““Medera hospital”ı mən ancaq pis əməllərinə görə tanıyıram” - ETİRAZ

24-07-2024, 18:51           
““Medera hospital”ı mən ancaq pis əməllərinə görə tanıyıram” - ETİRAZ
“Ağadadaş Ağayev telefonla mətbuata danışıb. Gördüm ki, səsi yaxşıdır, gümrahdır. Özü ilə danışa bilməmişəm, telefonu açmır. Ola bilər, istintaq getdiyi üçün deyilib ki, hələ açıqlama vermək olmaz. Mən dünən mətbuata müsahibə verdim, amma hələ heç nəyə baxmamışdım, jurnalistlərdən eşitmişdim. Sonra hadisənin videosuna baxdım, dəhşətə gəldim ki, necə bir biabırçılıq baş verib. Ağadadaş Ağayev xəstə adamdır. Hospitalın qarşısında müəyyən mübahisə olub, axı sonra Ağadadaş maşına tərəf gedir, geri çəkilir. Bu vəhşi isə yenidən onun arxasınca gedir. Amansızcasına! Elə bil faşistdir. Tutaq ki, Ağadadaş heç kim deyil, axı yaşlı insandır, hər gün o hospitala gedir, əməliyyat olunur, müalicə alır. Sən bu adamın səhhətini də, yaşını da, statusunu da bilirsən. Yıxılan adamı təpikləmək... Heç faşistlər də bunu etmirdilər, adamı ayağa qaldırıb sonra güllələyirdilər. Bu insanın vəhşiliyinə mat qaldım. Güman etdim ki, həmin mühafizəçinin bacardığı ancaq qolu zorluluqdur. Yəqin ki, ayrı iş bacarmır, buna görə də gözətçi işləyir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O, məlum hadisə ilə bağlı videonun yayılmasına da etiraz edib: “Polisdən icazəsiz videonu kim yayıb? Cinayət Məcəlləsinə uyğun olaraq "MedEra Hospital"ın işi mütləq araşdırılmalıdır. Çünki o hospitalın adının dəfələrlə cinayət məsələlərində, rüşvətxorluqda, kobudluqda hallandığının şahidi olmuşam. Bu hospitalı mən ancaq pis əməllərinə görə tanıyıram. Hadisə isə son pik hədd oldu. İş işdən keçəndən sonra deyirlər ki, guya mühafizəçinin bunlara dəxli yoxdur. Necə dəxli yoxdur ki, hospitalın qarşısında dayanıb? Ola bilər, əmək müqaviləsi bağlamayıblar, buna görə belə deyirlər. Elə bu da bir inzibati xətadır. Polis orqanları bu məsələ ilə ciddi maraqlanmalıdır. Yəqin ki, detallı araşdıracaqlar. Videonu yayan şəxsi də mütləq tapmalıdırlar. Həm də adımıza ləkədir, çünki düşmənlər də baxır. Ağadadaş videoda qulağı sarıqlıdır. Ankoloji xəstəliyi bir yana qalsın, hadisədən əvvəlki gün mühafizəçinin gözü qarşısında qulağından əməliyyat olunub. Sonra verilişlərdən birində "MedEra Hospital"ın açıqlamasını eşitdim. Elə danışdılar ki, guya heç nə baş verməyib, bütün bunlar hospitalın gözü qarşısında olmayıb. Videoda da görürük, hətta mühafizəçi ilə Ağadadaşı ayıranlar da “xala xətrin qalmasın” deyə ayırırlar. Bu vəhşi yenidən Ağadadaşın üstünə cumur. Mən orada olsaydım, baltanı onun başına çırpardım ki, ay bala, daha bu adam yıxılıb də, hara üstünə gəlirsən? Yenidən Ağadadaşın başına təpik vurmaq... Çox vaxt deyirik ki, Azərbaycan mentaliteti, müsəlman mədəniyyəti. Mən bunu nə azərbaycanlıya oxşatdım, nə də müsəlmana. O adamı tanımıram, amma hərəkətləri ilə bunu göstərdi. El dili ilə desək, yəqin ki, onun cavabından Ağadadaş dəli olub. Mühafizəçidən xahiş edib, tibb bacısını dəvət etsin, o da elə cavab verib ki, Ağadadaş ev paltarında, ayaqyalın gəlib. Xəstə, ağrılar içində qovrulan adama elə söz deyilsə, onun halını təsəvvür edin”.

