“QƏRB QOŞUNLARI YAVAŞ-YAVAŞ UKRAYNAYA SIZACAQ” – “Bunun səbəbi döyüş meydanında vəziyyətin xilas edilməsidir...”

5-06-2024, 12:58           
“QƏRB QOŞUNLARI YAVAŞ-YAVAŞ UKRAYNAYA SIZACAQ” –
“Bu orduların Ukraynaya girməsi müharibənin bitməsi ilə yekunlaşmalıdır”

Ukrayanadakı döyüş meydanında vəziyyət sabit deyil və müharibənin üçüncü ilində Qərb öz hərbi kontingentinin Ukraynaya göndərilməsi məsələsinin müzakirəsini aktivləşdirib. Xüsusən də Ukraynanın bir neçə qonşusu bu ideyanı dəstəkləyir. Lakin hələlik bununla bağlı NATO-ya üzv ölkələrin yekdil qərarı yoxdur.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Qlavred.info” saytına müsahibəsində “Şimali Avrasiya Transformasiya İnstitutu”nun icraçı direktoru, analitik Volodimir Qorbaç Qərb hərbi kontingentinin Ukraynaya göndərilməsi perspektivindən danışıb.

Həmin müsahibəni qısa ixtisarla təqdim edirik:

- Qərbin hərbi kontingentinin Ukrayna ərazisinə yerləşdirilməsi ilə bağlı qızğın müzakirələrin canlanmasının səbəbi nədir?

- Fevral ayında belə bir variantın hipotetik mümüknülyü barədə Fransa Prezidenti Emmanuel Makronun çıxışı bu müzakirələrə xüsusi rəng qatıb. Əlbəttə, ilk olaraq bu fikir onun Qərb həmkarları tərəfindən qəbul edilməmişdi, amma necə deyərlər, o, ”Overton pəncərəsi”ni açdı və insanlar bu haqda ciddi düşünməyə başladılar. Nəticədə Baltik ölkələri və Polşa bu məsələ üzərində dayandılar və onun rasionallığnı anladılar. Çünki indi söhbət heç də Qərb silahlı güclərinin Ukrayna ərazisində yerləşməsindən yox, bunun hipotetik mümkünlüyündən gedir. Yəni, bu o deməkdir ki, biz bu məsələdə özümüzə məhdudiyyət qoymuruq və qoy, ruslar bununla bağlı narahatlıq keçirsinlər.

Bu məsələnin daha aktul olmasının səbəbi Ukraynanın cəbhədə Rusiya təzyiqinə qarşı dirəniş göstərmə qabiliyyətinə Qərbin şübhə ilə yanaşmasından irəli gəlir. Son aylar ərzində Ukrayanda silah və sursat çatışmazlığına görə Qərbdə düşünməyə başlayıblar ki, əgər ruslar cəbhəni yarsalar nələr baş verəcək. Yəni, Qərbin Ukraynaya qoşun yeritməsinin başlıca səbəbi döyüş meydanında vəziyyətin xilas edilməsinin vacibliyi ilə bağlı ola bilər. Amma əlbəttə, Qərb birbaşa Rusiya ordusu ilə toqquşmağı düşünmür və rusların daha irəli getməyə cürət etməsinin qarşısını almaq üçün Ukraynanın işğal edliməmiş hissəsində yerləşmək istəyir. Bu taktika artıq bir neçə ildir ki, NATO tərəfindən Baltik ölkələrində tətbiq olunur. Rusiyanın 2014-cü ildə başlatdığı müharibədən sonra Baltik ölkələri öz ərazisində alyansın hərbi kontingentini yerləşdirib. Hərçənd ki, onlar rotasiya əsasında yerləşiblər, lakin hər halda rusların birbaşa müdaxiləsini dayandırmaq məqsədilə simvolik olsa da fəaliyyətdədirlər. Çünki Rusiyanın hücumu onun təkcə Estoniya, Latviya və Litva ilə deyil, həmçinin ABŞ, Böyük Britaniya və Almaniya ilə birbaşa toqquşması anlamına gəlir. Ona görə də həmin taktiki fənd Ukraynada da istifadə edilə bilər.


-Bu cür qoşun göndərilməsi nə vaxt və hansı şərtlər daxilində baş verə bilər?

- Bunun üçün Ukrayna tərəfi müvafiq hüquqi şərait yaratmalıdır, Ali Rada Ukrayna ərazisinə xarici qoşunların buraxılması barədə qərar qəbul etməlidir. Bu, xarici orduların Ukraynada yerləşməsinin leqal yoludur. İndi fransız və digər hərbi təlimatçıların gəlişi barəsində danışırlar və bu, normaldır. Həm də Ali Rada səviyyəsində qərara ehtiyac yoxdur, çünki təlimatçılar silahsız və texnikasız gəlirlər. Onlar mütləq birbaşa döyüş fəaliyyətləri ilə məşğul olmaya bilərlər. Məsələn, arxa cəbhədə, tibbi təchizatda, ərazilərin minalardan təmizlənməsində iştirak edə bilərlər. Bu proses hələ ritorik səviyyədə olsa da, prinsip etibarı ilə artıq başlayıb. Ukraynaya irəlidə təlimatçılar və məsləhətçilər gələcəklər, sonra isə nəhayət, bu proses hərbi dəstələrə kimi gedəcək. Məsələn, Belarus ilə sərhədin mühafizəsi üçün xarici hərbi birləşmələr yerləşdirilə bilər. Çünki müharibənin indiki fazasının məntiqi məhz bunu söyləyir.

