İrəvan tələsir, Bakı təmkinlidir - Yarımçıq sülh sazişinə “yox”

4-06-2024, 07:18           
İrəvan tələsir, Bakı təmkinlidir - Yarımçıq sülh sazişinə “yox”
Fikrət Sadıqov: “Ermənistan təminat verməlidir ki, artıq Azərbaycana qarşı ərazi iddiaları yoxdur”

Ermənistan tərəfindən yenidən Azərbaycanla sülh sazişinə hazır olmaq barədə rəsmi bəyanat verilib. Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, “hər gün sülh sazişinin imzalanması üçün əla fürsətdir”. Onun sözlərinə görə, məsələ bundadır ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Paşinyan buna nail olunacağına dair ümidini ifadə edib: “Daha doğrusu, bu razılaşmalar 6 oktyabr 2022-ci ildə Praqada, sonra Soçidə, daha sonra isə Brüsseldə əldə edilib. Sazişin əsas prinsipləri razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır. Hesab edirəm ki, bu işi çox tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi əlavə müzakirə ediləcək başqa bir məsələdir”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın isə son bəyanatı Paşinyanın açıqlaması ilə ziddiyyət təşkil edir və sülh sazişinə zərbə sayılır. Mirzoyan Ermənistan Milli Assambleyasında çıxışı zamanı yenidən Azərbaycanı “Ermənistana qarşı ərazi iddialarında” və, “ambissiyalarda” ittiham edib.

Ekspertlər hesab edirlər ki, belə ziddiyyətli bəyanatlarla rəsmi İrəvan guya ki, tarazlığı qoruyur, ölkədə etirazların daha geniş vüsət almaması üçün siyasi gediş edir. Analitiklərin qənaətincə, Paşinyan “hələlik razılaşdırılmamış məsələlər” dedikdə Azərbaycanın tələblərini nəzərdə tutur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Fikrət Sadıqov deyib ki, sanki Paşinyan tələsir:

- Ona görə tələsir ki, sülhün bir sıra şərtlərinə İrəvan tərəfindən əməl olunmayıb. Məsələn, işğalda olan 8 kənddən hələlik 4-ü qaytarılıb. Amma baxın, Qazaxın 4 kəndinin qaytarılması səbəbindən Ermənistanda hansı qalmaqallar, gərginliklər yaşanmaqdadır. Erməni keşiş camaatı Tavuşdan İrəvana apardı, hərəkat yaratdı, İrəvan küçələrində etiraz aksiyaları, mitinqlər, qarşıdurmalar, həbslər, xəsarət alanlar var. Bir növ, 4 kəndin qaytarılması Ermənistanda siyasi xaos yaratmış oldu. Amma Ermənistanın işğalda saxladığı daha 4 Azərbaycan kəndi var ki, həmin kəndləri də qaytarmalıdırlar. Əlbəttə, Ermənistan rəsmiləri anlayır ki, Azərbaycan qalan 4 kəndin qaytarılmasını da tələb edəcək və buna nail olacaq. Daha sonra Zəngəzur dəhlizinin açılması məsələsi var. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhliz olmalıdır. Düşünürəm ki, bu məsələlər həll olunanadək sülh sazişi imzalanmayacaq. Paşinyan isə tələsir ki, bu məsələlər həllini tapmadan sülh sazişi imzalansın. Məncə, məsələ bu qədər aydındır.

- Ermənistan bu tələblərə, xüsusilə Zəngəzur dəhlizi məsələsinə isti yanaşmır. Demək istəyirsiniz ki, sülh sazişinin imzalanması daha çox yubanacaq?

- Bilirsiniz, Ermənistan tərəfi verdiyi vədlərə, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. 44 günlük müharibədən sonra İrəvan Üçtərəfli Birgə Bəyanata imza atıb. Madam ki, bu sənədə Paşinyan imza qoyub, zəhmət çəksin o sənəddən irəli gələn tələbləri yerinə yetirsin. Azərbaycan tərəfinin mövqeyi bəllidir və bu mövqe sülhdən yanadır. Azərbaycan heç bir dövlətin tanınan ərazilərinə göz dikməyib. Amma İrəvan öhdəliklərinə sadiklik göstərməlidir ki, sülh əldə olunsun.

