər var. Hətta keçmiş separatçı rejimin bəzi təmsilçiləri, o cümlədən Xankəndinin “sabiq mer”i də həbs edilənlər arasındadır. Düzdür, korrupsiya məsələsinə görədir, amma məlumdur ki, bunun içində siyasi çalarlar da var. Bir sözlə, qabaqlayıcı addımlar atılır ki, mümkün təxribatların qarşısı alınsın.
Amma bu mümkün gəlişmənin nə vaxt olacağını söyləmək çətindir. Bir şey isə dəqiqdir ki, proses sönməyə doğru gedir. Baş verənlərin arxasında duran qüvvələr, eləcə də Kremlə bağlı “Qarabağ klanı” anlayır ki, bu dəfə proses nəticəsiz yekunlaşsa, o zaman Ermənistanda siyasətə kənardan təsir imkanları tamamilə sıradan çıxacaq.
Buna görə də, düşünürəm ki, yaxın günlərdə Ermənistanda müəyyən təxribatları görə bilərik.
- Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinin yollarını müzakirə etdi. Türkiyənin mövqeyi məlumdur, bəs ABŞ bölgədə sülhün əldə edilməsinin yolunu nədə görür?
- Qərb üçün əsas prioritet ondan ibarətdir ki, harda mümkündürsə, Rusiyanı sıxışdırıb oradan çıxarsın. Azərbaycan və Türkiyənin son dörd ildə atdığı addımlar Rusiyanın bölgədəki təsir dairəsi və nüfuzunu tarixdə olmadığlı qədər aşağı saldı. Rusiya ötən otuz ildə Qarabağ münaqişəsi üzərindən Azərbaycan və Ermənistana çox ciddi təsir mexanizmləri yaratmışdı. Azərbaycanın işğala son qoyması və öz ərazi bütövlüyünü təmin etməsi bu təsir mexanizmlərini böyük ölçüdə zəiflətdi. Amerika da bundan məmnundur.
ABŞ və bəzi Qərb dövlətlərinin istəklərinin sülhün tezliklə əldə edilməsi və bu münaqişəyə birdəfəlik son qoyulması yönündə olduğunu deyə bilərik, bu istiqamətdə aktivliklərini artırdıqlarını da görürük. Hətta müəyyən “güzəştlər” də var. Yəni əvvəllər israr var idi ki, sənədlər Brüssel və ya Vaşinqtonda imzalansın, indi bu yoxdur. Bununla dünyaya göstərmək istəyirdilər ki, Rusiya artıq heç nəyə təsir edə bilmir. İndi belə bir israr yoxdur.
Bundan sonra Qazaxıstan və Tiflis formatları yaranıb. Görünən budur ki, Qərb bu kimi formatlarda maraqlıdır, yəni hansı məkanda olmasından asılı olmayaraq, sülh müqaviləsi imzalansın, Rusiyanın Cənubi Qafqaza təsirləri azalsın. Qərbin strateji xətti budur, bu, nə Azərbaycan, nə də Ermənistanın mövqeyini dəstəkləməkdir. Bu, Qərbin öz maraqlarının dəstəklənməsidir. Başqa sözlə, ABŞ-nin mövqeyi budur ki, tezliklə sülh olsun və Rusiyanın Cənubi Qafqaza təsirləri azalsın.
- Rusiya yerdəki vəziyyət və reallıqla barışıbmı? Məsələn, uzun illər hər iki ölkəyə “Qarabağ kartı”ndan istifadə edən Moskva indi bu təsirli vasitənin əlindən çıxmasını həzm edibmi?
- Rusiyanın Ukraynaya müdaxiləsi onun kənara təsir imkanlarını kifayət qədər məhdudlaşdırıb. Azərbaycanın çox düzgün strateji hesablama və addımları ona gətirib çıxardı ki, Rusiyanın bəzi məsələlərlə barışmaqdan başqa çarəsi qalmadı.