Ukrayna hakimiyyəti deyir ki, bizim digər ölkələrin silahlı güclərinə ehtiyacımız yoxdur. Zelenski bu barədə dəfələrlə açıq söyləyib. Bəs, əgər Ukraynanın belə bir köməyə ehtiyacı yaranarsa, onda biz nə deyəcəyik? Strateji kommunikasiya nöqteyi-nəzərindən bu, düzgün yanaşma kimi görünmür, amma ola bilər ki, belə bəyanatlar Qərb tərəfdaşlarımızın xahişi ilə edilir.

Yeri gəlmişkən, Qərb siyasi liderləri bu qərarı Rusiyanın döyüş qabiliyyətini nəzərə almaqla verəcəklər. Əgər Rusiya ordusu Ukraynadakı döyüşlərdə halsız vəziyyətə düşəcəksə və onlar Qərb ordularının yeridilməsinə qarşı nəsə etmək qabiliyətindən uzaq olacaqsa, onda hərbi birləşmələri yollayacaqlar. Yəni, vəziyyət elə səviyyəyə kimi yetişməlidir ki, Qərb ordularının Ukraynaya girməsi müharibənin sona çatması ilə yekunlaşsın.

-Faktiki olaraq, əgər Qərbin hərbi dəstələri Ukraynada peyda olarsa, kobud desək, mühafizəylə məşğul olacaqlar. Bəs, müharibə nə zaman bitməyə doğru gedəcək?

- Bu addımlar həmişə hərbi- diplomatik xüsusiyyət daşıyıb. Əgər Ukrayna ərazisində Qərb hərbi qüvvələri barədə siyasi qərar verilərsə, bu, Rusiyaya göndəriləcək diplomatik siqnal olacaq ki, heç kim təslim olmağa hazırlaşmır və Ukraynanın dəstəklənməsilə bağlı istifadə edilən “nə qədər lazımdr” və ya “qalib gələnədək” sözləri boş deyil. Qərb kontingentinin Ukraynada yerinə yetirəcəyi funksiyalar içərisində enerji obyektlərinin, strateji kommunikasiyaların mühafizəsi və sair ola bilər. Bütün bunlar Ukrayna hərbçilərini arxa cəbhədə gördüyü işlərdən azad edəcək və bizim cəbhə boyunca və ya cəbhəyə yaxın gücümüzün artırlmasına gətirib çıxaracaq.

-Polşa və Baltik ölkələri Ukrayna ərazisinə öz qoşunlarının göndərilməsinin mümkünlüyünü bəyan ediblər. Buna cavab olaraq NATO Baş katibi Yens Stoltenberq deyib ki, alyans Ukraynadakı müharibənin iştirakçısına çevrilmək istəmir...

- Rusiyalılar NATO təhlükəsindən danışırlar və alyansa ultimatum da göndərirlər. Amma çox təəssüf olsun ki, bu təşkilat indi elə vəziyyətdədir ki, hərbi qərarları koordinasiya etmək üçün bütün üzvlərin konsensusunu əldə edə bilmirlər. Mən Çin və Rusiya mövqeyini açıq dəstəkləyən NATO və Avropa Birliyi içərisindəki Orbanın Macarıstanını nəzrdə tuturam. Cənubi Avropanın elə ölkələri var ki, Rusiya ilə münaqişəyə girmək və ya bunda iştirak etməyə hazır deyillər. Cəsarətli ölkələr də var. Məsələn, Baltik ölkələri və Polşa üçün təhlükə səviyyəsi İtaliya, Yunanıstan və ya Portuqaliya ilə müqayisədə dəfələrlə çoxdur.

Elə məhz buna görə də müxtəlif fikirlər var və ABŞ-nin seçki ilindəki liderlik böhranı zamanı NATO-nun ümumi qərar qəbul etməsi çox çətin olacaq. Amma NATO ayrı-ayrı ölkələrin ordularından ibarət təşkilatdır və həmin ölkələrin özləri bu və ya digər məsələlər barədə müstəqil qərarlar verə bilərlər. Bu, artıq NATO qalxanı altında əməliyyat olmayacaq. Məsələn, Fransa və ya Polşa silahlı qüvvələri sərbəst hərəkət edəcəklər. İndiki halda Ukrayna NATO üzvü deyil, ona görə də hər bir ölkə Ukrayna ilə bağlı öz istəyinə uyğun hərəkət edə bilər. Əgər ölkələr sonradan alyanısın beşinci bəndini göstərsələr və desələr ki, baxın, Ukraynada yerləşən ordularımıza zərbə vurulur, onda onlara deyiləcək ki, NATO belə bir qərar qəbul etməyib və ona görə də özünüz müstəqil hərəkət edin. Əgər Rusiya Polşa və ya Baltik ölkələrinə zərbə vurarsa, onda bu, NATO-ya hücum kimi qəbul olunacaq.

-NATO Baş katibi müəyyən şərtlər daxilində Ukraynaya qoşun yeridilməsinə göstəriş verə bilərmi?

- Yox, verə bilməz. NATO Baş katibinin vəzifəsi siyasi nümayəndəlikdır, yəni o, alyansın mövqeyini ifadə edir,ancaq müstəqil siyasi qərar vermir. Avropa İttifaqından fərqli olaraq NATO-nun milli səviyyədə səlahiyyətli nümayəndəliyi yoxdur. NATO-da bütün qərarlar ümumi masa arxasında və bütün üzv ölkələrin ümumi konsensusa veto qoymaq haqqı ilə qəbul olunur.

Qərb strategiyasında ruslarla gərginliyə getməmək, onları nüvə müharibəsi təxribatına çəkməmək nəzərdə tutulub. Böyük ehtimalla Qərb qoşunlarının Ukraynaya məsləhətçi, təlimatçı, tibb personalı, mina təmizləyən, tədris dəstələri qısmində tədrici girişi olacaq. Yəni, Qərb qoşunları süngərin su çəkməsi kimi yava-yavaş Ukraynaya sızacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.