B.Vəziroğlu sosial şəbəkələrdə mühafizəçini müdafiə edənlərə isə belə cavab verib: “Videoda da görünür ki, Ağadadaş baltanı uzaqdan atır. Hiss olunur ki, hədə-qorxu gəlmək üçün edib. İstəsəydi, gəlib elə yaxından baltanı mühafizəçinin təpəsinə çırpardı. Bu nüansı nəzərə almaq lazımdır. Baltanın atılmağı öldürmək cəhdi deyil. Öldürən adam 50 metrdən balta atar? Yəqin ki, affekt halında olub, qapının ağzında əlinə balta keçib. Atıb ki, hirsini soyutsun. Əlindəki daş, ağac parçası da ola bilərdi. İnanmıram ki, Ağdadaşın düşünülmüş şəkildə öldürmək cəhdi olub. Çobanlar qoyunu qaytarmaq üçün çomağı atırlar, Ağadadaş da baltanı o tərzdə atıb. Əhmədin hadisəsində gördük, necə planlı şəkildə ailə üzvlərini baltaladı. Böyük ssenari qurmuşdu. Bu hadisədə isə ssenari yoxdur. Ağadadaşı 50 ildir, tanıyıram. Hətta o, məclislərdə davaları yatırdan tərəf olub. Kiminsə sözü düşəndə zarafata salıb. Onun yaxşı yumor hissi var”.

B.Vəziroğlu Ağadadaş Ağayev barəsində yayılan xəbərlər arasında onun içkili vəziyyətdə yıxılıb qulağını yaralaması iddialarını da cavabsız qoymayıb: “Ağadadaş necə içə bilər? Cavanlığında içirdi, o da yalandan içənlərə qoşulurdu. İndi xəstədir, içməyə halı var? Yazırlar ki, içkili olub. İçkili halda yıxılan adamın qulağı, ayağı sınır, qolu burxulur? Tutaq ki, belə bir variant var, qulağı niyə elə olsun? Yəqin, ya yara çıxıb, ya nəsə dəyib əzilib. Hamısı araşdırılmalıdır. Yazılanlara inanmıram. Bu adam gecə-gündüz dərman içir. Dərmanla içki uyğun gəlmir. Hamısı nağıldır. Hələ mühafizəçi polisə birinci müraciət edib. Təcavüzkar! Yəqin ki, onu başa salıblar. Düşünürəm ki, "MedEra Hospital" özünü sığortalamaq üçün tez mühafizəçini polisə göndərib. Çünki biliblər ki, bəlanın kölgəsi birinci hospitalın üstünə düşəcək. Ayırmaq istəsəydilər, ürəkdən ayırardılar. Yalandan yox. Sonra mühafizəçini buraxırlar ki, yenidən Ağadadaşı təpikləsin. Əlini qaldırıb, təslim olan adamı o cür vəhşicəsinə döymək, işgəncə vermək olmaz. Birincisi, bu, Allaha da xoş getməz. Düşünürəm, polisə də xoş getmir. Çünki məsələ çox böyüyüb. Ağadadaş sıradan adam deyil. O, Vətəninə, dövlətçiliyinə sadiq, dostluqda da möhkəm insandır. Kim bilməsə də, mən bunu bilirəm. Artıq cinayət işi açılıb, inanıram ki, əsl cinayətkar məlum olacaq”.

O, Ağadadaş Ağayevin hazırda harada olması barədə suallara da aydınlıq gətirib: “Rəsmi məlumat belə oldu ki, Cəlilov saxlanılıb. Ağadadaşı niyə saxlasınlar? Döyülən, yerdə köməksiz, çarəsiz vəziyyətdə qalan Ağadadaşdır. Axı heç saxlanılması barədə məlumat da yoxdur. Mən də hər şeyi mətbuatdan oxuyub, analiz edirəm. Cinayət işinə görə, ictimai təhlükəsi olan adamı həmin dəqiqə saxlayırlar. Ağadadaş harada ictimai təhlükə törədir ki? İstənilən vaxt gedib ifadə verəcək. Hüquq-mühafizə orqanları nə qərar çıxaracaqsa, o da olacaq. Telefonla danışıbsa, deməli, evdədir. “Türmə”dən telefonla danışmırlar ki”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.