Azərbaycan və Türkiyənin strateji tərəfdaşlıq və müttəfiqliyi o həddə çatdı, iki ölkənin koordinasiyalı xarici siyasəti elə addımlara söykəndi ki, Rusiya sadəcə buna məcbur oldu. Amma bu o demək deyil ki, bu gün müəyyən məsələlərlə barışan Rusiya sabah bunları gündəmə gətirməyəcək. Son günlərdə bəzi ”pozitiv açıqlamalar”ına baxmayaraq, Rusiya uzun müddət delimitasiya və demarkasiya ilə bağlı susdu. Çünki bu, əllərində olan son vasitə idi, buraxmaq istəmirdilər.
Azərbaycanla Ermənistanın sərhəd məsələsini ikitərəfli formada həll etməsi Rusiyaya sərf eləmirdi. Çünki Rusiya bu prosesdə “əsas moderator” olduğunu düşünürdü. Nəinki xarici işlər naziri Lavrov, hətta Prezident Putinin özü dəfələrlə söyləmişdi ki, əsas, dəqiq xəritələr Kremldədir. Yəni demək istəyirdilər ki, yanımızda oturun, sərhədlərinizi biz çəkəcəyik. Rusiya bunda çox maraqlı idi. Amma İrəvanla Bakının ikitərəfli müzakirələri nəticə verdi, artıq sərhədin bir hissəsi demarkasiya edilib. Bu, çox vacib inkişafdır. Azərbaycan və Ermənistan bu prinsiplə davam etsə, ən təsirli rıçaqlardan biri də, Rusiyanın əlindən çıxmış olacaq.
- Ermənistan baş naziri deyir ki, sülh müqaviləsi və ya çərçivə sazişi hər an imzalana bilər, bütün prinsiplər razılaşdırılıb. Belədirsə, imzalanma prosesi niyə yubanır?
- Mənə elə gəlir ki, texniki detallar və məkanla bağlı məsələ müzakirə mövzularıdır. Məsələn, Qazaxıstanda (Almatı) imzalansa, bundan Ermənistan daxilində Paşinyan üçün problem yaratmağa çalışa bilərlər. Belə bir durumda revanşistlər və müəyyən siyasi qüvvələr müqavilənin bir türk cümhuriyyətində imzalanmasına gərə Paşinyanın üstünə gedəcəklər. Gürcüstanda ola bilər, amma orada daxili siyasi vəziyyət sabit deyil. Hesab edirəm ki, bu və digər səbəblərdən indi məkanla bağlı müzakirələr gedir.
Bəzi texniki detallar da var. Əsas məsələlərdən biri qarşılıqlı iddialardan geri çəkilməklə bağlıdır. Yəni Azərbaycan və Ermənistanın beynəlxalq məhkəmələrdə bir-birlərinə qarşı iddialarından geri çəkilmələri çərçivə sazişində yer almalıdır ki, məsələlər birdəfəlik yekunlaşsın. Elə olmasın ki, sülh və ya çərçivə sazişi imzalansın, bundan sonra davam edən məhkəmə çəkişmələri gərginliyi yenidən artırsın. Yəni gərginliyin aradan qaldırılması üçün qarşılıqlı məhkəmə proseslərinin sonlandırılmasına ehtiyac var.
Azərbaycan tərəfi konstruktiv mövqe tutub. Bizim açıqlamalarımızdan belə məlum olur ki, Azərbaycan bu məsələdə qarşılıqlı addımlar atmağa hazırdır. Ermənistan da hazır olsa, yaxınlarda sülh olmasa da, çərçivə sazişinin imzalanması mümkündür. Hətta düşünürəm ki, noyabra qədər imzalana bilər. Sürprizlərin də olması mümkündür.
Noyabrda Bakıda keçiriləcək COP29-a dünyanın 80-90 ölkəsinin hökumət və dövlət başçıları qatılacaq. Niyə onlardan biri Ermənistan baş naziri olmasın? Bu, iki ölkə arasında normallaşmaya doğru atılmış ən vacib addımlardan biri ola bilər.