Hesab edirəm ki, bir sıra problem var ki, onların həlli gündəmdədir və bu məsələləri Ermənistan həyata keçirməlidir.

- Sülh sazişinin mətnində bu məsələlərin, eyni zamanda, Ermənistan Konstitusiyasının dəyişikliyinin həlli məsələsi qoyula bilərmi?

- Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları maddəsi çıxarılmalıdır. Ermənistan indiyədək Konstitusiyasından bu maddəni çıxarmayıb. Ölkənin ali sənədində qonşu ölkəyə qarşı ərazi iddiası qalırsa, Qarabağa iddia hökm sürürsə, bu, sülhə əngəldən biridir. Bunu Ermənistan tərəfi həll etməlidir. Bəli, bu, çətindir, referendum keçirilməlidir, etirazlara sinə gərmək lazımdır. Bunu Ermənistan tərəfi asanlıqla həll edə bilməyəcək, xüsusilə, indiki daxili siyasi vəziyyətin gərgin olduğu dövrdə. Amma bunu yoluna qoymalıdırlar, başqa çıxış yolu yoxdur. Ermənistanın ana qanunu sənədində Azərbaycana qarşı iddialar olmamalıdır. Digər məsələləri bəlkə də qrafiklə həll etmək məsələsi saziş sənədində qeyd oluna bilər. Amma Konstitusiyadan bu maddəni çıxarmasalar, sülh imzalansa da, o sülhün dayanıqlılığına şübhələr qalacaq. Sülh sazişi imzalanırsa, normal, ədalətli prinsiplər orada əksini tapmalıdır. Bir tərəfdə saziş imzalanır, digər tərəfdə Azərbaycana qarşı rəsmi ərazi iddiaları qalırsa, o zaman sülh sazişinə kölgə düşəcək.

- Sizcə, Ermənistan tərəf bunları dərk etmir, yoxsa bilərəkdən dirəniş göstərir?

- Bəlkə də dərk edirlər, sadəcə problemi həll etmək üçün, real addımlar atmaq üçün gücləri çatmır, siyasi iradələri yoxdur. Amma bunun Azərbaycana aidiyyatı yoxdur. Bakı sülh istəyir, amma tələsik, yarımçıq sülh sazişinin də marağında deyil. Biz onları tələsdirmirik, məsələlərini addım-addım, mərhələli şəkildə etsinlər. Ermənistan təminat verməlidir ki, artıq Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Bakının əsas tələbi məhz budur.

- Maraqlı məsələlərdən biri də Paşinyanla xarici işlər naziri Ararat Mirzoyanın bəyanatlarındakı ziddiyyətlərdir. Belə ki, Baş nazir tezliklə sülh sazişinin imzalanmasında maraqlı olduqlarını bildirir, amma Mirzoyan yenə də Azərbaycanı ərazi iddialarında günahlandırır, ittihamlar səsləndirir. Rəsmi İrəvandan verilən ikitirəli bəyanatlar nədən qaynaqlanır?

- Bu o ölkənin xarici işlər naziridir ki, ölkəsi 30 ildən çox Azərbaycan ərazilərini işğalda saxlayıb. Sonda Azərbaycan hərbi yola əl ataraq işğala son qoydu. Eyni zamanda, Mirzoyanın ölkəsi hələ də ana qanununda Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. Belə olan halda, Mirzoyanın bəyanatları gülüncdür. Mirzoyanın Azərbaycanı günahlandırdığı hansı ambissiyalardır, anlamaq olmur. Azərbaycan ərazi iddiası irəli sürmür, haqqı olanı tələb edir. Bu gün 4 kəndimiz hələ də işğal altındadır, Naxçıvana quru əlaqəmiz yoxdur. Bu fonda Azərbaycanı ambissiyalarda günahlandırmaq uydurmadır. Özünə hörmət edən bir siyasətçi belə bəyanatlar verməməlidir. Paşinyan da özündə siyasi iradə tapmalıdır, verdiyi bəyanatlar istiqamətində real addımlar atmalıdır. Komanda üzvlərinə də göstəriş verməlidir ki, belə axmaq bəyanatlarla sülhə mane olmasınlar. Təbii ki, əgər sülhdə maraqlıdırsa.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.